National Endowment for Democracy: çevriliş və xaos generatoru - TƏHLİL

10-06-2015, 11:32           
National Endowment for Democracy: çevriliş və xaos generatoru - TƏHLİL
2000-ci ildə Miloşeviç Serbiyasının bombalanmasından tutmuş bu gün Ukraynada yaşanmaqda olan vətəndaş müharibəsinə kimi bütün qlobal əhəmiyyətli və həm də faciəvi hərəkatlarda NED-in barmağı görünür

Son günlərin müzakirə mövzuları arasında yenə də Azərbaycanla bağlı dinləmələr var. ABŞ-da, Avropada, hələlik məlumat olmasa da, mümkündür ki, haradasa Afrikada da belə bir müzakirə təşkil edilə bilər. Amma bütün bunların bəlli bir mərkəzdən idarə edilməsi şübhəsizdir.

Dünya ölkələrində son 25 ildə baş verən istənilən inqilabi və kataklizmlərlə müşayiət edilən hadisəni azacıq araşdıranda altından həmin mərkəz çıxır. Bəzən qabarıq və açıq şəkildə, bəzən də pərdə arxasında olmaqla.

O mərkəzin adına NED deyirlər. Öz maliyyəsini ABŞ dövlətindən alan bu təşkilatın adı National Endowment for Democracy, yəni Demokratiyaya Dəstək Milli Fondu kimi təqdim edilir. 2000-ci ildə Miloşeviç Serbiyasının bombalanmasından tutmuş bu gün Ukraynada yaşanmaqda olan vətəndaş müharibəsinə kimi bütün qlobal əhəmiyyətli və həm də faciəvi hərəkatlarda NED-in barmağı görünür.

NED-lə bərabər bir də IRI (International Republican Institute) – Beynəlxalq Respublikaçılar İnstitutu və NDI (National Democratic Institute) – Milli Demokratiya İnstitutu da belə hərəkatların hərəkətverici (və əlbəttə ki, pulverici) qüvvəsi kimi çıxış edir.

Adı çəkilən təşkilatların hər üçü qeyri-hökumət təşkilatı kimi qələmə verilir. Özü də ABŞ hökumətindən asılı olmayan. Amma pulu birbaşa və dolayısıyla o hökumətdən alırlar. Di gəl ki, bu qədər açıq şəkildə konkret dövlətə bağlı olan bu təşkilatlar başqa ölkələrdəki konkret sahəylə məşğul olan QHT-ləri öz dillərində GONGO (Government Organized Non-Governmental Organization – “hakimiyyət QHT-ləri”) adlandırır, beynəlxalq müstəvidə gözdən salmağa çalışırlar. Maraqlıdır ki, bu cür gözdənsalmanın qarşılığında heç bir başqa beynəlxalq qurum nə NED, nə IRI, nə də ki, NDI-ın yadına salmır ki, onlar özləri ABŞ dövlətinin birbaşa himayəsindədir. Yəni əsl GONGO özləri olduğu halda, hansısa uzaq bir ölkədə obyektivliyini qoruyub saxlayan (əslində, bu üç ABŞ təşkilatının təlimatlarına boyun əyməyən) qurumlar dərhal gözdən salınır, onlar haqqında mənfi rəy yaradılır. Hətta uzun müddət işbirliyində olduqları təşkilatlar belə hansısa mərhələdə öz ölkələrinin hakimiyyətlərinə qarşı radikallıqdan imtina edərsə, dərhal GONGO kimi qələmə verilməklə onların beynəlxalq əlaqələrinin əngəllənməsi üçün düyməyə basılır.

Bəs, öz ruhunu bu ABŞ GONGO-larına satmış QHT-lər nə edir və ya nəyə nail olur? Yaxud da onların öz ölkələrinə verdikləri “töhfələr” nədən ibarət olur?

Bu sualların cavabı üçün 1990-cı ildə ABŞ-ın açıq təcavüzünə məruz qalmış İraqdan başlayıb ta bugünün Suriyasına qədər gəlmək olar. “Töhfələrin” nədən ibarət olmasını axtarmaq üçünsə, elə də cəhd göstərməyə gərək yoxdur. Çünki hər şey o qədər aşkardır ki, dünyadan xəbəri olmayanlar belə onu görə bilir.

Azərbaycana daha yaxın, durumu da Azərbaycanla bənzər olan bəzi ölkələrin NED və digər iki təşkilatın sayəsində hansı “uğurlara” sahib olduğunu görmək, yəqin ki, yetərli olacaq.



Separatizm və vətəndaş müharibəsindən əziyyət çəkməkdə olan Serbiyanın başına gətirilənlər, yəqin ki, az-çox siyasətlə maraqlananların yadında olar. 2000-ci ildə ABŞ-ın başçılığı altında NATO təyyarələri Belqradı bombalayaraq burada rejim dəyişikliyinə nail oldu. Serbiya çökdürüldü. Görüntüdə bu, belə idi. Amma əslində NED və onun kimi təşkilatlar buna qədər Serbiya siyasi fəallarını əməlli-başlı silahlandırmışdı. Bunlar odsaçan deyil, “dinc” silahlardı. Davamlı olaraq serb gənclərinə “dinc inqilab” dərsi keçən ABŞ başbilənləri on minlərlə şəxsi divarlara şüarlar yazmaqdan tutmuş vərəqələr paylamağa qədər əməllərə alışdırmışdı. Bu yolla da istəyirdilər ki, ölkədəki Rusiyayönlü rejimi devirib yerinə amerikapərəst qüvvələri gətirsinlər və həmin ölkəni rahat idarə edə bilsinlər.

Devirdilər də. Amma planlaşdırdıqları kimi dinc yolla deyil, göydən yağan bombaların köməyi ilə. Bəs, sonra nə oldu? Sonra da Serbiyaya olan oldu.

Ölkə Kosovo bölücülüyü qarşısında duruş gətirə bilmədi. Çünki NATO açıq şəkildə silahlı müdaxilə və dəstək verməklə Kosovonun tam şəkildə Serbiyadan qoparılmasını təmin etdi. Hadisələr faciəvi xarakter aldı. Bəs axı bunların dərdi sadəcə demokratik, plüralist cəmiyyət idi? Nə oldu ki, o məsələlər arxa plana keçdi, Kosovonun “azadlığı” ön plana çıxdı? Bəs bundan Serbiya dövləti nə qazandı? Təbii ki, itkidən başqa heç nə. Torpaq itkisi hər bir dövlət üçün ən ağır itkidir. Kim bilməsə də bunu azərbaycanlılar çox yaxşı bilir.

Serbiyaya “demokratiya” gətirmək üçün on minlərlə serb gəncini təlimdən keçirən NED və kompaniyası sonda gizli məqsədini gerçəkləşdirdi: Serbiyanı parçaladı! Demokratiya uğrunda çarpışdığını iddia edən NED-ə satılmış serblərsə məsələnin əsl mahiyyətini anlayanda artıq gec idi. NATO-nun nəzarətində olan Kosovo 2008-ci ilin fevralında özünün müstəqilliyini elan etdi, Avropa Birliyi ölkələri başda olmaqla bir çox dövlətlər dərhal da bu müstəqilliyi tanıdı.

NED Serbiya əməliyyatıyla paralel şəkildə Gürcüstan, Azərbaycan, Qırğızıstan, Ukrayna üzərində də iş aparmaqdaydı.

2003-cü ildə ABŞ-ın həvəsləndirdiyi 36 yaşlı Mixeil Saakaşvili və tərəfdarları heç kimin gözləmədiyi halda dünyaca ünlü Gürcüstan prezidenti Eduard Şevardnadzeni bir neçə saatın içində devirdi. Bu çevriliş o qədər ani oldu ki, bölgədə əsas söz sahibi olan Rusiya belə göz açmağa imkan tapmadı. Artıq 2003-cü ilin noyabrından Gürcüstan yaxın qonşusu Rusiyanın başağrısına çevrildi. Təbii ki, ABŞ-ın təhriklərilə. Üstəlik, Serbiya kimi burada da bölücülər iş başındaydı. Abxaziya və Cənubi Osetiya Tiflisin hakimiyyətini tanımır, açıq şəkildə özlərini Gürcüstana qarşı qoyurdular. 2004-cü ilin prezident seçkisində qalib gəlmiş Saakaşvili isə ABŞ-a güvənərək qərarlar verirdi. İddiası da bu idi ki, ölkənin ərazi bütövlüyünü təmin edəcək. Bu işin içində, əlbəttə ki, yenə də NED və digər təşkilatlar, eyni zamanda onların həndəvərində olan başqa qurumlar da vardı.

Saakaşvili arxasında olduqlarını sandığı ABŞ-a o qədər arxayın idi ki, özü də artıq səhvlərə yol verirdi. 2008-ci ilin avqustunda Abxaziya və Cənubi Osetiya bölücülərinə qarşı açıq müharibənin alovlandırılması isə bu səhvlərin ən böyüyü idi. Təbii ki, Cənubi Qafqazdakı bütün proseslərdə əsas rol oynamaqda olan Rusiya dərhal hərəkətə keçdi, rus tankları Tiflisin 30 kilometrliyinə qədər gəlib çıxdı. Abxaziya, Cənubi Osetiya mövqelərini daha da möhkəmləndirmiş oldu. O qədər ki, onların bir daha Tiflisin nəzarətinə keçəcəyi hətta mümkünsüz görünür.


Hadisələr Rusiyanın Tiflisi cəzalandırması kimi görünsə də, unudulmamalıdır ki, bu həm də Kosovonu Serbiyadan qoparmış Qərbə dirsək göstərmək idi. Serbiya günü bu gün də Avropanın mərkəzində Rusiyanın forpostudur və ona sataşanlar bir gün əvəzini almalıydılar. Bu əvəz Gürcüstanın hesabına olmaya da bilərdi. Amma ABŞ-ın həvəsləndirib arxasında durmadığı Saakaşvili özü də bilmədən Rusiyanın əlinə oynamış oldu.

ABŞ isə baş verənlərlə bağlı bəyanatlar yaymaqla kifayətləndi. Gürcülər, elə Saakaşvilinin özü də sadəlövhcəsinə gözləyirdi ki, NATO onları müdafiə edəcək. Amma olmadı. İraqda ildırım sürətli hücumlara dərhal qərar verməyi bacarmış ABŞ və Qərb koalisiyası Gürcüstanı taleyin (Rusiyanın) öhdəsinə buraxdı. Təbii ki, NED və çevrəsi də sükutu qorumağa üstünlük verdi...

Sonrakı proseslər isə hətta Saakaşvilinin özünün ölkəsindən didərgin salınmasına gətirib çıxardı. Bu gün Saakaşvili öz vətəninə ayaq basacağı anda həbs ediləcək. Bu durumu da ABŞ həll edə bilmir.

Bütün bunlardan Gürcüstanın qazancı nə oldu? Serbiyanın qazancı kimi bir şey: ölkə torpaq itkisilə üzləşdi, vəd edilən iqtisadi inkişafın əsər-əlaməti isə hələ də görsənmir...

Gürcüstanla paralel şəkildə NED-in daha bir dayanacağı Ukrayna idi. Bu ölkədə də Serbiyada olduğu kimi gənclər səfərbər edilir, yeni təşkilatlar qurulur, ölkə inqilaba hazırlanırdı. Yaxın tarixə aid bu inqilabın sonda ölkəni hazırkı duruma sürükləyəcəyini, açığı, proqnozlaşdırmaq çətin idi. Ekspertlərə görə, Ukrayna azad və demokratik bir ölkə kimi ayaqda dura biləcək, Qərb də ona yardımçı olacaqdı. Ölkənin bu gün üzləşdiyi bölücülüyü, Krımın birdəfəlik itiriləcəyini isə heç kim ağlına gətirmirdi.

Narıncı inqilabın lideri, ABŞ-ın arxasında durub Ukrayna prezidentliyinə yüksəltdiyi Viktor Yuşşenko ona vəd edilən dəstəyi almayınca ölkəsi yeni təlatümlər yaşamalı oldu. Nə iqtisadi, nə də digər sahələrdə ölkədə müsbət dəyişikliklərə nail ola bilmədiyi üçün o, artıq növbəti prezident seçkisində təbii şəkildə uduzdu. Ukrayna narıncı inqilabdan öncəki nöqtəyə qayıdıb qaldığı yerdən davam etməli oldu. Yəni ABŞ-ın boş vədləri bu ölkənin daha 4 ilini itirməsinə səbəb oldu.

Yenə də NED, yenə də onun çevrəsindəki məlum təşkilatlar proseslərin arxasındaydı. Və bu gün də arxasındadırlar. İddia edirlər ki, Ukrayna xalqına demokratiya gətirirlər. Gətirdikləri “demokratiya”, qeyd edildiyi kimi, Krımın itirilməsinə, artıq 7 min can almış Donbas bölücülüyünə səbəb olub...

Ukraynaya təkrar vəd edilən dəstək isə hələ də gəlib çatmayıb. Avropa Birliyi, ABŞ ayrı-ayrılıqda, bəzən də birlikdə müzakirələr aparır, Rusiyanı küncə sıxdıqlarını iddia edir, amma olan yenə də sadə Ukrayna vətəndaşına olur. Anlaşılması çətin olan isə budur ki, niyə ukraynalılar bu yalan vədlərə təkrar aldandılar?


Yeri gəlmişkən, Ukraynaya yolu düşənlər hava limanlarında sərnişinləri əli silahlı, uniformalı əsgərlərin yoxlamasını müşahidə edə bilər. O gözəl Ukrayna indi bu haldadır. Həm də bu halın sonu yaxın perspektivdə görünmür.

2004-cü il narıncı Ukrayna inqilabının ardınca NED və “əqidədaşları” Qırğızıstanı hədəfə aldı. Daha doğrusu, buradakı hazırlıqların sona çatdırılması, onsuz da iqtisadi çətinliklər içində üzən bu kasıb Orta Asiya ölkəsini daha bir kataklizmə sürüklədi. Növbəti dəfə inqilab baş verdi.

Bu arada bir haşiyə çıxıb qeyd etmək olar ki, 2004-cü il Ukrayna narıncı inqilabı zamanı Qırğızıstanla bağlı proqnozlar, paralel şəkildə Azərbaycan haqqında da fikirlər səsləndirilirdi. Hətta iddia edilirdi ki, növbəti inqilab Azərbaycanda olacaq.

Amma 2005-ci ilin yazında Qırğızıstanda prezident Askar Akayev devrilmiş, yeni qüvvələr hakimiyyəti ələ keçirmişdi. Onsuz da kasıb olan, aclıq və səfalətin, vətəndaş itaətsizliyinin hökm sürdüyü bu uzaq Orta Asiya ölkəsi növbəti dəfə daha da geri atılmışdı. Düzdür, o zaman iddia edilirdi ki, Qırğızıstan inqilabı məsələsində Rusiya ABŞ-ı qabaqlayıb. Amma istənilən halda işin içində NED və çevrəsi vardı və bundan qırğız xalqı nəinki fayda görmədi, əksinə, yeni faciələr yaşadı.


2005-ci il inqilabından sonra da Qırğızıstanda özbəklərlə qırğızlar, qırğızlarla ahıska türkləri arasında silahlı və qanlı qarşıdurmalar yaşandı ki, ölkə bu gün də onların yaralarını sarımaqla, vətəndaş sülhünə nail olmaq üçün enerji xərcləməklə məşğuldur. Serbiya, Gürcüstan və Ukraynada olduğu kimi burada da NED-in “demokratiya” istəkləri vətəndaş qarşıdurması, bölücülük və iqtisadi geriləməyə səbəb oldu.

Təbii ki, Azərbaycan da NED-in bu planları içindədir. O dönəmdə də belə idi, indi də belədir. Amma tək bir fərq var: Azərbaycana rəhbərlik edən şəxs və onun komandası, eyni zamanda ölkənin mənafelərini düzgün müəyyən etməyi bacaran media və QHT sektoru, kiçik istisnalarla siyasi müxalifət NED-in əsl mahiyyətini və istəklərini anladığı üçün avantüralar alınmır. Avantüraların alınmaması ona gətirib çıxarıb ki, Azərbaycan vətəndaş qarşıdurması mərhələsini çoxdan arxada qoyaraq vətəndaş sülhünə nail olub, alışmaqda olan yeni separatizm ocaqlarını söndürməyi bacarıb, Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ və ətraf bölgələrdəki durumun daha da pisləşməsinin qarşısını ala bilib. Bunun bir səbəbi ölkədə güclü və sabit hakimiyyətin olmasıdırsa, digər səbəbi də Azərbaycan xalqının hakimiyyətə inamı, eyni zamanda Serbiya, Gürcüstan, Ukrayna və Qırğızıstanın başına gələnlərdən dogru-dürüst nəticə çıxarılmasıdır. Bu ölkələrlə paralel şəkildə qanların durmadan axdığı İraq, Tunis, Misir, Liviya və Suriya da Azərbaycan xalqının gözü önündədir. Azərbaycan xalqı həm də onu yaxşı bilir ki, o qanların axmasının, o ölkələrin uzunmüddətli vətəndaş qarşıdurması zolağına sürüklənməsinin arxasında NEDkimilərin “demokratiya” oyunları durur...

NED-in paralel fəaliyyəti bununla bitmir. Bu qurum özünün ruporu qismində “Azadlıq” radiosu, eyni zamanda ABŞ-ın nəzarətində olan beynəlxalq qeyri-hökumət təşkilatlarından istifadə edir. Bir tərəfdən özləri, digər tərəfdən də Mərkəzi Kəşfiyyat İdarəsinin qurub uzun illər maliyyələşdirdiyi, sırf təbliğat məqsədlərinə xidmət etdiyi halda azad media carçısı kimi təqdim edilən “Azadlıq” radiosu və ona bənzər “media” qurumları durmadan Azərbaycanın üzərinə gəlirlər. Bəli, durmadan. Ən diqqət çəkən isə odur ki, Azərbaycan 1-ci Avropa Oyunlarına ev sahibliyini daha geniş tanıtmağa başladıqdan sonra NED və onun təbliğat qurumları da getdikcə əsəbləşir, ölkənin üzərinə daha sərt şəkildə gəlməyə çalışırlar. Fəaliyyət növü kimi də ardıcıl “dinləmələr” keçirməyi seçiblər. Amma burda da özlərini ifşa edirlər.

Məsələ ondadır ki, bunların dinləmə dediyi şoular bir qayda olaraq tək tərəfli olur. Hələ bu azmış kimi bu “dinləmələrdə” eyni adamları “dinləyirlər”. Üstəlik, bu adamlar da yeni bir şey demir, eyni fikirləri, eyni ittihamları, eyni qaralamaları təkrarlayırlar. Dəfələrlə belə dinləmələrin tək tərəfli deyil, balanslı təşkili üçün təkliflər də verilib. İttiham edilən, ünvanına olmazın qarayaxmalar səslənən Azərbaycan hakimiyyəti və ya bu məsələlərdə neytral mövqeyi olan şəxslərin də dəvət edilməsi istənilib. Amma neçə müddətdir bu çağırışlar nəinki eşidilmir, ümumiyyətlə iqnor edilir. Belə bir yanaşma nümayiş etdirən NED-lər, “Azadlıq”lar başqalarına demokratiya dərsi keçmək istəyirlər. Ukraynaya, Gürcüstana, Qırğızıstana, Serbiyaya keçdikləri kimi...


Yeri gəlmişkən, həmin qurumların məruzəçiləri də eyni adamlardır. Artıq antiAzərbaycan təbliğatının “yenilməz” əsgərləri kimi çıxış etdiyi heç kimdə şübhə doğurmayan və ayrıca təqdimata ehtiyacı olmayan Kənan Əliyev, Arzu Qeybulla, Riçard Kozlariç, Devid Kramer. Bunların Azərbaycana qara yaxmalarının səbəbi də məlumdur: sadəcə öz mövcudluq formalarını belə seçiblər. Çünki antiAzərbaycan təbliğatında yer almasalar başqa bir işə yaramayacaqlarını bilirlər.

Bu arada onu da əlavə etmək olar ki, Avropa Parlamentində də “dinləmələr” təşkil edilib. Orda da durum eynidir: eyni adamlar eyni məsələlər haqqında danışırlar. Vaxtın seçilməsi də təsadüf deyil. 1-ci Avropa Oyunlarının açılışı ərəfəsinin seçilməsi təbii ki, Azərbaycanın bu böyük və ilk dəfə təşkil edilən idman bayramına ev sahibliyini kölgədə qoymağa, gözdən salmağa hesablanıb. Amma unudurlar ki, onların yalanları elə bura gələn idmançılar və jurnalistlərin durumu öz gözlərilə görməsindən sonra puç olub gedəcək.


APA Analitik Mərkəzi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.