Hacıbala Abutalıbovla bağlı psixoloq açıqlaması - "...bu insanla danışmağın mənası yoxdur"

10-06-2015, 12:53           
Hacıbala Abutalıbovla bağlı psixoloq açıqlaması - "...bu insanla danışmağın mənası yoxdur"
Xəbər verdiyimiz kimi, Bakının “Dostluq” parkı ərazisində qanunsuz tikilmiş villalar musiqi sədaları altında sökülür. Bunun üçün söküntü işləri aparılan əraziyə xüsusi ansambl gətirilib. Hökumət kanalları bu olayı tamaşaçılara aşağıdakı kimi təqdim edir: “Onun ifa etdiyi musiqi nömrələri baş verənlərə təntənə fonu qatır. O da maraqlıdır ki, söküntü işlərinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsən nəzarət edir. Bakı merinin bildirdiyinə görə, sökülən villaların yerində 10 min ədəddən çox ağac əkiləcək”.

Amma söküntü işlərinin musiqi sədaları altında baş tutduğunu izləyənlər üçün bu, daha çox absurd teatrını xatırladır. İnsanlar bu “tandem”də bir fəlsəfə, alt məna axtarmağa çalışsalar da, tapa bilmirlər.

İqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, sökülən villalar təbii ki, sadə insanlara məxsus deyil. Ona görə də ictimai reyd qəzəb doğurmur: “O həddə ki, Hacıbala Abutalıbov musiqiçiləri çağıraraq söküntünü şouya çevirib. Ancaq bu proses Azərbaycanda mülkiyyət hüquqlarına elə bir sarsıdıcı zərbə vurur ki, bunun nəticəsini bir azdan söküntülərə sevinənlər də öz üzərində hiss edəcək”

Amma bu addımın psixoloji kökləri, cəmiyyətə vermək istədiyi mesaj da var. Psixoloq Dəyanət Rzayev “Yeni Müsavat”a açıqlamasında bu hadisəni şərh etdi. Müsahibimiz öncə dedi ki, bir neçə dəfə Hacıbala Abutalıbovla rastlaşıb, söhbət edib: “Murtuza Muxtarov küçəsində bina uçan vaxt idi. Həmin binada anamın evi vardı, binanı uçururdular. Hadisə olanda xaricdə idim, qayıdandan sonra onun mobil telefonuna zəng etdim. Baş vermiş hadisə, o binada yaşayanların taleyi ilə bağlı ondan soruşanda dedi ki, siz qeyri-qanuni tikilən binada ev almısız. Ona dedim ki, ”bir-iki mərtəbə qeyri-qanuni ola bilər. 18 mərtəbə necə qanunsuz ola bilər? Qeyri-qanuni idisə, tikintini dayandırardız". Cavabı belə oldu ki, “bacarmadım, avtomatla saxlayacaqdım tikintini?” Mən ondan sonra başa düşdüm ki, bu insanla danışmağın mənası yoxdur, çünki adekvat deyil".

Müsahibimiz dedi ki, sökülən villaların sahibi ortaya çıxmır. Halbuki Azərbaycan balaca ölkədir və məntiqlə Abutalıbov da o villa sahiblərinin kimliyini bilir: “Bu səbəbdən də villaların sökülməsi prosesini belə şouya çevirir. Onsuz da insanlar gərgindir. Hacıbala Abutalıbov da baş verənlərə hardasa əyləncə, şou qatmaq, gülməli situasiya yaratmaq üçün edib bunu. İnsanlar onsuz da onu ciddi qəbul etmir, ona qarşı aqressiyaları da yoxdur. Əksinə, onun adı gələndə üzlərində bir gülüş əmələ gəlir. Bu çal-çağır aksiyasının səbəbi də insanları şənləndirmək və qıcığın qarşısını almaqdır”.

Bu arada ekspert vurğuladı ki, villaların qanunsuz tikildiyini sübut etmək çətin məsələdir. Onun sözlərinə görə, evin qeyri-qanuni tikildiyi iddia olunsa da, hər kəsin əlində sənəd var: “Bununla yanaşı, o qədər güclü məmurlardır ki, belə villaları təbii ki, sərəncamsız da tikə bilərdilər. Sadəcə, indi ortalığa çıxmağa qorxurlar və çıxmayacaqlar da”.

D.Rzayev dedi ki, əslində H.Abutalıbovun bu jestində alt məna qatı, cəmiyyətə mesaj da var. Onun sözlərinə görə, Bakı meri sökülənlər varlıların villası olduğu üçün belə bir addım atıb: “İnsanlara göstərmək istəyirlər ki, varlıların qanunsuz villalarını çalıb-oynayaraq sökürük. Bu, kasıbların villası olsaydı, belə musiqi ilə etməzdilər. Özü də çal-çağırla... Bir tərəfdən insanlara da mesaj verirlər ki, haqq-ədalət öz yerini tapır. Amma burda bir məqam da var. Deyirlər ki, bu villa məmurundur. Bəlkə heç məmurun deyil, biznesmenindir? İndiki halda isə cəmiyyətdə heç kimi qınamıram. Rüşvət bizim mentalitet üçün normaldır. İnsanlar istəsəydi, rüşvətə qarşı da mübarizə aparardılar”.

Psixoloqun sözlərinə görə, bu aksiyanın H.Abutalıbov tərəfindən edilməsində də maraqlı bir nüans var. D.Rzayev dedi ki, Bakı meri qeyri-ordinar insandır: “Onun adı yada düşəndə qorxu yaranmır. O nə edirsə, yumşaq formada, heç kimi qıcıqlandırmamaq üçün edir. Ola bilər, onun fikridir, elə edib. Başqa bir məmur bunu etsəydi, insanlarda qıcıq yaradardı. Yadınızdadırsa, son yanan binadakı çayçını qucaqlayıb, ”qurban olum sənə, ağlama" dedi. İnsanlar ondan bu cür sözləri, hərəkətləri gözləyirlər. Ona görə də ona qarşı insanlarda aqressiya yoxdur, heç kim də etdiklərinə hirslənmir".(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.