ABŞ və AB-nin İrəvan səfirləri Sərkisyanı faş etdi – ifşa açıqlamaları

3-02-2017, 10:14           
ABŞ və AB-nin İrəvan səfirləri Sərkisyanı faş etdi – ifşa açıqlamaları
Vaşinqton və Brüsseldən İrəvana tərs şillə; Riçard Millzdən sərt xəbərdarlıqlar: “Korrupsiya Ermənistanın milli təhlükəsizliyini təhdid edəcək səviyyəyə gəlib”; “Aprel hadisələri göstərdi ki, Qarabağ məsələsi çözülmədən Ermənistanın inkişafı mümkün deyil”; Avropa Birliyinin İrəvandakı təmsilçisi isə 2017-ni Ermənistanda korrupsiya ilə mübarizədə “dönüş ili” olacağına ümid edir...

Bu günlərdə nüfuzlu beynəlxalq hüquq-müdafiə təşkilatlarından olan “Freedom House”un ötən il üçün hesabatı açıqlandı. Maraqlıdır ki, hesabatda işğalçı Ermənistan “qismən azad” ölkələr sırasında yer alıb. Ən absurdu da elə korrupsiyanın milli təhlükəsizliyi təhdid etdiyi bir ölkənin “qismən azad” ölkə hesab edilməsidir. Bunu təkcə biz demirik - ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz də söyləyir.

Xəbərlərə görə, srağagün Amerika-erməni ticarət palatasında çıxış edən səfir bu qəbildən, faktiki surətdə hakim Sərkisyan rejimini faş edən açıqlamalar verib. Onun bir fikrini yuxarıda artıq diqqətə çatdırdıq. Diplomat həmçinin deyib: “Faciəvi aprel hadisələri bir daha qabarıq şəkildə göstərdi ki, həll olunmamış Qarabağ məsələsi üzündən nə qədər resurslar Ermənistana cəlb oluna bilmir”.

Bununla da səfir işğalçı ölkənin inkişafdan qalması və xarici sərmayələrdən məhrum olmasının əsas səbəbi kimi Dağlıq Qarabağ problemini, yan səbəb kimi isə kriminal Sərkisyan rejiminin korrupsiyalaşmasını göstərib. Etiraf edək ki, sərt qiymətdir. Bunu Vaşinqtonun İrəvana tərs silləsi də saymaq olar.

Daha bir sərt sillə Avropa Birliyindən (AB) gəlib. Belə ki, qurumun Ermənistan nümayəndəliyinin rəhbəri Pyotr Svitalski dünən bəyan edib ki, “Avropa Birliyi 2017-ci ilin Ermənistanda korrupsiya ilə mübarizə ili olmasını arzu edir”. “Biz əminik ki, 2017 bu xüsusda dönüş ili olacaq”, - deyə AB səfiri qeyd edib. Diplomat bundan ötrü vətəndaş cəmiyyətinin səylərinin vacib olduğunu da diqqətə çatdırıb.

*****

Məsələ də ondadır ki, məntiqlə korrupsiya ölkəni və cəmiyyəti sarıbsa, demək, orada şəffaflıqdan, vətəndaş institutlarının nəzarətindən söhbət gedə bilməz. Deməli, təməl insan haqları, ələlxüsus da siyasi haqlar təmin olunmayıb. Elədirsə, təkrar edirik, o zaman Ermənistan necə “qismən azad” ölkə sayıla bilər - üstəlik, o, öz qonşusu Azərbaycanın ərazisinin 20%-ni işğal edib, 1 milyon insanı təbii haqlarından məhrum edibsə?!

Ən önəmlisi odur ki - səfirlər də elə buna işarə ediblər - Azərbaycan ərazilərinin işğalı Ermənistana, erməni xalqına səfalətdən, ilbəil dərinləşən korrupsiyadan, güclənən emiqrasiyadan və hakim klanın varlanmasından savayı heç nə gətirməyib. Həmin açıqlamalarda eyni zamanda belə bir xəbərdarlıq “qırmızı xətt” kimi keçir ki, Dağlıq Qarabağ konflikti çözülmədən Ermənistanda vəziyyət yaxşıya dəyişməyəcək, xarici sərmayəçilər buradan yan qaçacaq, ölkə böyük regional layihələrdən təcrid olunacaq.
Məsələyə erməni təhlilçilərin şərhi də maraqlıdır.
Məsələn, musavat.com-un məlumatına görə, lragir.am saytının təhlilçisi Akop Badalyan bu xüsusda “ABŞ Ermənistan hakimiyyətinin kartlarını açdı” başlıqlı məqaləsində amerikalı səfirə haqq qazandıraraq yazıb: “Riçard Millz səfir təyin olunandan sonra öz fəaliyyətində 4 prioritet haqda bəyan eləmişdi - Amerika-erməni ticari əməkdaşlığının dərinləşdirilməsi, korrupsiya ilə mübarizə, demokratiya və insan haqlarına dəstək və ABŞ-ın xarici siyasət prioritetləri haqda Ermənistanın mütəmadi məlumatlandırılması. ABŞ səfiri Ermənistanın inkişafına maneənin Dağlıq Qarabağ konflikti olduğunu söyləməklə ilk baxışda qeyri-adi bir şey deməyib. Başqa yandan, bu, bir mesajdır ki, situasiyanı düzəltmək və Qarabağ maneəsini götürmək üçün ilk növbədə resurslar həmin 4 prioritet məsələnin həllinə yönəlməlidir”.

Image result for Avropa birliyi

Həm ABŞ və AB rəsmilərinin xəbərdarlıqları, həm də erməni şərhçilərinin etirafından bir daha qənaət hasil olur ki, Sərkisyan rejimi öz hakimiyyət maraqları naminə faktiki surətdə öz xalqını girov saxlamaqda davam edir, onun inkişafına başlıca əngəl olaraq qalır. Əlbəttə ki, tövsiyə-məsləhətlər öz yerində, ancaq obrazlı desək, “Nə qədər mamaça olsa da, güc doğana düşür”.

Yəni erməni xalqı düşdüyü belə acınacaqlı durumla barışmaq istəmirsə, o zaman ilk növbədə özü situasiyanı dəyişməli, Qarabağ ixtilafını - ölkəni inkişafdan saxlayan əsas problemi aradan qaldırıb Azərbaycanla ədalətli sülh anlaşmasına nail olacaq bir siyasi qüvvəyə mandat verməlidir. Həm də tez... musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.