"Jurnalistlər" kafe sahibəsini necə şantaj etdi? - Qazaxda "priton oyunu"
10-03-2017, 00:10
Dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1975-ci il təvəllüdlü Asif Orucov, onunla birlikdə mühakimə olunan Cavid Şirəliyev və Məhərrəm Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
teref.az xəbər verir ki, Asif Orucov Ağstafa rayon Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri təqsirli bilinib. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Mütəşəkkil dəstə
Asif Orucov məhkum olunmasına baxmayaraq, yenidən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını tələb etmə cinayəti törədib.
Asif Orucov tanışları - Cavid Şirəliyev və Məhərrəm Əsgərov ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olaraq qrup yaradıblar. Razılaşmaya əsasən, qrupun üzvü Cavid Şirəliyev 2013-cü ilin iyun ayının təxminən ortalarında Tovuz rayonunun Qovlar qəsəbəsində yerləşən “Tatar” kafesində işləyən Şəfiqə Xankişiyevaya zəng edib.
Cavid Şirəliyev özünü jurnalist kimi təqdim edib və Şəfiqə Xankişiyevanın kafedə fahişəliklə məşğul olduğunu, orada əxlaqsızlıq yuvaları təşkil etdiyini və bu barədə mətbuatda rüsvayedici məlumatlar yazacağını bildirib. Cavid Şirəliyev Şəfiqə Xankişiyevadan 2 min manat verməsini tələb edib.
Sövdələşməyə görə, Asif Orucov Cavid Şirəliyevlə birlikdə 2013-cü ilin iyun ayının təxminən ortalarında Qazax şəhəri, Vaqif küçəsində yerləşən çayxanada eyni məzmunlu məqalə dərc edəcəklərini bir daha Şəfiqə Xankişiyevaya bildirib və ondan hədə-qorxu ilə tələb etdikləri 2.000 manat pulun 700 manatını birlikdə ələ keçiriblər.
Bundan başqa, Asif Orucov tanışı Məhərrəm Əsgərov ilə Şəfiqə Xankişiyevanın işlədiyi Tovuz rayonunun Qovlar qəsəbəsində yerləşən “Tatar” kafesinə gəliblər.
Cinayət işi
Orada Şəfiqə Xankişiyevaya kafenin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqının aparıldığını bildiriblər.
Sonra Şəfiqə Xankişiyevaya cinayət məsuliyyətindən azad olunması üçün köməklik edəcəklərini yalandan vəd veriblər və onu aldadıblar.
2014-cü ilin iyul ayının əvvəllərindən həmin ayın sonunadək olan müddət ərzində Tovuz rayonunun Qovlar qəsəbəsində yerləşən “Tatar” kafesində Şəfiqə Xankişiyevadan 800 manat alıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər.
Cəza
Təqsirləndirilən şəxslərin barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mübariz Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim heyəti təqsirləndirilən şəxslərin barəsində hökm elan edib. Hökmə əsasən, Asif Orucov 6 il 6 ay, Cavid Şirəliyev və Məhərrəm Əsgərovun hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Onların şikayətləri baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. (Teleqraf.com)