“Qrant və şər şəbəkəsi”nin yeni qurbanı: Mehman Hüseynov - Rəqəmlər üzərində manipulyasiya
10-03-2017, 14:05
Söz və ifadə azadlığının qlobal durumunu dəyərləndirən, rəy formalaşdıran beynəlxalq jurnalist təşkilatlarının hesabatlarında maraqlı bir nüans var: bu hesabatlarda faciə qurbanı olmuş, öldürülmüş, həbs edilmiş jurnalistlərin sayı ilə bağlı ciddi şəkildə müxtəliflik mövcuddur. Nüfuzuna görə ilk 5-liyə daxil olan beynəlxalq jurnalist təşkilatlardan biri- Sərhədsiz Reportyorlar (RSF) 2016-cı il üzrə hesabatında göstərir ki, bu il ərzində dünya ölkələrində ümumilikdə 78 nəfər jurnalist qətlə yetirilib. 5-liyə daxil olan digər təşkilatın - Beynəlxalq Jurnalistlər Federasiyasının analoji hesabatında isə, bu rəqəm 111 nəfərlə ifadə olunub. Bu minvalla, 5 təşkilatdan hər birinin hazırladığı hesabata gözucu baxış imkan verir ki, öldürülən jurnalistlərin sayı ilə bağlı rəqəmlər arasındakı müxtəlifliyi görmək mümkün olsun. Hələlik bu müstəvidə daha çox diqqət çəkən Sərhədsiz Reportyorların (RSF) "29 nəfərlik əskiyi” ilə kifayətlənək.
İndi isə həbsdə olan və fəaliyyətinə görə təqib edilən jurnalistlərin siyahısına baxaq. RSF-nin bu məsələyə yanaşması da eyni müstəvidədir. ABŞ-da yerləşən və 5-liyə daxil olan Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (CPJ) göstərir ki, 2016-cı ildə dünya üzrə həbsdə olan jurnalistlərin sayı 259 nəfərə çatıb. Sərhədsiz Reportyorlar (RSF) isə bu rəqəmi 360 nəfərlə ifadə edir. Bu dəfə "qurbanların” sayı azaldılmayıb, əksinə, artırılıb. Ortada 101 nəfərlik fərq var. Maraqlı deyilmi, Sərhədsiz Reportyorların rəqəmlərində belə fərqlilik nədən yaranır?!
Öldürülən jurnalistlərlə bağlı say artımı yox, sayın azaldılması mümkündür: deyə bilərlər ki, "filan hadisə nəzərdən qaçıb, yaxud, araşdırmanı tamamlaya bilməmişik”, ona görə də ölümlə nəticələnmiş filan insident bizim hesabata düşməyib. Həbsdə olan jurnalistlər məsələsində isə, əksinə, vəziyyət fərqlidir. Siyahını nə qədər desən, uzatmaq mümkündür. Buraya peşəkar jurnalistlərlə yanaşı "vətəndaş jurnalistlərin”, bloggerlərin, sosial şəbəkə istifadəçilərinin də adlarını qatmaqla siyahını "n” qədər uzatmaq mümkündür. Məsələn, bir nəfər hansısa kriminal əməlinə görə cəzalandırılırsa, beynəlxalq təşkilatda ehtimal yarana bilər ki, bu cəzalandırma adamın konkret cinayətinə görə yox, hansısa sosial şəbəkədə yazdığı statusa görə baş verir. Başqa məsələdir, sübut etmək olacaqmı ki, bu adam jurnalistdir, ya yox? Sübut edəndə də artıq gec olur: artıq informasiya yayılıb, beynəlxalq rəy yanlış yöndə köklənib. Sərhədsiz Reportyorlar bu variantlardan maksimum yararlanıb, "həbsdə olanlar” siyahısını 111 nəfər artıq, ölənlərinin sayını isə 29 nəfər az göstərib. Yeni sual yaradır: Sərhədsiz Reportyorların (RSF) belə saxtakarlıq etməkdə marağı nədir?!
Sərhədsiz Reportyorları saxtakarlığa vadar edən səbəblər
Kənara getməyək, cavab RSF-nin öz saytında var. Sadəcə bir qədər artıq diqqət yetirmək kifayətdir ki, işin mahiyyəti açılsın. Baxaq: 2015-ci il ABŞ mediası üçün yeni təlatümlü dövrün başlanğıcı oldu. 2015-ci il avqustun 26-da ABŞ-da 2 jurnalist- Alison Parker və operator Adam Wardun qətlə yetirildilər. Bununla da 2010-cu ildən etibarən fəaliyyətinə görə öldürülən ABŞ jurnalistlərinin sayı 8 nəfərə çatdı və ABŞ-da medianın durumuna dair qlobal müzakirələrə yol açdı. Çox maraqlıdır ki, bu faktlar RSF-nin hesabatında yer tutmayıb. Yeri gəlmişkən, bu faktlar 5-liyə daxil olan digər təşkilatların, o cümlədən, BJF-nin hesabatında var. Sərhədsiz Reportyorlar öz hesabatında ABŞ-a aid bölümdə təkcə ölüm faktlarını gizlətməyib, həbslər məsələsinə də eyni kontekstdən yanaşıb. 2015-ci ilin iyununda ABŞ-ın Missisipi ştatında 5 illik həbsə məhkum edilmiş blogger Kleyton Kellinin və digərlərinin adları da RSF-nin siyahısında yoxdur. RSF tərəfindən təqdim edilən və təşkilatın saytında yerləşdirilən siyahıya diqqətlə baxanda, bu boşluğu dərhal görmək olur.
ABŞ-da media ilə bağlı xoş olmayan durum bu gün də davam edir. Beynəlxalq təşkilatlar prezident Donald Trampın mediaya yönəlik siyasətini nəinki ABŞ, ümumilikdə dünyada söz azadlığı üçün təhlükə hesab edirlər. Beynəlxalq təşkilatlar bu amili nəzərə alaraq Trampa qarşı aksiya keçirməyə, mediaya yanlış yanaşmanı durdurmağa çalışdılar. Əlavə olaraq, Avropa İttifaqının prezidenti Donald Task da bəyan edib ki, hazırda Avropa və "Avropa dəyərləri” üçün 3 ciddi təhlükədən biri ABŞ-ın yeni iqtidarıdır. "Avropa dəyərləri” sırasında ilk yeri söz azadlığı tutur və əgər Task ABŞ-ın adını Rusiya və Çinlə eyni siyahıya daxil edib onları "Avropa dəyərlərinə qarşı” təhlükə sayırsa, məntiqlə RSF də fəaliyyətini ilk öncə ABŞ-a qarşı yönəltməlidir. Amma əksinə, RSF nəinki ABŞ iqtidarının söz azadlığına qarşı siyasətini pisləyən prosesdə görünmədi, həmçinin, ABŞ-da baş verən insidentləri gizlətməklə, onu qorumağa çalışır.
Bütün məsələlərin məğzi də buradan başlayır. RSF öz hesabatları ilə təkcə rəsmən maliyyə aldığı ABŞ-ı qorumur. Bu hesabatlarda Ermənistan haqqında da heç nə tapa bilməzsiniz. Çünki, Fransadakı erməni lobbisinin bu təşkilata ciddi təsiri var. Beləliklə, RSF-nin siyahısındakı "ölüm əskikliyi” bu kontekstə bağlanır. RSF maliyyə aldığı, nüfuzundan qorxduğu, maraqlarına xidmət etdiyi ölkələrdə media ilə əlaqəli baş verən hadisələri monitorinqə almır, bu insidentləri siyahısına daxil etmir, onları ictimailəşdirmir. Ona görə də "ölmüş jurnalistlər siyahısında əskiyi çıxır”.
Beynəlxalq jurnalist təşkilatlarının "ilk 5-liyinə daxil olan” RSF və onun ətrafında olan təşkilatlar media, söz və ifadə azadlığı ilə bağlı durumun kəskin pisləşdiyi ölkələri yox, maraqlarına xidmət etdikləri güclərin hədəfində olan ölkələri "monitorinq edirlər”, "jurnalist ölümlərinin çoxluğuna” və "həbsdə olan jurnalistlərin sayına” görə hədəf seçdikləri ölkələri beynəlxalq ictimai rəyin qınaq obyektinə çevirirlər. Onların hədəflərində Azərbaycan da var. Ölkəmizə qarşı işlətdikləri taktikanı təhlil edəndə aydınlaşır ki, özünü beynəlxalq qurum, hüquq müdafiə təəssübkeşi elan etmiş bu təşkilatlar hansı iyrəncliklərə əl atırlar.
Rəqəmlərdə gizlənən həqiqətlər
RSF və ona tay olan təşkilatlar faktları saxtalaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə etsələr də, ümumi fonda bəzi həqiqətlər ortaya çıxır. Yenidən RSF-nin saytına qayıdaq. Jurnalist ölümlərinin sayını göstərən siyahılara diqqət edərkən, ölüm sayının çox olduğu və illər üzrə təkrarlandığı ölkələrin mənzərəsi yaranır: Filippin, Kolumbiya, Meksika, Suriya, İraq, Braziliya, Hindistan, Somali, Cənubi Sudan, Pakistan, Rusiya, Yəmən, Banqladeş və başqaları... RSF-nin saytındakı real rəqəmlərə əsaslansaq, Azərbaycan xəbər istehsalçılarının ölümü siyahısında nəinki ilk beşlikdə, ilk onluqda, hətta əllilik və yüzlükdə də yoxdur. Azərbaycan adı bu siyahılarda yalnız dövlətlərin adlarının əlifba sırasına görə sıralanması ilə görünür. Jurnalistlərin təqib və həbs olunduğu ölkələr siyahısında da durum eynidir. RSF saytındakı rəqəmlər göstərir ki, həbslərin çox olduğu ölkələr Çin (29 nəfər), İran (27 nəfər), Misir (26 nəfər), Vyetnam (15 nəfər), Suriya (24 nəfər), İsrail (nəzarətdə saxladığı torpaqlar), Türkiyə, Rusiya, Eriteriya və digərləridir. Məntiqlə yanaşsaq, RSF və ətrafındakılar öz fəaliyyətlərini bu ölkələr üzərində fokuslaşmalı, beynəlxalq rəyi sadalanan ölkələr üzərinə yönəltməlidirlər.
Amma durum fərqlidir. RSF-nin hədəfində yuxarıda təsvir edilən ölkələr deyil, yalnız Azərbaycan və Türkiyə var. Qeyri-adi görünməsin, RSF-nin qurduğu bütün oyunların kökündə Azərbaycan və Türkiyənin imicinə ləkə vurulması məqsədi dayanır. Oyunlar isə çoxçeşidlidir, təkcə siyahıların saxtalaşdırılması ilə bitmir. Yenidən faktlara dönək.
Özünü blogger elan etmiş Mehman Hüseynovun məhkəmə hökmü ilə azadlıqdan məhrum edilməsinə ilk reaksiya RSF-dən gəldi. RSF-nin "Britaniya üzrə təmsilçisi” Rebeka Vinsent koordinatorluq etdiyi "24 beynəlxalq təşkilatın” birgə bəyanatını yaydı, Mehman Hüseynovun həbsini "söz azadlığının boğulması” kimi şərh etdi. Proseslər son 8 ildə həmişə belə başlayır, eyni ssenari ilə davam edir: Rebekanın koordinator olduğu təşkilat ilk bəyanatı verir, ardınca "Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının Cənubi Qafqaz direktoru Giorgi Gogia işə qarışır. Doğru və yanlış olmasının fərqinə varmadan, məsələ ictimailəşir, sonra proses zəncirvari xarakter alır. Məsələ "qloballaşdığı üçün” ATƏT-in media komissarı, Avropa Şurasının insan haqları komissarı müdaxilə etməli olur.
Rebeka Vinsentin Azərbaycana münasibəti bəllidir. O, 2010-cu ildə formalaşdırılmış "Azərbaycan üzrə beynəlxalq əməkdaşlıq qrupunun”, 2012-ci ildə, Evrovizion dövründə "Demokratiya naminə musiqi”, 2015-ci ildə l Avropa Oyunları ərəfəsində "İdman və İnsan Hüquqları” kimi çeşidli anti-Azərbaycan koalisiyaların koordinatoru olub, ölkəmiz əleyhinə kampaniyaları yönləndirib. Gah "Arikl 19”-un, gah Media Müxtəlifliyi İnstitutunun "təmsilçisi olub”. İndi də RSF-nin Britaniya təmsilçisi kimi çıxış edir. Amma hansı ad altında çıxış edir etsin, yeganə fəaliyyəti anti-Azərbaycan kampaniyalarını yönləndirməkdir. Təbii sual yaranır: bu xanımı 8 il boyunca fasiləsiz anti-Azərbaycan kampaniya aparmağa məcbur edən nədir? Yaxud, beynəlxalq statuslu təşkilatları bir-bir dəyişməsi, ayrı-ayrı təşkilatların təmsilçisi qismində çıxış etməsi nə ilə bağlıdır? Sonuncu sualın cavabı sadədir. Rebeka özlüyündə iz azdırır, beynəlxalq rəyi çaşdırır. Deməsinlər ki, Azərbaycan əleyhinə kampaniyanı Rebeka Vinsentin daxil olduğu bir qrup aparır, desinlər ki, "Arikl 19”, Media Müxtəlifliyi İnstitutu, Sərhədsiz Reportyorlar və başqaları "Azərbaycanda söz azadlığının durumundan narahatdırlar”. Başqa bir məsələdir ki, Rebeka Vinsentin adından çıxış etdiyi "24 beynəlxalq təşkilat” məsələsi də yalnız blefdir, onun ətrafında bu qədər təşkilat və güc yoxdur. Bu, bir taktikadır, bu ad və imicdən beynəlxalq rəyi çaşdırmaq üçün istifadə edilir. Məsələyə başqa bir yazıda aydınlıq gətirəcəyik. İndilik yalnız onu qeyd edək ki, beynəlxalq rəy Azərbaycana qarşı deyil, çünki bunun üçün əsas da yoxdur. Ortada bir qrup şəxsin və təşkilatların oyunu, bu oyunları hazırlayıb icra edən şəbəkə var. Şəbəkəyə prosesi maliyyələşdirən donor institutlardan başlamış, çeşidli ssenarilər hazırlayan institutlara, bu ssenariləri icra edən yerli QHT-lərə qədər çoxsaylı qurumlar daxildir. Bu oyunu çözmək, həqiqəti ortaya çıxarmaq lazımdır ki, əlavə heç kimsə onların qurbanına çevrilməsin.
Qurbanlıqlar yetişdirən mexanizm
Görünən odur ki, şəbəkə üzvləri məqsədlərinə çatmaq üçün təkcə saxta hesabatlar yaymaq, rəqəmləri saxtalaşdırmaqla yekunlaşmırlar. Lazımdırsa, süni qurbanlar hazırlamaq da var təcrübələrində. «Beynəlxalq təşkilatların hesabatlarına görə, bu gün Azərbaycanda 12 jurnalist və bloqqer həbsdədir. Bu, beynəlxalq aləmdə ən yüksək göstəricilərdən biridir” deyə rəy formalaşdırılır. Bu rəqəm reallıqda yoxdur. Yuxarıda beynəlxalq təşkilatların saytlarından sitatlar verdik. Amma bu rəqəm onlara lazımdır, hər necə olursa olsun, bu rəqəm tapılıb düzəldilməlidir ki, say yüksəlsin, Azərbaycan həbsdə olan "jurnalistlərin sayına görə” digər ölkələrdən önə çıxsın, barəsində sanksiyalar tətbiq etmək mümkün olsun. Ən azı, qarşıdan gələn ciddi hadisələrə qədər, məsələn, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün martın 8-9-da Boqotada keçiriləcək toplantısına qədər bu rəqəmi tamamlamaq lazım idi ki, burada Azərbaycanla bağlı müzakirələrə mənfi çalar qatmaq mümkün olsun. Şəbəkənin qurbanlıq olaraq yetişdirdiyi, istifadə etdiyi auditoriya gənclərdir: Mehman Hüseynov kimi. Mehman Hüseynov, sözün həqiqi mənasında uşaqdır. Yaşı, təhsili, təcrübəsi iddialarına adekvat deyil. Xəbər istehsalı sahəsində təcrübəsizdir, hazırladığı materiallarda hüquqi və etik çərçivələri gözləmir. Bunu ailəsi də anlayır. Qardaşı Emin Hüseynovun açıqlaması da deyilənə sübutdur. Emin mətbuat üçün müsahibəsində açıq tekstlə bildirirdi ki, "Mehman bir sıra hallarda çox ciddi səhvlərə, şişirtmələrə yol verir, ümumiləşdirmələrini makroskopik səviyyədə aparır. Çox mümkündür ki, onun ətrafındakılar Mehmanı davakarlığa, toqquşmaya sövq edirlər, onda eyforik durum yaradırdılar”.
Həqiqət də budur: "ətrafdakı düşərgə” Mehmanı səhvlərindən çəkinmək, yanlışlarını düzəltmək şansından məhrum etdi. Hüquq-mühafizə orqanlarının tövsiyələrindən, media ekspertlərinin məsləhətlərindən nəticə çıxarmağa imkan verilmədi. Əksinə, süni qəhrəman obrazı formalaşdırıldı, "beynəlxalq mükafatlara layiq görüldü”, yanlışlarını dərinləşdirməyə sövq edildi. Mehmanın nəinki qardaşı, ailəsi, hətta özü də dərk etsəydi ki, bu qədər yanlışla, səhvlə irəliləmək mümkün deyil, yenə də geriyə dönməsi müşküldür. Çünki qoşulduğu, üzv olduğu, təsirinə düşdüyü şəbəkə buna yol verməz. Şəbəkəyə Mehmanın islah olunması, səhvlərindən nəticə çıxarması, peşəkar jurnalistə və ya standartları, qanunları bilən xəbər istehsalçısına çevrilməsi lazım deyil. Onlara "təqiblər, təzyiqlər altında” olan bir ad, bir imza lazımdır ki, "Azərbaycanda həbsdə olanların sayı 12-yə çatdı” deyə bilsinlər. Bu statistika onlara təkcə Azərbaycana çamur atmaq üçün lazım deyil. "Həbsdə olan jurnalistlərin” say artımı həm də yeni qrant layihələri, maliyyələşmə deməkdir.
Özünü "beynəlxalq təşkilat elan etmiş”, reallıqda isə eyni siyasi şəbəkənin üzvü olan və Azərbaycana qarşı daimi qərəzli mövqe nümayiş etdirən təşkilatların ölkəmiz ətrafında fərqli oyunlar qurmağa çalışması ənənəsi yeni deyil. Bu şəbəkənin üzvləri nəinki baş vermiş hansısa hadisədən istifadə edib anti-Azərbycan təbliğat qururlar, eyni zamanda, özləri müxtəlif təxribatlar törədirlər, qondarma hadisələr yaradırlar ki, "danışmağa söz tapsınlar”, ittiham etməyə əsas yaratsınlar. Bu, köhnə taktikadır və çoxdandır ki, ifşa edilib. Amma təəssüf ki, ifşa edilsələr də, əməllərindən əl çəkmirlər, yeni-yeni təxribatlar törədirlər, yeni-yeni qurbanlar hazırlayırlar. Mehman Hüseynov onların sırasından bir qurbanıdır.
Müşfiq Ələsgərli \\kaspi.az\\