Azərbaycanın ən nəhəng ticarət mərkəzi çökür
11-03-2017, 10:08
“Malın qiymətini qaldırmışq. Amma nə indi sata bilirik, nə də bundan əvvəl sata bilirdik. Bizim yerimizə siz də olsanız, qiymətləri qaldırarsınız. Malı nisyə almışıq. Hamımız da Türkiyədən, Dubaydan, Çindən mal gətiririk. Malı da ancaq dollarla alırıq. İndi isə ziyan eləmişik”.
Bunu istiqlal.az saytının əməkdaşları ilə söhbətində “Sədərək” ticarət mərkəzində ticarətlə məşğul olanlar deyir.
Ticarət mərkəzində mağazaların əksəriyyəti açıqdır, yəni dükanlar bağlanmayıb. Satıcılar normal günlərdə olduğu kimi bu gün də səhər saatlarından mağazalarını açıb. Ancaq 2 saat ərzində bazarda olarkən nadir hallarda alıcı gözə dəyirdi.
Bizim gördüklərimizi elə satıcılar da təsdiqlədi. Satıcılar deyir ki, bazarda gördüyünüz 10 nəfərdən 7-8-i buranın işçilərdir. 1-2 nəfər də mal almaq məqsədi ilə gəlib.
Ticarətçilərin sözlərinə görə, qiymət artandan bazarda demək olar ki, alıcı yoxdur: “Bazarda satış uzun müddətdir zəifləyib. Alıcı yoxdur. Camaatda pul yoxdur. Son üç gündə isə ümumiyyətlə heç kim gəlmir. Aylıq xərclərimizi ödəyə bilmirik. 1130 manat aylıq kirayə haqqı, yəni yerpulu verirəm. Əlavə xərcləri də nəzərə alanda 1500 manatdan çox aylıq xərcim var. Ailəni də dolandırmalısan. Elə qazancımız ancaq yemək-içməyə gedir. Ancaq gündəlik dolanışığımız olurdu. Bundan sonra necə olacaq - bilmirik”.
Ticarətçilərlə söhbətimizdə onu da öyrəndik ki, indi ən çox zərər edənlər böyük topdansatış mərkəzləridir. Satıcılar deyir ki, bu cür ticarətçilərin sayı həddən artıq çoxdur.
Bazara yollanmamışdan əvvəl rəhbərliyin icarə haqlarında satıcılara güzəştlər etdiyini eşitmişdik. Lakin bu deyilənlərin əsassız olduğunu öyəndik. Satıcılar deyir ki, heç bir güzəşt yoxdur. İcarə haqqı əvvəl necə idisə, indi də elədir. Satıcıların sözlərinə görə, sadəcə olaraq vaxtı bir neçə gün uzadıblar və icarə haqqını hissə-hissə alırlar.
“Sədərək” ticarət mərkəzi Azərbaycanın ən başıbəlalı bazarlarındandır. Burada dəfələrlə baş verən müəmmalı yanğınlar, icarə haqlarının bir neçə dəfə süni şəkildə qaldırılması, bazara giriş-çıxışın ödənişli olması ticarətçiləri boğaza yığıb.