Mircəfər Bağırovun güllənmədən öncə SON İSTƏYİ
13-03-2017, 09:12
Şahid Əli Əşrəf Əlizadə – Geologiya-mineralogiya elmləri doktoru, professor, iki dəfə Stalin mükafatı laureatı, Azərbaycan KP MK-nın keçmiş 2-ci katibi, hazırda Türkmənistan Dövlət Universitetinin geologiya kafedrasının müdiri:
“Mir Cəfər Bağırov öz işi və fəaliyyəti barədə kiçicik bir tənqidə də dözmürdü, onun haqqında öz şəxsi fikrini bildirməyə cəsarət edənləri hər cür təqib edirdi. Onu tənqid edənlərə qarşı kinli və amansız olan Bağırov “günah işlədənləri” “yerində oturtmağa” çalışırdı.
Bu hadisə 1947-ci ildə baş verdi. Arvadım Qəmər, onun ögey qardaşı Mustafayev (o vaxtlar dövlət təhlükəsizlik nazirinin müavini işləyirdi) və Mustafayevin arvadı Zina mənim mənzilimdə oturub söhbət edirdik. Otaqda kənar adam yox idi. Hətta qulluqçu da evdə deyildi. Söhbət Bağırovun Zuğulbadakı bağından düşdü. Mən dedim ki, Bağırov evdə yaşamaq barədə özgələrinə ağıl öyrədir, özü isə ölkənin müharibədən çıxdığı indiki şəraitdə nəhəng, çoxlu vəsait tələb edən hovuzlar tikdirir. Neft sənayesi işçilərininsə istirahət evi yoxdur. Bu hovuzların tikintisinə neft sənayesinin materialları sərf olunur. Həmin tikintidə yüzlərlə əsgər tər tökür. Yaxşı olardı ki, onlar Bağırovun bağında hovuz əvəzinə neftçi fəhlələr üçün istirahət evi tikəydilər.
Mustafayev də mənimlə razı olduğunu bildirdi.
Ertəsi gün Mustafayev dövlət təhlükəsizlik naziri Yemelyanovun yanına çağırıldı. Yemelyanov ona bildirib ki, mənimlə olan söhbət ona məlumdur. Mustafayevin dediyinə görə, o, hətta sözbəsöz həmin söhbəti təkrar edib. Biz başa düşdük ki, söhbətimizə hansı vasitəyləsə gizlicə qulaq asıblar.
Yemelyanov söhbətimizin tam mətni yazılmış hansısa sənədi Mustafayevə təqdim edir. Mustafayevsə bunun ciddi repressiyalarla nəticələnəcəyini duyaraq, Bağırov barədə söhbəti qətiyyətlə boynundan atır.
Yemelyanovla söhbətdən dərhal sonra Mustafayev dövlət təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad olunur, sonra isə partiyadan xaric edilir.
Bundan sonra Bağırov mənə Moskvadan zəng vurub “vicdanı ləkəli“ olan Mustafayevlə hər cür əlaqəni kəsməyi və onu evimə buraxmamağı tapşırdı.
Elə həmin 1947-ci ildə həkim Cavadov Moskvaya imzasız məktub yazaraq, Bağırov və Teymur Quliyev barədə bəzi məlumatlar verirdi. Əsasən onu göstərirdi ki, onlar dəbdəbəli həyat sürür, bağ meyvələrinin alverilə məşğul olur və s.
Cavadovun imzasız məktubları Moskvadan Bakıya Bağırovun üstünə göndərildi. Bağırov da həmin məktub müəlliflərini müəyyənləşdirməyi Yemelyanova tapşırdı. Müəyyən olunurdu ki, həmin imzasız məktubları arvadı Firuzənin (Firuzə mənim arvadım Qəmərin ögey bacısıdır) və qayınanası Xavər Rəşidzadənin iştirakı ilə həkim Cavadov yazıb.
Bağırovun göstərişi ilə hər üçü – Cavadov, arvadı və qayınanası Xavər həbs edildi. Həm də Xavəri qabaqcadan düzülüb-qoşulmuş plan əsasında mənim mənzilimdə, qızı Qəməri yoluxmağa gələrkən tutdular.
Qayınanam Xavərin bu şəkildə həbs edilməsi bir daha göstərirdi ki, onun mənzilimdə həbs olunması ilə mənə ləkə atmaq istəyirmişlər.
Bundan sonra mən Azərbaycan KP MK-nın büro yığıncağına çağırıldım. Burada məlumat verən Atakişiyev mənə böhtan ataraq bildirdi ki, bütün imzasız məktublar mənim rəhbərliyim altında yazılırmış və mən buna görə cəzalanmalıyam. Mən imzasız məktublardan xəbərsiz olduğumu qətiyyətlə bildirdim“.
Belə ki, həqiqətən də, belə bir məktub Moskvaya göndərilmiş və Kremldə əyləşmiş M.C.Bağırova qarşı olan müəyyən qüvvələrin siyasi sifarişinə uyğun şəkildə tərtib olunmuşdu. N.K.Baybakov “От Сталина до Ельцина“ kitabının 123-cü səhifəsində qeyd edir: “Stalin M.C.Bağırova qarşı məktubda qaldırılan iddiaların təftişini və buradakı faktları yoxlayaraq, sonra şəxsən özünə bu barədə məruzə etməyi SSRİ Dövlət Nəzarət Komitəsinin sədri Mexlisə tapşırır. Partiya Nəzarət Komitəsinin sədr-müavini Yevdokimovun rəhbərliyi altında böyük briqada Stalinin tapşırığından bir gün sonra gözlənilmədən Bakıya gəldi.
M.C.Bağırov başa düşürdü ki, Stalin belə hallarda adətən çox ciddi cəzalandırır. Ona görə də M.C.Bağırovu hər hansı bir fövqəladə hal xilas edə bilərdi“.
SSRİ dövlət nəzarət komitəsinin sədri Lev Mexlislə M.C.Bağırov arasında ziddiyyət hələ 1942-ci ildən başlayırdı. Belə ki, 1942-ci ildə ali baş komandanlığın Krım cəbhəsi üzrə nümayəndəsi Mexlis hərbi əməliyyatlara rəhbərlik edirdi. M.C.Bağırov Kerç yarımadasındakı hərbi əməliyyatların uğursuzluğa uğramasında və minlərlə azərbaycanlının yarıtmaz hərbi taktika ucbatından məhv olmasında Lev Mexlisi günahlandırırdı. M.C.Bağırov Stalin qarşısında bu barədə məruzə ilə çıxış edir və nəticədə Lev Mexlis Krım cəbhəsindən geri çağırılaraq səlahiyyətləri əlindən alınır.
Mənə (A.M.) elə gəlir ki, M.C.Bağırovun köməyinə burada yenə də L.P.Beriya gəlir.
Ona görə ki, N.K.Baybakov öz kitabında qeyd edir ki, M.C.Bağırov hardansa Yevdokimovun gözəl qadınların aludəçisi olduğunu öyrənir. Yəqin ki, bu mərhəm məsələləri yalnız daxili xüsusi xidmət orqanlarına uzun illər rəhbərlik edən L.P.Beriya bilə bilərdi.
Belə ki, N.K.Baybakov öz kitabında qeyd edir:
“M.C.Bağırov süni surətdə Yevdokimovun Mahaçqalaya gedişini təşkil edir və bu səfər zamanı Bakının gözəl qadınlarından bir nəfər onu müşayiət edir. Bu səfərin səhəri günü artıq Stalinin Kremldəki iş stolunun üstündə Yevdakimovun bu gözəl qadınla intim fotoşəkilləri peyda olur“.
Görünür ki, Beriya, Stalinin stolunun üstündə şəkillərin peyda olmasında Bağırova köməklik göstərir. Stalin bu hadisədən sonra SSRİ Xalq Nəzarəti Komitəsinin sədrini yanına çağıraraq onu möhkəm tənqid edir və partiyanın ciddi məsələlərini Yevdakimov kimi əxlaqsız adama tapşırdığından Mexlisi cəzalandırır. Bu səbəbdən Mexlis bu dəfə də məğlub olur. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Mexlisin bu oyununun iştirakçıları M.C.Bağırovun zəhmindən qurtula bilməyəcəkdilər və məhkəmə materiallarından da biz bunu görürük. Bir müddətdən sonra, ümumiyyətlə, Mexlis, Stalin tərəfindən təqaüdə göndərilir. Bakıda məhkəmə prosesi başladıqda Bağırovun artıq 61 yaşı var idi. İlk günlər sakit görünən Mir Cəfər yenə də temperamentinə uyğun olaraq məhbuslarla ünsiyyətə girir və başına gələn əhvalatları nağıl edirdi. Paradoks ondadır ki, illərlə kommunist ideologiyasının carçısı zindanda tamamilə zindan qanunları ilə yaşayırdı.
M.C.Bağırov və onunla birlikdə həbs olunanlar Dövlət Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında yerləşdirildilər. O günlərdə gənc bir Azərbaycan çekisti kimi fəaliyyət göstərən, hazırda isə ahıl yaşlarında olan Mürvət müəllim öz xatirələrini mənə bu cür danışdı: “Mən o illərdə Dövlət Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında konvoy kimi öz xidməti vəzifəmi icra edirdim. Həmin günlərdə siyasi məhbus kimi Bağırov, Atakişiyev, Yemelyanov, Markaryan, Qriqoryan, Borşev istintaq təcridxanasının kameralarında saxlanırdılar. Bağırov olduğu kamerada hər cür şərait yaradılmışdı. Divar mebeli, işləmək üçün yazı mebelləri qoyulmuşdu. Bağırov səhərdən axşamadək yazı-pozu işləri ilə məşğul idi. Məhkəmə günləri məhbus maşını xüsusi liftlə yerin altına enir və siyasi dustaqları Dzerjinski (indiki Şəhriyar adına) klubunda olan məhkəmə salonuna aparırdılar. Məhkəmə prosesinin sonuncu, yəni, hökm oxunan günü idi. Mən Bağırovun kamerasına nahar yeməyi apardım və ona müraciət etdim: “Məhbus Bağırov, məhkəməyə getməyinizə 30 dəqiqə var, sizin naharınızı gətirmişəm“. Bağırov başını qaldırmadan əli ilə “istəmirəm“ işarəsini verdi. Mən kameranı tərk etdim. Bağırov isə məhkəməyə çox ciddi hazırlaşaraq dayanmadan yazırdı. Mən istər-istəməz bir azərbaycanlı kimi, Bağırovun bu cür yuxusuz gecələr keçirməyinə, dayanmadan işləməsinə, üstəlik, qidalanmamasına yanırdım. Özümlə bacara bilmədim. Nahar yeməyini əlimə götürüb Bağırovun kamerasına girdim və dedim: “Yoldaş Bağırov, məhkəməyə getməyinizə 15 dəqiqə qalıb. Sizin naharınızı gətirmişəm“. Bu dəfə də Bağırov başını qaldırmadan əli ilə mənə “istəmirəm“ işarəsi etdi. Mən yenə kameranı tərk etməli oldum. Artıq siyasi məhbusları məhkəməyə aparan maşın gəlmişdi. Mən hər bir məhbusa məhkəməyə getməklə əlaqədar hazırlaşmalarını xəbərdar etməli idim. Bağırovun kamerasına gedəndə isə ürəyim durmadı, onun nahar yeməyini özümlə götürdüm. Kameranı açıb içəri daxil olub hazırlaşmağı barədə onu xəbərdarlıq etdim. Bağırov mənim əlimdə nahar yeməyini görcək ürəkdən gülməyə başladı. Məni yanına çağırdı və dedi: “Oğlum, səndən çekist olmaz. Ona görə ki, sənin ürəyin kövrəkdir“. Bu sözlərdən sonra Bağırov naharını etdi və məhkəməyə aparıldı. Həmin gün məhkəmədə Mir Cəfər Bağırova güllələnmə hökmü kəsilmişdi. M.C.Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən yeganə bir xahişi olur. Bu xahişi isə müharibədə qəhrəmancasına həlak olan oğlu Mir Cahangirin qəbrini ziyarət etmək istəyi ilə bağlı olur. Məhkəmə heyəti qəhrəmanlıq şücaəti göstərmiş və Lenin ordeninə ölümündən sonra layiq görülmüş Mir Cahangirin qəbrini ziyarət etməyə M.C.Bağırova mane olmur. Məhkəmə qurtardıqdan sonra M.C.Bağırov gözətçilərin müşayiəti ilə oğlu Mir Cahangirin Badamdar qəbiristanlığındakı qəbrinin yanına gətirilir. Mir Cəfər oğlunun qəbrini görcək, məzarı oxşayaraq, onunla danışmağa başlayır. Qurumuş dodaqları ilə oğlunun başdaşından öpür. Bu an onun gözlərindən axan göz yaşları məzarın sinədaşının üzərinə damır. Ani bir səssizlik hökm sürür. Bu səhnədən qəhərlənən hərbi konvoyun (gözətçi) azərbaycanlı üzvləri rus komandirlərdən Bağırova mane olmamalarını xahiş edirlər. M.C.Bağırovun oğlunun məzarı ilə vidalaşması 1 saat 26 dəqiqə çəkir. Sonda o, oğlunun göz yasları ilə islanmış sinədaşından öpərək dərindən ah çəkir və: “Sənin yanında ölmək mənə qismət olmadı“, – deyərək, gözlərini oğlunun məzarından çəkməyərək oradan ayrılır.
(Haşiyə: Onu da bildirmək istəyirəm ki, müharibədə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra SSRİ Ali Sovetinin qərarına əsasən Mir Cahangir Lenin ordeninə layiq görülür və Quba şəhərində ona büst qoyulur. Lakin sonralar Mir Cahangir Bağırovun adı bu büstün altından silinir. İndinin özündə də bu büst Qubanın mərkəzi parklarının birində durur. Lakin təəssüf ki, hələ də bu büstün altında Mir Cahangir Bağırovun adı həkk olunmayıb).
Bizim oxucular üçün qaranlıq qalan şəxslərdən biri də Yuvilyan Davidoviç Sumbatov-Topuridzedir. Bu şəxs üzərində dayanmağımın bir neçə səbəbi vardır.
1956-cı il məhkəməsində ittiham olunan şəxslər içərisində onun adının olmasına baxmayaraq, o, məhkəmə prosesində müttəhimlər kürsüsündə deyildi (xəstə olduğu əsas gətirilmişdi – A.M.).
Sumbatov, Stalinin repressiya siyasətinin ən tüğyan etdiyi dövrdə – 12.01.1937-ci ildən 10.01.1938-ci ilə qədər Azərbaycan Daxili işlər xalq komissarı vəzifəsində çalışmışdı.
Biz gördük ki, Beriya ilə sıx yaxın olan şəxsləri N.S.Xruşşov güllələtdirirdi. Onda sual oluna bilər: necə ola bilər ki, Sumbatov Beriya ilə yaxın olsun və ona toxunmasınlar?
Sumbatov 1923-cü ilin noyabrından 1924-cü ilin oktyabr ayına qədər AzFK-da quldurluqla mübarizə idarəsində şöbə müdiri vəzifəsində işləmişdi. Sonra 1924-cü ilin oktyabrından 1926-cı ilin mart ayına qədər FK-da informasiya-agentura şöbəsinin rəisi, 1927-ci ildən Azərbaycan siyasi idarəsinin informasiya və siyasi nəzarət şöbəsinə rəhbərlik edir. Bu dövrdə M.C.Bağırovun Azərbaycan siyasi idarəsinin rəhbərliyindən kənarlaşdırılması Sumbatovun da taleyində dəyişikliklər yaradır.
Belə ki, Sumbatov Azərbaycan siyasi idarəsindən kənarlaşdırılır və bir müddət – 1929-cu ilə qədər Bakı və Batum gömrük komitəsinin rəisi işləyir. Sonradan Bağırovun vasitəsilə o, Beriya ilə tanış olur. 1929-cu ilin yanvarından Gürcüstan siyasi idarəsinin informasiya-agentura şöbəsinə rəis təyin edilir. Sonra isə may ayında İttifaq Baş Siyasi İdarəsinin Zaqafqaziya üzrə nümayəndəsi, sərhəd və siyasi idarə qoşunlarının idarə rəisi təyin edilir. Görünür, bu təyinatda Beriya ilə Bağırovun çox rolu olur. Belə ki, o, mərkəzdən gələn bütün göstərişləri Zaqafqaziya respublikalarının siyasi idarələrinə ötürən və onlardan siyasi və ictimai proseslərlə əlaqədar əməliyyat məlumatlarını alan mühüm bir fiqura çevrilir. O dövrdəki Azərbaycan rəhbərliyi Bağırov barədə mənfi fikirlərlə dolu məlumatları Moskvaya ötürürdü və bu məsələləri araşdırmaq üçün təhkim olunan orqanlardan ən əsası Siyasi İdarə idi.
Təsəvvür edin ki, Azərbaycan Siyasi İdarəsinin məlumatları isə Sumbatov-Topuridzenin stolunun üstünə qoyulurdu. Belə ki, Azərbaycan Siyasi İdarəsinin rəisi olmuş Novruz Rzayev M.C.Bağırovu həbs etmək üçün Ə.Zizinskidən istifadə etmək istəyirdi. O, Əli bəydən M.C.Bağırovun əleyhinə ifadələr almağa cəhd edirdi. Lakin hətta belə bir ifadə alınmış olsaydı belə, Moskvaya göndərilən bu məlumat Tiflisdə ilişib qalacaqdı.
Artıq 1933-cü ildən M.C.Bağırov Azərbaycan K(b)P MK-ya I katib seçildikdən sonra Y.D.Sumbatov-Topuridze Azərbaycan Siyasi İdarəsinin rəis müavini təyin edilir. 1934-cü ilin fevralından həmin idarənin rəisi, iyul ayında isə Xalq Daxili İşlər Komissarlığının idarə rəisi təyin edilir. 1937-ci yanvarın 12-dən Azərbaycan Daxili işlər xalq komissarı vəzifəsinə yüksəlir. Bu vaxtlar həm Bağırov üçün, həm də Sumbatov-Topuridze üçün çətin dövr olur. Belə ki, birincisi, Moskvadan SSRİ daxili işlər xalq komissarı Yejovun verdiyi əmrə əsasən (o əmri kitabda göstərmişəm – A.M.), təbəqələrə bölünmüş insanlar repressiyalara uğramalı idi. İkinci bir tərəfdən, Moskvada həbs olunmuş Buxarin və Rıkovun ifadələrinə görə, onlarla Zaqafqaziyada yaxın münasibətdə olanlar, yəni Sovet İttifaqında hakimiyyəti ələ almaq istəyənlər həbs olunmalı idilər. Üçüncü bir tərəfdən, sonradan Stalinə müxalif olan Orconikidze tərəfdarları da həbs olunmalı idilər. Belə bir çətin məqamda M.C.Bağırov keçmişi müsavatla, bəy nəsli ilə, çar ordusu ilə, hətta türk ordusu ilə əlaqəli olan insanların böyük bir hissəsini xilas edə bilir. Sözsüz ki, Bağırovun bu canfəşanlığı Moskva tərəfindən cavabsız qalmayacaqdı. Artıq 1937-ci ilin sonlarından başlayaraq, 1938-ci il yanvarın 6-dək SSRİ Daxili İşlər Komissarlığından və ÜİK(b)P-dən komissiya Azərbaycanda əksinqilabi qüvvələrlə mübarizədə respublika rəhbərliyinin fəaliyyətsizliyini, xüsusilə, M.C.Bağırovun özünü yoxlayırdı. Hətta artıq 1938-ci il yanvarın 10-da Y.D.Sumbatov-Topuridze Azərbaycan daxili işlər komissarı vəzifəsindən azad edilir. Artıq növbə Bağırova çatırdı və onu “millətçi sağ təmayülçü və hümmətçi“ kimi əksinqilabi ünsürlərə yardım göstərməkdə günahlandıraraq həbs olunmaq məsələsini Moskvadan gəlmiş komissiya üzvləri gündəmə gətirirlər. Burada bir amili də nəzərdən qaçırmaq lazım deyil ki, bu dövrdə SSRİ Xalq daxili işlər komissarının müavini vəzifəsinə yüksələn L.P.Beriya bu andan sonra artıq Moskvada M.C.Bağırovu xilas etmək missiyasını ardıcıl surətdə həyata keçirməyə başlayır. Belə ki, L.P.Beriya Yejovun göstərişlərinə uyğun həbslərin aparılması və bəzi məqamlarda bu həbslərin əsassız olması, bu əsassız həbslərə etiraz bildirənlərin təqib olunması və bu təqib olunanlardan birinin M.C.Bağırovun olması barədə Stalin qarşısında məruzə ilə çıxış edir. Beriya tərəfindən atılan bu addım Stalində Yejov barədə yığılan siqnalların bir daha əsaslı olduğunu sübut edirdi. Bu da artıq Yejovun sonu demək idi. Yeni təyin edilmiş Xalq Daxili İşlər Komissarının müavini Beriya ilk olaraq bu orqanlardan Yejovun dəstəsinin təmizlənməsi ilə məşğul olur. Bir neçə ay işsiz qalan Sumbatov 1938-ci ildən SSRİ Daxili İşlər Xalq Komissarlığında şöbə rəisi vəzifəsinə təyin edilir. 10 il bu vəzifədə işləyən Sumbatov yalnız Beriyaya əks mövqedə dayanan Abakumov dönəmində SSRİ daxili işlər sistemindən uzaqlaşdırlır. 1947-ci il martın 27-də o, yenidən Azərbaycana qayıdaraq, Bağırov tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin edilir.
Baş tutmamış çevrilişdən sonra 1953-cü ilin iyulun 17-də Y.D.Sumbatov-Topuridze həbs edilir. Onun məhkəmədə iştirak etməməsi isə heç də rəsmi məlumatlarda deyildiyi kimi deyildi. Əslində, M.C.Bağırovun əleyhinə bir kəlmə ifadə verməyən və 1937-38-ci ildə respublikada aparılan həbslərin birbaşa Moskvadan idarə olunduğunu göstərən Y.D.Sumbatov-Topuridze psixoloji və fiziki təzyiqlərə tab gətirə bilməyərək sözün əsl mənasında ruhi cəhətdən sındırılmışdı. 1955-ci ilin iyulundan o, psixiatriya xəstəxanasına göndərilmiş və 1960-cı ildə isə elə bu tibb müəssisəsində də vəfat etmişdi (çox guman ki, onun ölməsinə «kömək» edilmişdi – A.M.).
Adıgözəl Məmmədov, Teleqraf.com