Su neftdən baha olacaq
20-03-2017, 12:00
“Financial Times” Fransanın Suez şirkəti rəhbərinə istinadən yazır ki, insanların, sənayenin və kənd təsərrüfatının tələbləri artdıqca su bir gün neftdən baha ola bilər.
Jean-Louis Chaussade-in Suez firması bu ay General Electric şirkətindən qiyməti 3, 4 milyard avro olan su aqreqatı alıb.
O deyir ki, yaxın gələcəkdə kimya, dava-dərman, mədənçilik və enerji kimi sənaye sahələrinin ən böyük çətinliyi adi su ilə bağlı olacaq.
“Financial Times” qəzetinin “su bir gün neftdən daha bahalı xammal ola bilərmi” sualına cənab Chaussade “bəli” cavabını verib.
Şirkət rəhbəri deyib ki, 2035-ci ildə dünya əhalisinin 40 faizi sudan korluq çəkən ərazilərdə yaşayacaq. Bu isə öz növbəsində sənaye şirkətlərini insanlarla və əkinçiliklə su uğrunda rəqabət aparmağa məcbur edəcək.
“Hökumətlər sənayelərə deyirlər: Buyurun burada işləyə bilərsiniz, amma torpağın altındakı su ilə işiniz olmasın” – deyib Chaussade.
O inanır ki, şirkətlər yaxın gələcəkdə yalnız çirkab sularının təmizlənməsinə və dəniz suyunun duzsuzlaşdırılmasına bel bağlaya biləcəklər.
Chaussade deyib ki, sənayelər üçün su xidmətlərinin 95 milyard avroluq bazarı ildə 5 faiz artımla inkişaf edəcək. Bu, ildə 3 faiz olacaq qlobal iqtisadi artımdan çoxdur.
Lakin “Financial Times” yazır ki, Suez sənaye suları bazarına investisiya yatırdığı bir vaxtda Fransanın enerji qrupu Engie neft, qaz, habelə kömür sənayesini tərk etməyə hazırlaşır.
Məqalədə deyilir ki, hazırda sənayelər qlobal suyun beşdə birindən istifadə edirlər, halbuki insanlar bunun yalnız 5 faizini istehlak edirlər. Suyun qalanı kənd təsərrüfatına gedir.
GE Water şirkəti ExxonMobil, Pfizer və Nestlé kimi şirkətlərin sudan istifadəsini və istehlakını idarə edir.
Bu ABŞ şirkətinin gəlirlərinin yarısı elə Birləşmiş Ştatlardan gəlir, lakin Chaussade deyir ki, sənaye suları üçün əsas bazar inkişaf etməkdə olan ölkələr, o cümlədən, Çindir.
O deyir ki, Çin hökuməti bundan sonra sudan normal istifadə etməyən şirkətlərin bu ölkədə zavodlar tikməsinə icazə verməyəcək.
Maraqlıdır ki, Suez şirkəti GE şirkətinin su aqreqatını Kanadanın Caisse de Dépôt et Placement du Québec pensiya fondu ilə şərikli alıb.
(bbc azəri)