Bacısı ilə evlənən, azərbaycanlıya əsir düşmüş dövlət başçısı – FOTOLAR
23-03-2017, 10:19
Diktatorların şəxsi həyatı ziddiyyətli məqamlarla, təzadlarla zəngin olur. Lakin onlar hər vəchlə sirlərini xalqdan gizli saxlayırlar ki, cinayətlərinin, nöqsanlarının, yol verdikləri səvhlərin üstü açılmasın. Lap elə dünyanın ilk faşist diktaturasının qurucusu, İtaliyaya 30 ildən çox rəhbərlik etmiş Benito Mussolini kimi.
Publika.az İtaliyanın ilk marşalı, dünya tarixinə ilk faşist lideri kimi düşmüş Mussolininin həyatı ilə bağlı bəzi faktları təqdim edir.
Hövsələsiz şagird, “kiçik rəhbər”…
1883-cü ilin iyulunda dünyaya gəlmiş Benito Mussolini hələ erkən yaşlarından davranışı, istedadı ilə həmyaşıdlarından fərqlənirdi. Erkən yaşlarında oxumağa başlayan, skripkada sərbəst ifa edən Benito orta məktəbdə dərslərini həvəslə, əla oxuyurdu. Lakin səbirsiz, özündən tez çıxan idi. Bir dəfə mübahisə etdiyi sinif yoldaşına bıçaq atmışdı. Buna görə məktəbdən qovularaq digər təhsil müəssisəsində təhsil almağa başlamışdı. İpə-sapa yatmayan bu uşağa elə gəlirdi ki, onunla layiqincə davranmırlar.
Atasının hər cür dəstəyi ilə məktəbi bitirərək bir neçə yerdə işləsə də, səbri çatmır, buna görə iş yerlərini tez-tez dəyişirdi. Az sonra Avropa ölkələrinə gəzintiyə çıxdı. Benito yüksək gəlirli iş, ən əsası isə xoşbəstlik axtarışında idi. Sürixdə o, professional inqilabçı Anjelika Balabanova ilə tanış oldu.
Onun yüksək karyeraya yolu jurnalistikadan başladı. Qəzetdəki məqalələri ilə təkcə həmkarlarının deyil, oxucuların da diqqətini cəlb edirdi. Həmkarları yazılarına görə ona “Kiçik rəhbər” təxəllüsünü vermişdilər.
Əvvəlcə sosialistlərə qoşulan Mussolini məqalələrində yazırdı: "İtaliyanın inqilaba ehtiyacı var və buna qovuşacaq". Lakin bir sıra səbəblər üzündən sosialistlərlə də yola getmədi.
Qadınlarla intim münasibətlərini hələ yeniyetmə yaşlarında quran və əxlaqsızlıq yuvalarının daimi müştərisinə çevrilən Mussolini 1914-cü ildə İde Dalzerlə ailə qurdu. Cəmi bir il sonra 1910-cu ildən sevgilisi olan Rakel Quidi ilə evlənməyə qərar verdi. Bu qız onun ata bir, ana ayrı ögey bacısı idi. Açığı, qız da ögey qardaşının hisslərinə biganə deyildi. Lakin Rakelin anası bu nikahın əleyhinə çıxdı. Belə olduqda Mussolini əl-qolunu oynada-oynada cibindəki tapançaya əl atdı: “Altı güllə sizə, bir güllə də özümə”. Dəlilik edən gəncin hədə-qorxusu hamını qorxutdu. Ailə izdivaca razılıq verdi.
Maraqlıdır, İkinci Dünya Müharibəsinin başlandığı 1 sentyabr Mussolini üçün ikiqat əlamətdar idi. 1910-cu ilin həmin günündə - hələ müharibədən 29 il əvvəl onun qızı Edda dünyaya gəlmişdi. Mussolini ailəsini qayğı ilə əhatə etmişdi - azyaşlı qızı üçün skripka çalır, arvadı Rakelə nəvaziş göstərirdi. Sonralar Rakel onuncun daha 4 uşaq dünyaya gətirdi.
O, eyni zamanda jurnalist fəaliyyətini də davam etdirir, karyera pillələrində uğurla yüksəlirdi. 1912-ci ildə Mussolini ölkənin ən iri tirajlı qəzetlərindən olan “Avanti”nin baş redaktoru idi. O, mətbu orqana rəhbərlik etdikdən sonra qəzetin tirajı 5 dəfə artdı. Daim qadınlarla maraqlanan arvadbaz Benito nəzərlərini Marqarita Sarfattiyə yönəltdi. Qəzetdə tanış olduğu qadın ona yaxşı məqalə yazmağı, çıxış etməyi, siyasətçi kimi davranmağı, insanları ələ almağı öyrədirdi. Sarfati onu teatra aparır, rəsm əsərləri ilə tanış edirdi. Gələcək rəhbərin milyonlarla italyanı ələ alan alovlu çıxışlarını Benitoya məhz o öyrətmişdi. Bu sevginin də ömrü bir neçə il çəkdi.
Yeri gəlmişkən, Mussolininin Rakeli ataraq başqa qadınlara üz tutması əslində, onun həyat yoldaşının bəxtinin gətirməsi idi. 1945-ci ilin aprelində - Benitonun edamı vaxtı partizanlar onun yanındakı Klaranı da güllələyib asdılar. Həmin vaxt Rakel İsveçrəyə qaçmaqla canını qurtara bildi. Sonralar bir neçə aylığa həbs olunsa da, amerikanlar onu azadlığa buraxdılar. Əgər Mussolininin son günlərində onun yanında olsaydı, bu aqibət Klaranı yox, Rakeli gözləyirdi.
Birinci Dünya Müharibəsi başladı. Bir sıra ölkələr kimi İtaliya da bəşəriyyətin ilk ən qanlı savaşına qoşuldu. Mussolininin adı cəbhəçilər sırasında, özü isə arxa cəbhədə idi. İl yarımlıq hərbi xidməti ərzində o, cəmi 3 dəfə səngərdə oldu. Benito günlərini hospitallarda və məzuniyyətlərdə keçirirdi. Lakin buna baxmayaraq, ölüm təhlükəsi bir dəfə onu da haqladı. Minaatandan istifadə qaydasının öyrədilməsi zamanı partlayış baş verdi. Yaxınlıqdakı əsgərlərdən 4-ü öldü, amma Benito sağ qaldı.
Yeni İtaliya, dünyanın ən kiçik dövlətinin yaradılması
Müharibədən sonra yenidən jurnalistikaya qayıdan Benito yenidən siyasətlə maraqlanmağa başladı. 1919-cu ilin martında 100-dən çox insanın iştirakı ilə Milanda yeni təşkilatın "Fasci italiani di combattimento"nun (“İtaliya mübarizə ittifaqı”) toplantısı keçirildi. Cəmi 2 il sonra bu təşkilatın üzvləri düz on min dəfə artdı. “Biz millətin idarə edilməsini düşünürük” – deyən Benito tezliklə siyasi hədəflərini açıqladı. 1921-ci ildə İtaliya parlamentinə seçilən Mussolini artıq hakimiyyət eşqində idi. O, əleyhdarlarından qaçmaq üçün Milana yollandı. Yüz minlərlə tərəfdar toplamış Benito istəyinə 1922-ci ilin oktyabrında çatdı. Oktyabrın 29-da Mussolini xüsusi qatarla paytaxta gəldi. İndi hakimiyyət onun əlində idi. Dünyada ilk faşist diktaturası quruldu.
O, ölkəni öz qaydaları ilə idarə etməyə başladı. 1924-cü ildə onun SSRİ ilə diplomatik münasibətlər və iqtisadi əlaqələr qurması bütün Avropanı heyrətləndirdi. “Əbədi razılaşma olmur, gec-tez bütün sənədlərə baxılır” – deyən İtaliyanın yeni hökumət rəhbəri 1924-cü ilin parlament seçkilərindən də qalib çıxdı.
“İki barışmaz qüvvə arasında sülhə nail olmaq mümkün deyilsə, problemi ancaq güc yolu ilə həll etmək lazımdır”- deyən İtaliyanın yeni rəhbəri rəqiblərinə amansız divan tutdu. Amma iqtisadi sferada da uğurlar qazanıldı. O, hakimiyyətə gələndə İtaliyada beş yüz min işsiz vardı. Mussolininin 6 aylıq rəhbərliyi altında işsizlərin sayı yüz iyirmi min nəfərə qədər azaldıldı.
İtalyanların duçe adlandırqıları rəhbər yeni qaydalar tətbiq etdi. Ölkədə böyüklər və uşaqlar üçün kollektiv səyahət kursları, yay və qış istirahət düşərgələri təşkil edildi. Qadınlara yubka geymək, faşistlərə əl-ələ görüşmək qadağan olundu. Yaşından, cinsindən asılı olmayaraq bütün italyanlar şənbə günləri idman və siyasi hazırlıq məşqlərinə qatılmalı idilər. Mussolini özü də at, üzgüçülük yarışlarına qatılır, xizək sürürdü. İtaliyada dövlət hesabına kütləvi toylar təşkil olundu.
Dünyanın ən kiçik dövlətinin yaradılması da Benitonun sayəsində baş verdi. “Roma məsələsi” məhz Mussolini tərəfindən həll edildi. Hələ 1870-ci ildən qalmış problem aradan qaldırıldı. 1929-cu ildə Papa ilə imzalanmış razılaşmaya əsasən, dünyanın ən kiçik dövləti – Vatikan təşkil olundu.
Arvadbaz Mussolini 49 yaşında da qadınlarla əlaqələrini kəsmir, sevgililərinin siyahısına yenilərini əlavə edirdi. 1932-ci ildə o, Klara Petaççi ilə görüşməyə başladı. Həyat yoldaşı Rakel, ona jurnalistikada, siyasətdə, bir sözlə karyerada arxa olmuş Marqarita Sarfatti çoxdan arxa plana keçmişdi.
Bu arada maraqlı fakt diqqət çəkir. Məsələ burasındadır ki, ötən əsrin ən qəddar diktatorlarından olmuş Adolf Hitlerin ilk düşməni məhz Mussolini olub.
1934-cü ilin 14 iyulunda Mussolini Almaniyanın yeni rəhbərini İtaliyada qəbul etdi. Lakin cəmi 11 gün sonra – iyulun 25-də hitlerçilər Benitonun ən yaxın dostu, Avstriya kansleri Enqelbert Dolfusu qətlə yetirdilər. Mussolini dərhal 4 diviziyaya səfərbər olunaraq Avstriya sərhədlərini keçməyi əmr etdi. Hitler geri çəkildi.
Mussolini digər faşistlərdən – Hitlerdən və Fransisko Frankodan ağıllı və hiyləgər olması ilə seçilirdi. Onun “əgər Avropa bu ölkənin (Almaniyanın) sui-qəsdçilərin (hitlerçilərin) qitəni idarə etmələrinə imkan versə, Avropa xarabalığa çevriləcək” proqnozları özünü bir neçə il sonra doğrultdu.
Digər fakt Benitonun gələcək düşmənlərinin ona yüksək qiymət vermələrindən ibarətdir. Çerçil İkinci Dünya Müharibəsindən 12 il əvvəl yazırdı: “Onun dalınca gedin, belə etsəniz uğur qazanacaq, zamana qənaət edəcəksiniz. Əgər mən italyan olsaydım, əvvəldən sonadək Mussolinini dəstəkləyərdim”.
Hitler 1937-ci ilə qədər Mussolinini Almaniyaya 5 dəfə dəvət etdi. Almaniya liderinin dəvətlərini dalbadal rədd edən Mussolini nəhayət, həmin ilin sentyabrında Berlinə yola düşdü. Hitlerin xüsusi məqsədlə təşkil etdiyi hərbi paradda Almaniyanın hərbi qüdrəti ilə tanış olmuş Mussolini İtalyan faşizminin öz dostunu tapdığını və sona qədər onunla addımlayacağını bəyan etdi.
O, Hitlerə qoşulduqdan sonra İtaliyadakı yəhudilərin qovulması barədə göstəriş verdi. İtaliyadan qovulan 12 min yəhudinin arasında Benitonun jurnalistika və siyasət üzrə müəllimi, keçmiş sevgilisi Marqarita Sarfatti də vardı.
Fəlakətlərin başlanğıcı, fahişələr meydanında asılan duçe
Almaniyanın tərəfdaşına çevrilən Mussolini faşist şurası və nazirlər şurası ilə məsləhətləşmədən İkinci Dünya Müharibəsinə qoşuldu. Məhz müharibəyə qoşulmaq onun fəlakətinin başlanğıcına çevrildi.
İtaliya Almaniya kimi iqtisadi gücə malik deyildi. Üstəlik, Mussolini ölkəsinin kömür, dəmir baxımından Fransadan və Britaniyadan asılı olduğunu nəzərə almadı. Müharibə ölkənin iqtisadi tənəzzülünə səbəb oldu, iqtisadiyyat sarsıldı. Xalq başa düşə bilmirdi ki, Mussolini nə üçün uzaq SSRİ-də Almaniya uğrunda döyüşür?
1943-cü ilin iyulunda Faşist Şurasında Mussoliniyə müharibəni uduzmasına eyham vurdular. O, krala müraciət etsə də, Viktor İmmanuel də Benitonu müdafiə etmədi. Duçeni həbs edib Ponso adasına sürgün etdilər. Bu dəfə ilk faşistin köməyinə Hitler gəldi. Sentyabrda almanlar onu azad edib ölkənin şimalında paytaxtı Salo olan oyuncaq hökumətinə rəhbər təyin etdilər. Mussolini Hitlerlə görüşündə müharibəni uduzduqlarını, xalqa fəlakət bəxş etdikərini, bunun onlara bağışlanmayacağını dedi. Amma Hitler sona qədər getmək niyyətində idi.
Almaniyanın rəhbəri iyulda ona sui-qəsd təşkil etmiş keçmiş tərəfdarlarına divan tutdu. Ölkəni repressiya dalğası bürüdü. İtaliyada bu prosesdə günahkar kimi 18 nəfər bilindi. Həbs edilənlər arasında Mussolininin kürəkəni Çiano Qaleaçço da vardı. Çianonun anası yalvararaq Mussolinidən oğlunu xilas etməsini istədi. Benitonun qızı Edda da həyat yoldaşını xilas etməsi barədə atasına məktub yazdı. Amma Mussolini kürəkənini xilas etmədi. Benitonun qızı atasına qarğış etdi.
1945-ci ilin 27 aprelində Mussolini sevgilisi Klara Petaççi ilə Mezzaqra kəndindəki Komo gölünün sahilinə gələrək alman əsgərlərinə qoşuldular. Faşist leytenantı Mussoliniyə əsgər şineli geydirərək yük maşınının baqajında gizlətdi. Maşını yoxlayan partizanlardan biri duçeni tanıdı. Benito Mussolinini həbs etmiş partizanlardan biri azərbaycanlı döyüşçü Vilayət Hüseynov idi.
Bir gün sonra Mussolinini və Klaranı güllələdilər. Sonra isə “biz onun meyitini görmək istəyirik” – deyən xalqın tələbi ilə onların meyitlərini Pyaço Loretto meydanında da asdılar.
Almanlardan fərqli olaraq italyanlar 350 mindən çox insanın ölümünə səbəb olmuş diktatora məxsus olan hər şeyi məhv etmədilər. Belə ki, Mussolininin doğulduğu ev bu gün muzeyə çevrilib. Onun sadiq həyat yoldaşı Rakel isə ömrünün sonuna kimi ərinin məzarı üstünə gələrək sevdiyi Benitonun ruhunun şad olması üçün dualar oxudu.
Anar Tağıyev