Azərbaycan Dövlət Universitetinin rektoru Novruz şənliyini dağıtdı...

24-03-2017, 14:11           
Azərbaycan Dövlət Universitetinin rektoru Novruz şənliyini dağıtdı...
1989-cu ildə Azərbaycan KPMK-nın 1-ci katibi Əbdürrəhman Vəzirov Novruzun Azərbaycanda dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam verdi...

Rəhmətlik Şıxəli Qurbanovun 1967-ci ildə təşkil etdiyi bayramdan sonra yenidənqurma illərinədək Moskva bir daha Azərbaycanda rəsmi səviyyədə Novruz bayramı keçirilməsinə imkan vermədi. Amma 10 il sonra - 1977-ci il martın 21-də 700-ə yaxın tələbə Şıxəli Qurbanovun Fəxri Xiyabandakı məzarına toplaşdı. Görkəmli ziyalılar Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Abbas Zamanov, Xəlil Rza, Qara Namazovun da iştirak etdiyi tədbir mitinqə çevrildi. Öz çıxışında Bəxtiyar Vahabzadə Novruza rəsmi bayram stasusu verilməsi haqqında məsələ qaldırdı. Xatirə adlı bir tələbə qız əsl inqilabı bir ifadə işlətdi: “Azadlığa gedən yol tapançanın lüləsindən keçir!”..

Azərbaycan Dövlət Universitetinin rektoru Novruz şənliyini dağıtdı...

“Turan” agentliyinin əməkdaşı Tofiq Türkelin rusdilli mediada dərc edilmiş bir yazısında xatırladığına görə, bundan sonra mitinq iştirakçıları Nərimanov heykəlinə gedib oraya güllər qoyur. “Həmin axşam isə ADU-nun(indiki BDU-S.L.) yeməkxanasındakı masaların üzərinə səmənilər, novruz şirniyyatları, şamlar düzülmüşdü. Tədbirə milli düşüncəli ziyalılar da dəvət edilmişdi. Biz özümüzü qalib kimi hiss edir və coşğu duyğuları yaşayırdıq... Ancaq tədbirin başlanmasına az qalmış rektor Faiq Bağırzadə univesitetin digər rəhbərləri ilə birgə yeməkxanaya gələrək bayram tədbirini dayandırmağı və masaları təmizləməyi tələb etdi. İş o yerə çatdı ki, masaları təpikləməyə, aşırmağa başladılar. Tədbirdə iştirak edən professor Abbas Zamanov ali məktəb rəhbərliyinin bu cür davranışına çox kəskin reaksiya verdi. Ertəsi gün xarici radiostansiyalar Bakıda tələbə mitinqləri barədə məlumat vermişdi...”.

Novruz Qarabağda hələ də erməni qadağası altındadır...

Bu minvalla Novruz daha 12 il rəsmi qadağa altında yalnız evlərdə keçirildi. Nəhayət, Azərbaycanda Novruz bayramı hələ müstəqillik qazanılmadan öncə, rəsmi qaydada keçirilməyə başlanıldı. Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirov 1989-cu ildə bununla bağlı sərəncam verdi. 1991-ci il fevralın 5-də isə müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun sərəncamıyla Novruzun bir gün – martın 21-də bayram edilməsinə qərar verildi. 2006-cı ildə dövlət başçısı İlham Əliyevin imzaladığı sənədə əsasən isə bu gözəl milli bayramımız artıq 5 gün müddətində qeyd edilməkdədir.

Təəssüf ki, artıq 25 ildən çoxdur ki, işğal altındakı yurdlarımız Novruz tonqallarının çatılacağı və Qarabağda Novruza imperiyalara güvənən erməni qadağasının da aradan qalxacağı günü gözləyir…

Sultan Laçın\\moderator.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.