"Elə olub ki, ata-ana öz qızını satıb, qayınana-qayınata öz gəlinini satıb."

27-03-2017, 20:42           
"Elə olub ki, ata-ana öz qızını satıb, qayınana-qayınata öz gəlinini satıb."
“Bizim tədqiqatlar nəticəsində müəyyən edilib ki, insan alveri qurbanları hər təbəqədən ola bilər. Burada var-dövlət, savad heç bir rol oynamır. İnsan alveri qurbanı olan ziyalı ailənin qızı (cinsi istismar), savadlı kişi (əməyin istismarı), ziyalı bir ailənin uşağı (orqan transplantasiyası) qarşımıza çıxıb. Bu, elə bir vəziyyətdir ki, heç kim bundan sığortalanmayıb”.

Modern.az xəbər verir ki, bu sözləri Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə direktoru Nəzakət Balabəyova deyib.


Nəzakət Balabəyovanın sözlərinə görə, insanları çox zaman iş, nikah adı altında aldadırlar.

“Əsasən də sosial şəbəkələrdə nikah adı ilə aldanıb gedirlər. Bəzən işlə bağlı da olur. İnsan alveri qurbanı olmaq istəməyən hər bir kəs bilməlidir ki, işlə bağlı dəvət alıbsa, onun tələbləri olmalıdır. Ən əsası, sizi dəvət edən şirkəti araşdırın. Bizim Miqrasiya Xidmətimiz var. Onlarla araşdırmaq lazımdır ki, dəvət edilən ölkədə belə bir şirkət varmı? İkincisi, işə düzələn zaman müqavilə tələb edin. Qalmaq, yaşamaq şəraiti və məvacibin ödəniş mexanizmi ilə maraqlanın. Sadaladıqlarımla heç kim maraqlanmır. İnsanlar çox zaman təklif edilən əmək haqqını görür və digər məsələlərlə maraqlanmırlar. Mən özüm təcrübəmdə 25-ə yaxın gəncin həyatını qutarmışam”.


Nəzakət Balabəyova deyib ki, insan tacirləri hər kəsə yaxın ola bilirlər:

“Sizə bir hadisə danışım. Bir ali sadvalı qız vardı. O qız burada hamilə qalmışdı. İstəmirdi, hamilə olduğunu valideynləri bilsin. Bu qıza rəfiqəsi deyib ki, gəl gedək Türkiyəyə, həm sən orda əczaçı işləyərsən, həm də uşağı saldırarsan. Bu qız da maraqlanmayıb ki, türklər özləri aptekdə işləyə bilmir, lisenziya olmadan mən necə işləyəcəm?! Qız qoşulub rəfiqəsinə, gedib Türkiyəyə. Getdiyi axşam pasportunu alıb, bunu göndəriblər "işləməyə". Hamiləliyinin 8 ayına kimi dar paltarlar geyindirə-geyindirə "işlədiblər". 8 aydan sonra görüblər daha "işləyə" bilmir, onu ofisiant kimi işlətməyə başlayıblar. Sonradan, bir müştərinin yazığı gəlib, onu Naxçıvan yolu ilə Azərbaycana qaytarıb. Biz qurbanlara psixoloji, sosial, hüquqi yardım edirik. Amma ən çətin bərpa olan psixoloji vəziyyətdir. Çünki belə adamlar heç kimə inanmır, hamıdan qorxurlar. Mən ona dövlət vəsiqəsini göstərsəm də, inanmır. Deyir ki, "yaxınım belə rəftar edəndən sonra sən də edərsən".
Çox belə hadisələr var, saymaqla bitməz. Elə olub ki, oğlanla qız evlənib. Oğlan təklif edib ki, "gəl, bal ayına Dubaya gedək". Qız razılaşıb. Oğlan gedib yoldaşını Dubayda qoyub gəlmişdi. Elə olub ki, ata-ana öz qızını satıb, qayınana-qayınata öz gəlinini satıb. Yəni belə vəziyyətlər olub.
Biz keçən il Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində olduq. Bizə qadın cəzaçəkmə müəssisələrində olan qadınlarla görüşmək imkanı yaradıldı. Qarşımıza ancaq "insan alverçiləri" gətirildi. Özüm də şoka düşdüm ki, çoxu ana-bala, iki bacıdır və onlar etdikləri cinayəti qəbul etmək istəmirlər. Deyirlər ki, "biz aparırdıq, bəs onların ağlı yoxdur? Getməyəydilər!". Bu insalar başa düşmürlər ki, kiminsə həyatını məhv edirlər. İnsanların həyatı puç olur. Bu insanlar üçün əsas puldur. Amma bir şeyi deyim ki, bu, bumeranqdır. Əvvəl-axır insanın özünə qayıdır. Koloniyada insan alverçisi olan bir ana danışırdı ki, indi onun öz qızını başqası satıb. Yəni, etdiyin gec-tez sənə dönməsə də, yaxınlarına dönür. Həyatda heç nə cəzasız qalmır”.

“İnsan alveri qurbanları ən çox hansı ölkələrə aparılır” sualına N.Balabəyova belə cavab verib:

“Əvvəllər daha çox Dubaya aparılırdı. İndi Rusiyaya aparılır. Potensial qurbanlar arasında isə İspaniya, İtaliya, Skandinaviya ölkələri, Ukrayna və başqa ölkələrə aparılanların sayı artıb. Yəni insanlar yol tapıb gedir, amma başlarına nə gələcəklərini düşünmürlər. Elə bilirlər, xarici ölkələrdə həyat daha rahatdır.
Başqa bir hadisə danışım sizə. İki qız vardı. Onlar Dubaya hansı məqsədlə getdiklərini yaxşı bilirdilər. Qızlar Dubaya getdikdən sonra fahişəliyə başlayırlar. Bir gün ərəblər də bunların xidmətindən itifadə etmək istəyib. 5-6 ərəb bu iki qızı götürüb aparıblar səhraya. Bilirsiniz də, səhrada günortalar qızmar isti, axşamlar isə çox soyuq olur. Və ərəblər saatlarla qızları beysbol ağacı ilə zorlayıblar. İşlərini bitirəndən sonra qızları lüt soyundurub, buraxıblar səhraya. Azərbaycana qayıdanda qızın birinin daxili qadınlıq üzvləri hamısı çıxarıldı — sıradan çıxmışdı. Digər qız isə ağır ruhi sarsıntı keçirib, hələ də özünə gələ bilmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.