Manatın “başı” yenə dərddə

29-03-2017, 12:29           
Manatın “başı” yenə dərddə
Mərkəzi Bankın açıqladığı son rəsmi məlumata görə, 1 manat 1,7201 dollar səviyyəsində müəyyən olunub. Artıq 1 aya yaxındır ki, mili valyuta dollar qarşısında dayanıqlılıq göstərir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə hesab edir ki, milli valyutanın məzənnəsinin sabit saxlanması doğru deyil. Deputat mətbuata açıqlamasında bu haqda danışıb: “Bir müddət əvvəl 1 dollar 1,90 manat səviyyəsinə qədər bahalaşmışdı. Mərkəzi Bankın yürütdüyü bu siyasət nəticəsində nəzarət mexanizmi bir qədər də gücləndirilib. Hazırda 1 manat 1,7201 dollar səviyyəsindədir. Bu sabitlik müəyyən qədər effekt verə bilər. Amma uzun müddət üçün bu, manat qıtlığının artmasına, manat ətrafında ajiotaja səbəb ola bilər. Mən düşünürəm ki, ilkin olaraq manata etibarlılığı artırmaq lazımdır. Hazırda manatın neftdən asılılığı qalır. İdxal-ixrac əməliyyatlarındakı problemlər müəyyən qədər öz həllini tapsa da, konkret olaraq nəticə yoxdur.

Bu səbəbdəndir ki, pul qıtlığı yaranıb, banklar kredit verə bilmir. Bütün bunlar gələcəkdə iqtisadiyyatın artımına müəyyən ziyan vuracaq. Bu gün manat öz həqiqi bazar dəyərini tapmalıdır. Əks halda, real sektor, cənab prezidentin 11 sahə üzrə qəbul etdiyi strateji yol xəritəsi inkişaf etməsə, gələcəkdə çox pis vəziyyət yarana bilər. Ona görə də manatı bu vəziyyətdə qoruyub saxlamaq lazım deyil. Nəzarət mexanizmi - xaricə valyuta axınının qarşısının alınması, idxal-ixrac əməliyyatlarında nəzarətin güclənməsi vacibdir. Həm də real sektoru inkişaf etdirmək lazımdır ki, oradan gələn gəlirlər artsın. Manata etibarın artması Azərbaycan iqtisadiyyatı üçün çox önəmlidir".

“Moody’s” beynəlxalq reytinq agentliyinin MDB ölkələrində valyuta riskləri və dollarlaşma ilə bağlı hazırladığı hesabatında isə qeyd edilib ki, Ukrayna, Azərbaycan, Tacikistan və Belarus bankları daha çox xarici valyuta risklərinə məruz qalıb və yüksək dollarlaşmanın hökmranlıq etməsi bank sistemində valyuta uyğunsuzluğu mühiti yaradıb.

“Moody’s” hesab edir ki, Azərbaycan manatının taleyi neft qiymətlərindən asılıdır: “Rusiya rublu və Qazaxıstan təngəsi situasiyadan çıxmağı bacardı. Amma Azərbaycan manatı hələ də neft qiymətlərindən asılıdır. Manat xarici valyutaya yüksək tələbatın və ölkə iqtisadiyyatının stabilliyinə aşağı etimadın olması fonunda daha da zəifləyir. Neft hasil edən bu üç ölkənin üzən valyuta rejiminə keçdiyini nəzərə alaraq demək olar ki, onların valyuta perspektivləri sabit neft qiymətlərindən çox asılı olacaq. Eyni zamanda Azərbaycanda vəziyyət də iqtisadi sabitliyin təmin olunması üçün həyata keçirilən dövlət siyasətinin səmərəliliyindən asılıdır”.

Bəs görəsən, Azərbaycan manatının məzənnəsinin sabit qalmasında neft qiymətləri nə dərəcədə rol oynayır? Manatın hazırkı məzənnəsini dəstəkləyən başqa hansı iqtisadi amillər var?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, ölkə “üzən valyuta rejiminə” keçibsə, manatın məzənnəsində baş verən bu cür dəyişikliklər əvvəlcədən nəzərə alınmalıdır: “Manat artıq əvvəlki dövrlərdə olduğu kimi sabit qalmayacaq. Bazarda baş verən proseslərin təsiri ilə manat müəyyən dövrlərdə bahalaşa və müəyyən dövrlərdə ucuzlaşa bilər. Mən düşünmürəm ki, hazırda manatın məzənnəsi Mərkəzi Bank tərəfindən bilərəkdən formalaşdırılmış bir məzənnədir. Müəyyən köməkçi faktorlar hazırda bu məzənnənin formalaşmasına təsir göstərib. Burada daxili valyuta bazarların həcminin kifayət qədər məhdud olması, tələbin aşağı düşməsi, iqtisadi aktivliyin zəifləməsi, paralel olaraq dövlət xərcləmələrinin azalması, dövlət vəsaitləri hesabına idxal əməliyyatlarına məhdudiyyətlərin qoyulması, ən əsası isə Beynəlxalq Bankın faktiki olaraq Dövlət Neft Fondundan Mərkəzi Banka transfer edilən vəsait hesabına valyuta bazarlarından kənarda saxlanılması prosesi bugünkü situasiyanın yaranmasına gətirib çıxarıb”.

İqtisadçının sözlərinə görə, son zamanlar iqtisadi passivliyin müşahidə olunması, dollara tələbatın azalması da manatın məzənnəsinin sabit qalmasına kömək edib: “Burada digər kiçik faktorları da nəzərə almaq olar ki, mart ayı demək olar ki, həm biznes, həm dövlət, xüsusən də bazar iştirakçıları üçün kifayət qədər passiv ay oldu. Ayın demək olar ki, əksər günləri iş günü olmadı. Bundan başqa, ölkəyə müəyyən qədər turist gəldi ki, onlar da əlavə xərcləmələr edərək bazara cüzi də olsa müsbət təsir göstərdilər. Beləliklə də ümumi mənzərədə bir durğunluq müşahidə olunur. Manat dollar qarşısında 2 manatlıq psixoloji həddi keçməyə iki dəfə cəhd göstərib, lakin bu baş verməyib. ”Qara bazar"da belə dollar 2 manatı keçə bilmədi. Bu isə o deməkdir ki, manatın indiki şərtlər daxilində real məzənnəsi 2 manatdan aşağıdır. Çünki hazırda iqtisadiyyat kifayət qədər passivdir, dollarlaşma səviyyəsi kifayət qədər yuxarı həddə olduğu üçün ən azından qısamüddətli dövrdə bu belədir. Psixoloji həddin keçilməsində olan problemlər artıq spekulyativ davranışları müəyyən qədər məhdudlaşdırdı. Çünki bir çox hallarda bəzi bazar iştirakçıları məzənnə fərqindən çox ciddi gəlir götürməyə çalışırdırlar. Ancaq bu kimi davranışlar bəzi hallarda gözlənilən nəticəni doğrultmadığı üçün artıq bu qrup iştirakçılar da bazardan kənarlaşıb".
Rəşad Həsənov hesab edir ki, bütövlükdə götürəndə indiki məzənnə bazar reallığına yaxındır: “Ancaq ilin birinci yarısında formalaşacaq məzənnə böyük ehtimalla növbəti dövr üçün Mərkəzi Bank tərəfindən bir etalon kimi qəbul olunacaq. Ondan sonra Mərkəzi Bank proseslərdə daha aktiv iştirak etməklə bu məzənnənin ortamüddətli dövr üçün müəyyən çərçivədə dəyişməsini müdafiə etməklə biznesi dəstəkləməyə cəhd göstərəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.