Ölkədə ölüm virusu dolaşır?- Rəsmi məqamlar “Bunu heç kim bilə bilməz” deyir
30-03-2017, 09:30
Ötən qış mövsümündə bir çox ölkələrlə yanaşı Azərbaycanda da “Honq- Konq” virusu geniş yayıldı. Rəsmi mənbələr virusun əhatə dairəsi ilə bağlı obyektiv informasiya yayımlamadılar. Mətbuatda isə hətta bu xəstəlikdən ölüm faktlarının olması istisna edilmədi. Bu günlərdə isə gənc tələbənin 1 həftə davam edən yüksək hərarət nəticəsində naməlum xəstəlikdən dünyasını dəyişməsi xəbəri gündəmi zəbt etdi. Belə fikirlər yayılır ki, yaz fəslinin gəlməsinə baxmayaraq, virus hələ aradan qalxmayıb. Görəsən, virusun yenidən geniş əhatədə yayılması mümkündürmü?
Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutun direktoru Həqiqət Qədirova Cebhe.info-ya açıqlamasında bildirib ki, ötən il Azərbaycanda “Honq -Konq” virusuna yoluxanların sayı 5 nəfər olub. Onun sözlərinə görə, bu virus epimediya halına keçmədiyindən sıçrayış baş verməyib.
“Həmin xəstələr institutun xüsusi şöbəsinə daxil olub. Orada həmin xəstələrdən müayinələr götürülərək Taun Əleyhinə Stansiyaya göndərilib. İnstitutdan 2, digər poliklinikalardan isə 3 xəstədən götürülən müayinə nəticəsində onların “Honq-Konq” virusuna yoluxduğu təsdiqlənib. Virus adi mövsümi qrip formasında ötüşdü və kəskin problem yaratmadı”.
Həqiqət Qədirova özü virusun olduğunu təsdiqləsə, narahatlığa əsas görməyib: “Ötən il 5 nəfərdə bu virus aşkar edilib. Lakin ötən il ərzində heç kim bu xəstəlikdən dünyasını dəyişməyib. Bu, adi virusdur, insanlar arasında dövr edir. Burada qorxulu bir şey yoxdur. Heç bir təhülkəli hal baş verməyib. Bu, H3N2 formulası olan virusdur. Virus neçə illərdir ki, insanlar arasında dolaşır. Öncəki illərdə daha çox H1N1 virusu aşkarlanmışdısa, son illərdə H3N2 yayılıb. Ötən il yada düşüb ki, bu virusun adı nə vaxtsa Honq- Konq olub. Ötən ilin cari dövrü ilə müqayisədə xəstəliyin arenası böyüməyib”.
H.Qədirova “Virusun yayılmasının qarşısını almaq üçün hansı işlər aparılıb?” sualını belə cavablandırıb: “Virus olmayıb axı, nəyi aradan qaldıraq ki? Adi xəstəlik səviyyəsində xəstələnmə olub. Ölkədə qrip epidemiyası olmayıb. “Honq- Honq” virusu da epidemiya sayılmır”.
H.Qədirova bu yaxınlarda daha bir tələbənin naməlum şəkildə dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatı inkar edib: “Kim deyir ki, o şəxslər Honq- Konq virusundan dünyasını dəyişib? Bunun hansı təsdiqi var? Bizdə belə bir məlumat yoxdur”.
Azərbaycan Dövlət Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, baş epidemioloq İbadulla Ağayev də Cebhe.info-ya açıqlamasında bundan məlumatsız olduğunu deyib: “Mənim bu haqda məlumatım yoxdur. Bayram ərəfəsində burda yox idim, məlumatlı deyiləm. Son bir ayda nə qədər şəxs bu virusa yoluxub, bilmirəm. Bunu heç kim bilə bilməz”.
Nigar Məhərrəm
Cebhe.info