Navalnı qəhrəmandır, yoxsa miraj? - Putinin yeni qənimi
30-03-2017, 13:28
Rusiya prezidenti Vladimir Putinə qarşı müxalifət mövqeyində olan Aleksey Navalnının rəhbərliyi ilə bütün ölkədə təşkil edilən aksiyalar Qərbdə böyük əsk-səda verib. Belə ki, aparıcı Qərb KİV-ləri Navalnını Rusiyada demokratik hərəkatın yeni lideri kimi təqdim etməyə başlayıblar. “Uzun müddətdir ki, Rusiyada belə bir şey olmurdu”,- Almaniyanın Frankfurter Allgemeine qəzetinin yazarı Fridrix Şmidt Vladivostokdan Moskva və Sankt-Peterburqa qədər bütün Rusiyanı bürüyən aksiyaları bu cür təsvir edib.
Qəzet etirazçıların Rusiyanın baş naziri Dmitri Medvedyevin saxta firma və şəxslərin adı altında Rusiya və İtaliyadakı dəbdəbəli daşınmaz əmlakları barədə dərc olunan informasiyalardan dolayı hiddətli olduğunu bildirir. “Başqa ölkədə hökumət dərhal istefa verərdi”, - aksiya iştirakçılarından biri qəzetə bildirib.
Britaniyanın “The Guardian” qəzeti də aksiyada yüzlərlə iştirakçının Rusiyanın müxtəlif şəhərlərində həbs edildiyini yazıb.
“Navalnını polis avtobusuna soxmağa cəhd edən zaman kütlə onun ətrafını sarıb azad etməyə çalışırdı”, - qəzet yazarı Alek Lun və Şon Uoker yazır.
Xatırladaq ki, 26 martda bütün Rusiyada korrupsiya ilə mübarizə tələbi ilə icazəsiz aksiyalar keçirilib. Gedişat zamanı yüzlərlə insan saxlanılıb.
Müxtəlif məlumatlara görə, Moskvadakı etiraz aksiyalarında 8 mindən 30 minədək adam iştirak edib.
Aksiyalar üçün səbəb Navalnının fondunun baş nazir Dmitri Medvedyevin güman edilən “gizli daşınmaz əmlak imperiyası” barəsindəki araşdırması olub.
Navalnı çəkdiyi “O, sizə Dimon deyil” filmində iddia edib ki, Medvedyev Rusiyada və xaricdə qeyri-kommersiya təşkilatlarının şəbəkəsi vasitəsilə çoxsaylı dəbdəbəli daşınmaz əmlak sahibidir.
Youtube-də həmin filmi 12 milyon istifadəçi izləyib.
Yaxşı, bəs bu Navalnı kimdir? Birdən-birə “göbələk kimi” rusların həyatında necə peyda olub? “Yeni Müsavat” Rusiya mətbuatına istinadən onun dosyesini hazırlayıb.
O, nə işlə məşğul olur? Əsas sual budur. Siyasətçi, blogger, hüquqşünas, müxalifətçi, eyni zamanda Korrupsiya ilə Mübarizə Fondunun yaradıcısı. 2013-cü ildə Moskva meriyasına keçirilən seçkilər zamanı 2-ci yeri tutub. İctimai xadimdir.
Navalnı qardaşları ilə bağlı cinayət işi də dosyedə xüsusi yer tutur. Aleksey və Oleq Navalnı qardaşları ilə bağlı dələduzluq maddəsi ilə 55 milyon rubl məbləğində cinayət işi qaldırılıb. Buna səbəb qardaşların birgə təsis etdikləri kampaniyanın yol verdiyi saxtakarlıqlar olub. Onlar vergidən yayınma, dələduzluqla bağlı bəzi məqamlarda ittiham olunublar. Belə ki, Aleksey Navalnı 3.5 il müddətinə şərti cəzaya, onun qardaşı Oleq isə ümumi rejimli cəzaçəkmə müəssisəsində həmin müddətə həbs cəzası alıb. Bundan başqa, hər iki qardaş ayrı-ayrılıqda 500 min rubl cərimə və dələduzluğa yol verdikləri kampaniyaya 4 milyon rubl ödəməyə məhkum olunublar.
“Çayka” filmi barədə də danışaq. Bu film 2015-ci ilin 1 dekabrında yayılıb. Film ölkənin baş prokuroru Yuriy Çaykinin oğullarının cinayətkar fəaliyyətinə həsr olunub. Amma filmdə bununla yanaşı, cinayətə bilaşmış yüksək çinli şəxslərdən də bəhs olunub. İlk iki sutka ərzində filmə 1.4 milyon nəfər baxıb.
2015-ci ilin 7 dekabrında prezidentin mətbuat katibi Dmitriy Peskov bildirdi ki, film barədə informasiya Kremldə maraq doğurmayıb: “Orada söhbət baş prokurordan yox, onun yetkinlik yaşına çatmış oğullarından gedir. Bu, daha öncə məhkum olunmuş vətəndaşın ilk yaradıcılıq nümunələri deyil”.
Daha sonra isə A.Navalnı tərəfindən təsis edilmiş Korrupsiya ilə Mübarizə Fondu Medvedyevin guya xeyriyyə və qeyri-kommersiya fondları ilə bağlı araşdırma yayımladı. Material müəlliflərinin versiyasına görə, hakimiyyət başçısı öz yaxın çevrəsinin əli ilə yüz milyardlarla səhmlər alır, yatırımlar edir.
2017-ci ilin əvvəlində isə Navalnı 2018-ci ilin martında keçirilməsi nəzərdə tutulan prezident seçkiləri kampaniyası ilə bağlı regional ştablar qurmağa başladı. Hər ştabın açılışı dəfələrlə naməlum fəalların təxribatları ilə müşayiət olunub. Məsələn, 4 martda onu dəmiryol vağzalında yumurta ilə vurublar. 6 martda Nijne-Novqorodda naməlum şəxslər Navalnının ştabının yerləşəcəyi məkana hücum edərək təxribat cəhdi göstəriblər.
17 martda isə onun Tomskdakı ştabını bomba xəbərdarlığı ilə bağlı olaraq evakuasiya ediblər.
19 martda Novosibirskdə keçirilən aksiya zamanı iştirakçılardan bir nəfər yenə Navalnıya yumurta atıb. Həmin şəxsi polis saxlayıb.
Aleksey Navalnı 4 iyun 1976-cı ildə Moskvanın Butın şəhərciyində dünyaya gəlib. Navalnının atası Anatoliy İvanoviç Navalnı fabrik sahibidir. Anası Lyudmila İvanovna Navalnaya da eyni fabrikin həmtəsisçisidir. Ali təhsilli olan anası institutlardan birində laborant işləyib. 1975-ci ildə Anatoliy İvanoviçlə evlənib. İnstitutu qurtarandan sonra iqtisadçı olaraq çalışıb.
Həyat yoldaşı Yuliya Borisovna Navalnaya isə iki uşaq anasıdır. Qızı 2001, oğlu 2008-ci il təvəllüdlüdür.
A. Navalnının sözlərinə görə, bütün qohumları Ukraynada yaşayıb. Özü isə 1986-cı ilə qədər hər yayı Kiyevdə keçirib. Amma Çernobıldakı məlum qəzadan sonra doğmalarının bir qismi Ukraynanın digər rayonlarına köçüblər. Ona görə də özünü daha çox ukraynalı hesab edir. Çünki uşaqlığı daha çox orda keçib.
2015-ci ildən isə Navalnı Moskvada yaşayır.
1993-cü ildə Navalnı orta məktəbi bitirib. 1998-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə isə ikinci ali təhsilinə (bu dəfə maliyyə sahəsi üzrə) başlayıb və onu da 2001-ci ildə bitirib. \\musavat.com\\