İqtidarın qüdrətli fiqurları olmuş 6 keçmiş nazir nə işlə məşğuldur? - Özəl siyahı

31-03-2017, 07:23           
İqtidarın qüdrətli fiqurları olmuş 6 keçmiş nazir nə işlə məşğuldur? - Özəl siyahı
Azərbaycanda yaxın keçmişdə vəzifəsini itirən nazirlərin hazırda nə ilə məşğul olması barədə araşdırma aparmışıq.

Politika.Az-ın əldə etdiyi bilgilərə görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov biznesinin başındadır.

Keçmiş nazir “İmprotex” şirkətlər qrupunun rəhbəri kimi işini davam etdirir. Onun nazir təyinatına qədər də fəaliyyəti biznes olub.

2013-cü ildə İsmayıllıda baş verən xalq etirazlarından sonra onu vəzifəsindən kənarlaşdırıblar. Rayonda aksiyalara səbəb kimi onun oğlu Vüqar Ələkbərovun içkili halda sürücünü təhqir etməsi göstərilir.

Sabiq müdafiə naziri Səfər Əbiyev istefaya göndəriləndən sonra təqaüdə çıxıb və hazırda əasən vaxtını istirahətlə keçirir. Onun da biznes əlaqələrinin olması və obyektlərinə nəzarət etməsi haqda xəbərlər var. S.Əbiyev əsgər ölümlərinə etiraz aksiyalarından sonra vəzifədən çıxarılıb.

Keçmiş təhsil naziri Misir Mərdanov isə AMEA-nın Riyaziyyat İnstitutunun rektorudur. Eks-nazirin biznesi də var, amma elmi-pedaqoji fəaliyyətinə daha çox vaxt ayırır.

Politika.Az-ın əldə etdiyi bilgilərə görə, milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun ev dustağı olduğu və ölkədən çıxışına stop qoyulduğu bildirilir.

Onun nəhəng biznes imperiyasının böyük hissəsi əlindən çıxsa da, yenə də əlində böyük imkanları qalıb.

E.Mahmudov 17 oktyabr əməliyyatından sonra vəzifəsini itirib və MTN generallarının iş adamlarını hədə-qorxu, şantaj yolu ilə təhdid edib pullarını alması təsbit edilib.

Bu prosesdə işini itirən daha bir iri fiqur isə sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur. Onun barəsində cinayət işi açıldığı deyilsə də, rəsmi şəkildə təsdiqini tapmayıb. Məlumatlara görə, Ə.Abbasov evindədir və öz adına rəsmiləşməmiş biznesi ilə məşğul olur.

Nəhayət, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Quran oxuduğu son xəbərlərdəndir. Onun vəzifədə olduğu dövrdə də namaz qıldığı, dini ritualları yerinə yetirdiyi haqda məlumatlar var idi. Təbii ki, Quran oxuyan dindar eks-nazirin də böyük biznes şəbəkələri var.

Azərbaycan hakimiyyəti dəyişir. Prezident İlham Əliyevin iqtidarı gəncləşdirdiyi haqda yazdıqlarımız təsdiqlənir. Bir neçə ay əvvəl ölkə başçısının iqtidarı refreş edəcəyini yazmışdıq.

Struktur islahatları ilə yanaşı kadr dəyişiklikləri də olacaq. Nəqliyyat Nazirliyinin ləğvi struktur idisə, Ziya Məmmədovun gedişi də kadr islahatının davamıydı. İqtidar gənc kadrlarla yeni idarəçilik sisteminə keçid etməyə hazırlaşır.

Dövlət orqanlarında gənc kadrların işə qəbul olunması, vəzifədən gedənlərin yerinə cavan nəsildən olan məmurların təyin olunması prezident İlham Əliyevin komandasını gənclərlə yürütmək istədiyini ehtiva edir.

ASAN Xidmət, poçtların ləğv olunub yeni sistem yaradılması, vitse-prezidentlik institutu yeni idarəçilik modelinin ilkin qaranquşlarıdır.

İ.Əliyev islahatçı və reformist siyasətini gücləndirmək, böhran illərində izafi xərcləri azaltmaq, korrupsiyanın kökünün kəsilməsinə mane olan, tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasətini qarşıda prioritet məsələlər kimi qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.