Hansı məmur övladları polisdə çalışır? Siyahı

2-07-2015, 15:00           
Hansı məmur övladları polisdə çalışır? Siyahı
Heydər Əliyevin 1998-ci ilin 24 mayında imzaladığı fərmana əsasən, hər ilin 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd olunur. Bu peşədə çalışmaq bir çox insanın arzusudur. Ölkəmizdə məmur övladlarının da arasında polis orqanlarında çalışan xeyli insan var. Belə nəticəyə gəlmək olar ki, adi insanlar kimi, məmurların bir çoxu da övladlarını hüquq-mühafizə orqanlarında görməyi arzulayır. Azvision.az Azərbaycanda polis orqanlarında çalışan məmur övladlarını və tanınmış idmançıların bir qismini oxuculara təqdim edir.

Səbayel Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Vüsal Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur. Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu və qardaşı oğlu hüquq-mühafizə orqanlarında çalışır. Nazirin oğlu Elşən Camalov Nizami rayonunda mühafizə polisinin rəisidir. Səbayel Rayon Polis İdarəsinin 9-cu bölməsinin rəsi Namiq Camalov isə Y.Camalovun qardaşı oğludur.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun oğlu Emin Həsənov da polis orqanlarında çalışır. Keçmiş təhsil naziri Misir Mərdanovun oğlu Rizvan Mərdanov polis zabitidir.

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov Narkotiklərlə Mübarizə Baş İdarəsində rəis müavinidir. Həmçinin nazirin qohumu Arzuman Əliyev DİN Pasport İdarəsinin rəisi vəzifəsində işləyir. Millət vəkili Aqil Abbasın oğlu Tuncay Abbasov da yüksək çinli polis əməkdaşıdır. T.Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir.

Bir il öncə Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin rəis müavini Rəşad Əhmədzadə 6-cı Polis Bölməsinə rəis təyin olunub. Rəis müavini vəzifəsindən 6-cı Polis Bölməsinə rəis vəzifəsinə təyin olunan R.Əhmədzadə Zaqatala "Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu və Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.

Yasamal Rayon Yol Polisi Şöbəsinin rəisi Elşad Məmmədov deputat Elman Məmmədovun oğludur. Deputatın böyük oğlu 1993-cü ildən başlayaraq yol polisində çalışır və hazırda polkovnik-leytenant rütbəsi daşıyır. Millət vəkilinin digər bir oğlu da yol polisində xidmət edir.

Qaradağ rayon 10-cu Polis Bölməsinin rəisi Xəlil Bayramov isə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun oğludur.

Xətai rayon 34-cü Polis Bölməsinin sabiq rəisi İsfəndiyar Mehbalıyev Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri Səttar Mehbalıyevin oğludur. Sonradan Xəzər Rayon Polis İdarəsinin 3-cü bölməsinin bazası əsasında Pirallahı Rayon Polis İdarəsi yaradılıb və İ.Mehbalıyev ora rəis təyin edilib.

Ötən ilin may ayında Cəmil Əmirov Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. C.Əmirov buna qədər Yasamal rayon 26-cı Polis Bölməsinin rəisi olub. O, vergilər nazirinin birinci müavini Natiq Əmirovun qardaşıdır.

Cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli 2009-cu ildə Polis Akademiyasına qəbul olub. Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pekin Olimpiadasının qalibinə polis baş leytenantı rütbəsini və zabit poqonlarını təqdim edib. Hazırda Elnur Məmmədli polis kapitanı rütbəsi daşıyır.

Sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev polis polkovnik-leytenantıdır. O, Azərbaycanın "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunub. 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl, Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunları olimpiadasının gümüş mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdır.

Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov Daxili İşlər Nazirliyində, Nərimanov rayonu cinayət axtarış şöbəsində polkovnik-leytenant rütbəsində işləyir. O, 6 qat Avropa, 7 qat dünya, 2 dəfə Dünya kubokunun sahibi və 1 dəfə gənclər arasında dünya çempionu, idmanın qeyri-olimpiya növündə “Şöhrət” ordeni alan məşhur samboçudur. 2003-cü ildən etibarən Azərbaycan Sambo Federasiyasının prezidentidir.

Stend atıcılığı üzrə olimpiya mükafatçısı Zemfira Meftahətdinova 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır. Stend atıcılığı üzrə dünya çempionu, 6 dünya, 2 olimpiya rekordu qazanıb. Hazırda "Dinamo" cəmiyyəti tədris-idman şöbəsinin rəisidir. "Şöhrət" ordeni ilə təltif edilib. 2000-ci il Olimpiya oyunlarının qalibi, 2004-cü il Olimpiya oyunlarının bürünc mükafatçısıdır.

“Ağ canavar” ləqəbli azərbaycanlı kikboksçu Eduard Məmmədov polis polkovnik-leytenantıdır. 15 qat Azərbaycan, 19 qat dünya, 6 dəfə Avropa, Asiya və Avrasiya çempionudur. İkiqat interkontinental kəmərinin sahibi, dəfələrlə peşəkar turnirlərin qalibidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.