Zamin duranların problemləri: Banklar maaşlara “məhkəməsiz əl qoyur”

5-07-2015, 20:22           

"Atam birinə zamin durub. İndi də pulu biz ödəyirik. Məhkəmə qərarı yoxdur. Sadəcə bank deyir ki, zamin sizsinizsə, ödəməlisiniz", BBC Azərbaycanca oxucularından birinin məktubunda deyilir.
Azərbaycanda banklar kredit borcu verərkən vətəndaşlardan zamin tələb edir. Zaminlik bəzən vətəndaşlar tərəfindən ciddiyə alınmasa da, qanunvericiliyə görə borc götürənlə zamin duran eyni məsuliyyəti daşıyır. Yəni əgər borc götürən ödəniş edə bilməsə, zamin məbləği banka ödəməlidir.
Mərkəzi Bankın açıqladığı məlumata görə, Azərbaycanda 1 milyon 115 min 820 nəfərə qədər zamin duran şəxs var və onlar banka borclu sayılır.
Hüquqşünas Namizəd Səfərov deyir ki, məhkəmə qərarı olmadan heç bir zamindən pul tələb edilə bilməz.
Ancaq iqtisadi təhlilçi Natiq Cəfərlinin fikincə, bankla zamin duran şəxs arasında bağlanmış müqavilədə belə şərtlər qoyulsa, o zaman zamindən pul tələb edilməsi qanuni sayıla bilər.
BBC Azərbaycancanın Facebook səhifəsinə gələn mesajlardan görünür ki, bir çoxları tanışları üçün zamin durublar və götürmədikləri pulu banklara ödəmək məcburiyyətində qalıblar.
Hüquqşünas Namizəd Səfərov deyir ki, vətəndaşın hesabına yalnız məhkəmələr tərəfindən həbs qoyula bilər. "İnsanlardan xəbərsiz maaşdan tutulma ola bilməz", o deyir.
"Zamin durmuşam. Ödəniş etməyib, onun, həm də öz borcumu ödəyib pis günə qalmışam. Pul maaşımdan tutulmayıb, 800 manat ödəmişəm ki, məhkəməyə düşməyim", Elnurə adlı oxucu BBC Azərbaycancaya məktubunda yazıb.
Asif Bayramov adlı istifadəçi yazır ki, "Kapital Bank xəbər etmədən maaşdan pul tutur. Bu olur. Əgər zamin duran və kredit götürən eyni bankda maaş kartı alırsa, o zaman bank birbaşa məxaric edir".
Azad Zaman adlı istifadəçi, "məhkəmə yolu ilə mənə başqasının borcunu ödətdiriblər" yazır.
"Bacım borcunu ödəyə bilmir. Əvvəl yoldaşı ödəyirdi. Qəfildən rəhmətə getdi. İndi bacıma zəng vururlar ki ödə, o da ödəniş edə bilmir. Yoldaşının ölüm kağızını da təqdim edib. İndi tez-tez zaminə zəng edirlər ki, o rəhmətə gedib sən ödəməlisən. Zamin də verə bilmir. Heç bir məhkəmə qərarı yoxdur", Ayaz Əbdüləzimli adlı istifadəçi yazır.
Fual Soltanov yazır ki, "Mən mühasibəm, maaşları hesablayıb verirəm. Sabahı gün yanıma bəlkə də 10 nəfər gəlir ki, kartımdan pul çıxmadı. Araşdırdıqdan sonra məlum olur ki, bu adamlar nə vaxtsa kiməsə zamin durublar".
İqtisadçı Natiq Cəfərlinin fikrincə, bir şəxsin zamin durduğu borclu tanışının borcunu məhkəməsiz ödəməsi mümkündür. Onun sözlərinə görə, zaminlik müqaviləsində bu haqda müddəa qeyd edilə bilər.
"Vətəndaşlar müqavilə şərtləri oxumadıqları üçün, müqavilədə belə bir maddənin olduğundan xəbərsiz ola bilərlər. Bir bank başqa bankda olan hesabdan da tutmalar edə bilər. Çünki banklar arasında müqavilə var", o deyir.
Zamin duran şəxslər niyə banklara borclu sayılır?
Zaminlik müqaviləsi bağlanırsa, o zaman zamin borclu ilə eyni məsuliyyəti daşıyır. Yəni borcu pulu geri ödəyə bilmirsə, bu zaman zamin ödəməni həyata keçirməlidir, Azərbaycan Respublikasının Mülki Məcəlləsində belə nəzərdə tutulur.
"Banklar özlərini sığortalamaq üçün zaminlik sistemindən istifadə edirlər. Kimsə kredit götürmək istəyəndə, bir və ya iki zaminin olmasını vacib şərt kimi qoyurlar. Məqsəd məsuliyyətin bölüşməsidir, yəni vətəndaş krediti ödəyə bilmədikdə artıq zamin duran şəxsə müraciət edirlər", iqtisadçı Samir Əliyev deyir.
O digər nüansa da toxunur və deyir ki, banklar zaminlikdən başqa, qeyri-rəsmi digər addım da atırlar. Onlar borc götürənin yaxın qohumlarının da telefon nömrələrini qeyd edirlər. Ödəniş gecikəndə qohumlar vasitəsilə borcluya təsir edirlər.
Hüquqşünas Əkrəm Həsənov da deyir ki, qanun qarşısında zaminlə borclu arasında fərq yoxdur.
Qanunsuz müqavilələr
Ancaq mümkündür ki, vətəndaşları çətinə salan imzaladıqları və təhlilçilərin "qanunsuz" hesab etdiyi zaminlik müqavilələridir.
"Müqavilə imzalanarkən bank tərəfindən faizlərin ayda bir dəfə ödənilməsi göstərilir. Amma Mülki Məcəllənin 741-ci maddəsinə görə, fazilər ildə bir dəfə ödənilməlidir. Yəni məhkəməyə düşmüş zamin bu maddəni əsas gətirərək, müqavilənin qanunsuz olduğunu sübut edə bilər", Samir Əliyev deyir.
Hüquqşünas devalvasiyadan sonra bir çox zaminlik müqavilələrinin etibarsızlaşdığını da deyir. Çünki bankların çoxu kütləvi şəkildə kredit müddətini artırıblar.
"Zaminin icazəsi olmadan müqaviləyə dəyişiklik edilə bilməz. Mütləq zaminin icazəsi alınmalıdır. Qanunda zaminin icazəsi olmadan öhdəliyin həcmi artılırsa müqavilə qüvvəsini itirir", o deyir.
Narazılıqlarla bağlı banklardan şərh almaq hələ ki, mümkün olmayıb, amma şərhlər alınan kimi yazıya əlavə olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.