Kəşfiyyatçılara casus proqramları satan şirkətin Azərbaycanla əlaqəsi üzə çıxdı - SƏNƏDLƏR

6-07-2015, 21:54           
Kəşfiyyatçılara casus proqramları satan şirkətin Azərbaycanla əlaqəsi üzə çıxdı - SƏNƏDLƏR
Dünyanın müxtəlif ölkələrinin xüsusi xidmət orqanlarına və hərbi strukturlarına casus proqramları satan İtaliya şirkətinin özü haker hücumuna məruz qalıb.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün səhər İtaliyanın casus və izləmə proqramları üzrə ixtisaslaşmış “Hacking Team” şirkəti özünün məlumat bazasının haker hücumuna məruz qaldığını elan edib.

Haker hücumu nəticəsində şirkətin məlumat bazasından 400 GB həcmində məlumat ələ keçirilib. Və şirkətə haker hücumu onun Azərbaycanla əlaqələrini də ortaya çıxarıb.

Haker hücumu nəticəsində üzə çıxıb ki, Milanda mənzillənmiş “Hacking Team” şirkətinin casus proqramları satdığı ölkələr arasında Sudan, Səudiyyə Ərəbistanı, Misir, Efiopiya, Nigeriya, Mərakeş, Çili, Kolumbiya, Ekvador, Honduras, Meksika, Panama, ABŞ, Azərbaycan, Qazaxıstan, Malayziya, Monqolustan, Cənubi Koreya, Tailand, Özbəkistan, Avstraliya, Çexiya, Almaniya, Macarıstan, İtaliya, Lüksemburq, Rusiya, İspaniya, İsveçrə, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Kipr, Çexiya, Vyetnam və Polşa var.

Şirkətin istehsal etdiyi casus proqramları müxtəlif platformalı mobil qurğularda və kompüterlərdə məskən salaraq oradakı məlumatları köçürə, habelə qurğu sahibinin hərəkətlərini izləyə, onun səs və videogörüntülərini qeydə alıb ötürə bilir.

Şirkət bildirir ki, proqramların satışı qanunidir və onlar hüquq-mühafizə orqanları tərəfindən istifadə olunur.

Bundan əvvəl beynəlxalq insan təşkilatları bu şirkəti sərt rejimlərin hökm sürdüyü ölkələrə casus proqramlarını satmaqda ittiham edirdi.

“Sərhədsiz reportyorlar” isə bu şirkəti internetin düşmənləri siyahısına salıb. Şirkət isə belə sövdələşmələri inkar edirdi. Lakin indi haker hücumu nəticəsində məlum olub ki, şirkət Sudan, Səudiyyə Ərəbistanı kimi ölkələrə yüz minlərlə dollara belə proqramlar satıb.

Məsələn, Sudanın xüsusi xidmət orqanları şirkətdən məsafədən izləmə proqramını almaq üçün 530 min dollar ödəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.