Ermənistan silahlanır - “Smerç” reaktiv yaylım atəş sistemləri, “İqla” zenit raketi - Azərbaycan üçün təhlükə varmı?

26-05-2017, 10:11           

Ötən gün ölkə mətbuatında Rusiya və Ermənistan arasında imzalanmış 200 milyon dollar dəyərində kredit sazişi çərçivəsində silahların çatdırılmasına dair bütün müqavilələrin bağlandığı və onların icrasına başlanıldığı barədə xəbərlər yer aldı.

GoldNews.Az-ın məlumatına görə, Ermənistan Rusiya ilə bu kredit sazişi çərçivəsində 18 müqavilə bağlayıb. Hazırda silahların istehsalı və Ermənistan Silahlı Qüvvələrinə çatdırılması prosesi həyata keçirilir.

Mediaya sizan məlumatlara görə, kredit vəsaiti hesabına Rusiya Ermənistana 9K58 “Smerç” reaktiv yaylım atəş sistemləri və onlar üçün 300 mm çaplı 9M531 kumulyativ-qəlpəli elementli döyüş sursatı, T-72 tankının şassisi üzərində TOS-1A sistemi, onun nəqliyyat yükləyicisi (T3M-T –KamAZ bazasında), TOS-1A üçün idarə olunmayan termobarik raketlər, idarə olunan 9M113M raketləri, V-429E markalı partladıcılar, 9P522 “İqla-S” daşınan ZRK buraxıcı qurğusu və 9M342 “İqla” zenit raketi, 1L222M “Avtobaza” radiotexniki kəşfiyyat sistemi, zirehli texnika üçün V-84 və UTD-20 mühərrikləri, tanklar üçün 1A-40-1 nişangah kompleksinin satışı planlaşdırılıb.

Atıcı silahlardan müqavilə üzrə ermənilərə RPQ-26 reaktiv qumbaraatanları, 7.62 mm çaplı SVD snayper tüfəngləri, mühəndis vasitələrindən OVP-2 minatəmizləmə komplekti, İMP-S-2 sellektiv mina detektorları, siqnal minaları, EOV-3523 hərbi ekskvatorlar, müxtəlif hərbi təyinatlı kranlar, rabitə vasitələri (P-168-100KAE, P-168-5KHE), “Tiqr” zirehli avtomobilləri, habelə KamAZ və UAZ markalı avtomobil nəqliyyat vasitələri verilməsi nəzərdə tutulur.

Rusiyanın bədnam qonşumuza verdiyi silahların parametrlərinə baxıldıqda, onların ölkəmiz üçün ciddi təhlükə yarada biləcəyi ortaya çıxır.

Bu barədə GoldNews.Az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan bu prosesə sakit reaksiya verməməlidir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və Ermənistana verdiyi silahlar da çox ciddi silahlardır. Ekspertin sözlərinə görə, bu silahlar işğal olunmuş ərazilərdə yerləşdiriləcək və bizə qarşı istifadə ediləcək.

"Ölkəmiz bu məsələ ilə bağlı çox sərt münasibət sərgiləməlidir. Necə ki, ötən il Amerikanın Ermənistana verdiyi müşahidə cihazları bu gün işğal edilmiş ərazilərdə istifadə edilir, eləcə də bu silahlar istifadə ediləcək. Düşünürəm ki, ermənilər bu prosesi davam etdirəcəklər".

Üzeyir Cəfərov, "Rusiyanın Ermənistana verdiyi yeni silahlar cəbhədə qüvvələr balansını bərabərləşdirirmi?" sualını isə belə cavabladı:

"Rusiyanın çalışdığı oldur ki, balans yaransın, amma Azərbaycan Ordusunun arsenalında olan 4-cü nəsil silahlardır və şimal qonşumuz düşməni nə qədər silahlandırsa da, balanslaşma yaxın bir neçə ildə mümkün deyil".

Hərbi ekspert Rusiyanın Ermənistana köhnə nəsil silahlar verməsi məsələsinə də aydınlıq gətirdi və qeyd etdi ki, hazırda şimal qonşumuz regiona öz təsirini artırmaq üçün bir qədər fərqli silahlar verməyə başlayıb.

"Bəli, Rusiya əvvəllər Ermənistana köhnə silahlar verirdi. İndi isə həmin silahların modifikasiyası dəyişdirilir və ciddi silahlardır və bizim üçün ciddi problemlər yarada bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.