Bakının xilaskarı Nuru Paşa həbsxanadan necə qaçırılıb? –ARAŞDIRMA

30-05-2017, 09:37           
Bakının xilaskarı Nuru Paşa həbsxanadan necə qaçırılıb? –ARAŞDIRMA
Cavid CABBAROĞLU,

APA TV-nin Xəbər müdiri, tarix üzrə fəlsəfə doktoru



Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürdü. Amma elə bir dövrdə yaşadı ki, az qala, hər gün bir neçə tarixi hadisəyə şahidlik etdi. Bu səbəbdən Cümhuriyyət tariximizin hələ o qədər öyrənilməli, araşdırılmalı səhifələri var ki… Onlardan biri də Bakının xilaskarı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın həbsdən qaçırılması ilə bağlıdır.



Mondros müqaviləsi və Azərbaycan

1918-ci il oktyabrın 30-da Egey dənizindəki Mondros limanında, ingilislərin "Agamemnon" gəmisində ingilis admiralı Kaltorp və Osmanlı hərbi dəniz naziri Hüseyn Rauf barışıq sazişi imzaladılar. Kaltorp bu sənədi oktyabrın 31-də müttəfiqlərə göndərdi. Beləliklə, Osmanlı dövlətinin Birinci Dünya müharibəsindəki iştirakı başa çatdı.

Bu sazişin Azərbaycana dair bir sıra şərtləri vardı. 11-ci maddəyə görə, türk orduları tezliklə Güney Azərbaycandan çıxmalı idi. 15-ci maddəyə görə, Güney Qafqaz dəmiryolu, Bakı və Batum azad və tam şəkildə müttəfiqlərin sərəncamına verilməli idi.

Mondros barışığının 12-ci maddəsinə görə, Güney Azərbaycandakı və Qafqazdakı Osmanlı qüvvələri Birinci Dünya müharibəsi öncəsindəki sərhədlərə qədər çəkilməli idilər. Noyabrın 8-də ingilis hökuməti Osmanlı dövlətindən Qafqazdakı bütün türk qüvvələrinin, o cümlədən Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun 1914-cü il hüdudlarına geri çəkilməsini tələb etdi. Bu dövrdə Qafqazda və Güney Azərbaycanda təxminən 73 min nəfərə qədər türk əsgəri vardı.

Nuru Paşa Bakıda qaçaq durumunda

İstanbul hökumətindən də Bakını tərk etmək əmri alan Nuru Paşa, faktiki olaraq, qaçaq durumuna düşmüşdü. İki ay əvvəl əsgər və zabit silahdaşlarının qanı hesabına azad etdiyi Bakını tərk etməli idi. Əks halda, ya xidmət etdiyi Osmanlı hökuməti, ya da itaət etmədiyi müttəfiqlər tərəfindən həbs olunacaqdı. O, çətin seçim qarşısında qərarını verir: Qafqaz İslam Ordusunun komandanlığından istefa verdiyini və Azərbaycan Ordusunun xidmətinə keçdiyini, yerinə isə Mürsəl Baki Paşanın təyin olunduğunu bəyan edir.

Nuru Paşa həmin günləri sonradan belə xatırlayırdı: "Ənzəlidə olan ingilis birləşmələrinin komandanı general Tomson Bakıya bir hərbi heyət göndərərək, Bakının boşaldılmasını tələb etdi. İngilislər Azərbaycan hökumətini tanımaq istəmirdilər. Osmanlı ordusu komandanı olduğum üçün mənə müraciət etdilər. Onlara ordudan istefa etdiyimi, Azərbaycanın tabeliyinə girdiyimi və Mürsəl Paşa ilə görüşmələrini söylədim. Həm məktubla, həm də nümayəndə heyəti ilə xüsusi görüşümüzdə Azərbaycan hökumətinin "bir oyuncaq" olduğunu və onu tanımayacaqlarını bildirdilər. İngilislər Bakının boşaldılmasını tələb edirdilər. 1918-ci il noyabrın 17-də Bakı şəhərini işğal edəcəklərini bizə bildirdilər. Bakını işğal mövzusunu Azərbaycan hökuməti ilə müzakirə etmələrini, şəxsən hökumətin əmrinə tabe olduğumu və hökumət əmr edərsə, Bakını müdafiə edəcəyimi də bildirdim".

Cümhuriyyət Nuru Paşanı təslim etməkdən imtina edir

Azərbaycan hökumətinin Ənzəlidə ingilis ordusunun komandanı general Tomsonla apardığı danışıqlar hər iki tərəfi qane edən sonuclarla yekunlaşır. Bu səbəbdən Qafqaz İslam Ordusunun əsgər və zabitləri noyabrın 17-də Bakını tərk edir, lakin bəraye-ehtiyat paytaxtdan çox da uzaqlaşmayıb, Biləcəri və Xırdalan ətrafında cəmləşirlər.

Nuru Paşa xatirələrində bunu qəsdən etdiklərini etiraf edir: "Şəhəri boşaltdıqdan sonra qoşunlarımız qəsdən Bakı ətrafından uzaqlaşdırılmadı. Qoşun birləşmələrinin uzun müddət şəhəri mühasirə vəziyyətində saxlaması ingilisləri şübhələndirdi və bir neçə dəfə burada dayanmağımızın səbəbini soruşdular. Biz yolun xarab olmasını səbəb göstərdik. Həqiqətən də bir dəmiryolu körpüsü dağıdılmışdı".

İngilis komandanlığı Mondros sazişinin bəndlərini pozduğu üçün Nuru Paşanın təslim olunmasını Azərbaycan hökumətindən tələb edir. Lakin bu tələblərə məhəl qoyulmur.

Bu arada Osmanlı sultanı Vəhidəddinin göstərişi ilə Hərbiyyə Nazirliyi 25 noyabr 1918-ci il tarixli əmrində "Azərbaycan hökuməti xidmətinə daxil olduğunu bəyan edən Nuru Paşanın" Osmanlı ordusundan xaric olunduğunu bəyan edir.

Topçubaşov Nuru Paşaya necə sahib çıxdı?

Versal sülh konfransına qatılmaq üçün həmin vaxt İstanbulda olan Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşov da vaxtaşırı olaraq Nuru Paşa haqqında istər Osmanlı hökumətinin, istərsə də yerli mətbuatın sualları ilə qarşılaşmaq zorunda qalır. Onun İstanbulda nəşr olunan "Təsviri-Əfkar" qəzetinin 30 noyabr 1918-ci il tarixli sayında işıq üzü görən müsahibəsi Osmanlı paytaxtında soyuq duş effekti yaradır: "Azərbaycan hökuməti-islamiyyəsi təsis olunduğu zaman əsgəri təşkilat və idarəçiliyinə sahib deyildi. İslam hökuməti olması səbəbindən Osmanlı hökumətindən yardım istəməkdə haqlı idi. Biz məmləkətimizdə əsgəri təşkilat yaratmaq üçün Nuru Paşanı cəlb etdik və ondan həddən ziyadə mənfəətlər gördük. Nuru Paşa Azərbaycan Ordusunu təşkilatlandırdı. Hal-hazırda hökumətimizin 50 min nəfərlik silahlı bir ordusu olduğunu söyləyə bilərəm. Nuru Paşanın indiki anda Azərbaycanda olmasının səbəbinə gəlincə, sizə yalnız onu deyə bilərəm ki, bu, tamamilə Azərbaycan hökuməti ilə azərbaycanlıların arzularından ibarət bir şeydir və Nuru Paşa Azərbaycanda qalacaqdır".

Əslində Ə.Topçubaşovun bu bəyanatı o dövr üçün həm cəsarət, həm də əhdə vəfa nümunəsi idi. Çünki bu bəyanatla o, faktiki olaraq, Nuru Paşanı fərari sayan həm Osmanlı hökumətinə, həm də müttəfiqlərə qarşı çıxış etmiş olurdu. Unutmaq qətiyyən olmaz ki, Əlimərdan bəyin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin üzvləri Versal sülh konfransına qatılmaq üçün həmin vaxt İstanbulda viza gözləyirdi və bu çıxış onlara nəyin bahasına başa gələ bilərdi. Lakin Azərbaycan parlamentinin sədri Bakını işğaldan azad edərək Cümhuriyyətimizə paytaxt kimi ərməğan edən Nuru Paşaya vəfa borcunu heç nədən çəkinməyərək ortaya qoymaqdan çəkinməmişdi.

Nuru Paşa Azərbaycanı tərk edir və həbs olunur

Tədricən, Bakının ingilis işğalında olmasının Azərbaycanın istiqlalına xələl gətirmədiyinə əmin olan Nuru Paşa qüvvələrini Gəncəyə toplayır. İngilislərə güvənini ortaya qoymaq üçün Şuşa qalasını ermənilərə deyil, məhz ingilislərə təslim edir. Lakin yaranmış şərait onu Azərbaycanı tərk etməyə vadar edir: "İstanbul hökumətinin son əmri ilə Azərbaycanda bir nəfər də Osmanlı zabiti və əsgərinin qalmasına icazə verilmədiyi üçün qalmaq istəyənlərin sayı bir neçə nəfərə qədər azaldı. İngilislər Azərbaycan hökumətinə təzyiq göstərərək osmanlıların qalmasına mane oldular. İngilislərin təsiri ilə Azərbaycan hökuməti Osmanlı komandanlığı vasitəsilə şəxsən özləri mənə müraciət edərək Azərbaycandan uzaqlaşmağımı istədilər. Əslində ingilis komandanlığı Azərbaycanın müstəqilliyini ordumuz kimi müdafiə edirdi. Qarabağda müsəlmanlara hücum etmək istəyən erməniləri qorxutmuş və uzaqlaşdırmış, Lənkəran və Muğanın Azərbaycana tam birləşdirilməsinə yardım etmişdi. İngilislərin bu əlverişli hərəkətlərinə mane olmamaq üçün Azərbaycanı tərk etməyə qərar verən bir neçə yoldaşla, gələcəkdə qayıtmaq fikri ilə Batuma getdik".

Batumda bir müddət qaldıqdan sonra Trabzona keçən Nuru Paşa oradan Zonquldağa, Zonquldağdan isə İstanbula gəlir. İstanbula gəlişindən bir neçə gün sonra Hərbiyyə Nazirliyinə dəvət olunur və orada qandallanaraq asanlıqla ingilislərə təslim edilir. Bu hadisə 1919-cu ilin fevralında baş verir.

AXC Nuru Paşanın həbsdən qaçışı üçün pul ayırır

Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əksinqilabla Mübarizə Təşkilatının sədri Nağı bəy Şeyxzamanlı (Keykurun) xatirələrində yazır: "Gəncədə olan vaxt eşitdim ki, ingilislər Nuru Paşanı tutub Batuma gətirərək hərbi tribunalda mühakimə edəcəklər. Onlar Nuru Paşanı, guya, Bakıda erməni soyqırımı etdiyinə görə günahlandırırlar. Dərhal Bakı ilə telefon əlaqəsi saxlayıb xəbərin doğru olduğunu öyrəndim. Gəncə ermənilərindən bir sənəd almaq lazım idi ki, Nuru Paşanın Gəncəyə gəlişində ermənilərə heç bir pislik etmədiyi kimi, erməniləri mühasirədən qurtarıb azadlıq verdiyini, həyatlarının təhlükəsizliyini təmin etdiyini isbat etmək mümkün olsun. Sənədin alınması üçün Gəncənin görkəmli şəxsləri ilə bərabər Erməni Milli Təşkilatına müraciət etdim. Sənədi alacağıma qəti inanırdım. Ancaq ermənilər xahişimizi rədd etdilər və «Biz uşaq deyilik. Çox yaxşı bilirdik ki, Nuru Paşanın bizə pislik etməməsi məqsədli deyil. Nuru Paşa çox yaxşı bilirdi ki, Gəncədə erməni soyqırımı edilsəydi, Bakıda bir türklə rastlaşmayacaqdı. O gözlədi ki, Bakını işğal edib oradakı soyqırımı bitirsin və ondan sonra Gəncədə başlasın. Ancaq müvəqqəti barışıq oldu. Osmanlı ordusu soyqırımına vaxt əldə edə bilmədi» dedilər. Biz də əliboş geri qayıtdıq. Bakıya gələrək Nəsib bəylə (baş nazir Nəsib bəy Yusifbəyli – C.C.) görüşdüm və sənəd ala bilmədiyimi ona söylədim. Nəsib bəy mənə «Mən səni heç vaxt bu qədər pərişan görməmişəm» dedi. Mən də «Nəsib bəy, ermənilər çox nankorluq etdilər. Nuru Paşanın almağa haqqı olan sənədi almadan gəldim» dedim. Nəsib bəy gülərək «Üzülmə, Nuru Paşanı qurtarmanın daha asan yolu var. Batumdan mənə xəbər gətirdilər ki, Hopa bəyləri plan hazırlamışlar. Nuru Paşanı zor işlətməklə xilas edəcəklər. Ancaq maddi cəhətdən çətinlik çəkirlər. Sən dərhal 200 min manat götürüb Batuma get» dedi. Mən sevinc içərisində «Əmr edin pulu versinlər, axşam yola düşüm» dedim. Pulu alıb Batuma gəldim və Azərbaycan konsulu Dr. Mahmud bəylə görüşdüm. Mən gəlişimin məqsədini ona anlatdım və Nuru Paşa ilə necə görüşə biləcəyimi soruşdum. Doktor «İmkan yoxdur, ancaq Mürsəl Paşa ilə görüşə bilərsən. O da ingilislərin nəzarəti altındadır» dedi. Mən dərhal gedib Mürsəl Paşa ilə görüşdüm. Mürsəl Paşa «Mənə bir şey olmaz, ancaq Nuru Paşanı buraxmayacaqlar. Ola bilsin ki, onu edam etsinlər. Onun qaçırılması təşkil edilməlidir» dedi. Mən gəlişimin səbəbini anlatdım. Çox razı qaldı. Mən Bakıya qayıtdıqdan sonra Nuru Paşanın qurtulmasını xəbər verdilər. Səkkiz gündən sonra Nuru Paşa ilə Bakıda görüşdük".

Həbsdən qaçış planı necə reallaşdı?

Nuru Paşa "Vətən" qəzetinin 9 yanvar 1924-cü il tarixli sayında dərc olunan müsahibəsində Batum qalasından qaçırılmasını belə anladır: "İngilis işğal qüvvələri nədənsə məni İstanbulda saxlamayıb Batuma göndərdilər. Əsirlik həyatım buradan başladı. Altı ay Batumda əsir qaldım. Fəqət bir gün qafqazlıların yardımı ilə qaçmağı bacardım. Tarixini xatırlamadığım o gün bir zabit və beş ingilis əsgərinin nəzarəti altında Divani-Hərb Məhkəməsinə çıxarılmaq üçün aparılarkən yolda bir neçə qafqazlı mühafizəçilərin üzərinə hücum etdi. Küçənin ortasında kiçik bir atışma oldu. İngilislərdən ikisi öldürüldü, digərləri qaçdı. Beləliklə, təkrar sərbəst qaldım. Bu olay əsnasında yalnız bir qafqazlı şəhid oldu".

Sonralar Nuru Paşanın silah fabrikinin müdiri vəzifəsində çalışmış Türkiyənin Kuvayi-Milliyye komandanlarından Yenibahçeli Şükrü Oğuz (1881-1953) "Ulus" qəzetinin 6 mart 1949-cu il tarixli sayında dərc olunan xatirəsində qaçış planını detalları ilə təsvir edib: "Nuru Paşanı həbsdən qurtarmaq üçün gizli bir təşkilat qurulmuşdu. Bu təşkilatın üzvlərindən biri çoban qiyafəsində sürüsü ilə birlikdə Nuru Paşanın hava almağa çıxarıldığı bölgəyə qədər soxulmuşdu. Nuru Paşa ingilis əsgərlərinin nəzarəti altında gəzintiyə çıxarıldığı günlərin birində çoban ona uzaqdan bir kağız göstərmiş və həmin kağızı bir daşın altına qoymuşdu. Bir-iki gün sonra yenidən gəzintiyə çıxan Nuru Paşa həmin daşın yanına qədər gələ bilmiş və kağızı daşın altından götürmüşdü. Kağızda ona qaçırılma planının hazırlandığı bildirilmiş, planı həyata keçirmək üçün gəzinti bölgəsini yaxınlıqdakı meşəyə qədər genişləndirməyin zəruri olduğu nəzərinə çatdırılmışdı. Bir müddət sonra Nuru Paşa qızıl saatını və qol düymələrini ingilis mühafizəçilərinə verərək, onları meşəyə qədər gəzməsinə razı sala bilmişdi. Meşəyə yaxınlaşdıqlarında atəş açılmış, mühafizəçilərdən iki zabit və üç əsgər öldürülmüş, biri isə qaçmışdı. Atışma zamanı paşanı qaçıranlardan biri ağır yaralanaraq şəhid olmuşdu".

Nuru Paşanın həmin vaxt İstanbuldakı Bəkirağa Bölüyündə həbsdə saxlanılan əmisi Xəlil Paşa da təsadüfən həmin gün həbsdən qaçırılmışdı. Xəlil Paşa da xatirələrində qardaşı oğlunun məhz azərbaycanlı dostlarının yardımı ilə həbsdən qaçırıldığını vurğulayır.

Türkiyə İstiqlal Savaşının öndə gələn isimlərindən Şərq Cəbhəsinin komandanı, sonralar Türkiyə Böyük Millət Məclisinin sədri olmuş Kazım Qarabəkir Paşa (1882-1948) isə xatirələrində Nuru Paşanı Batumdan Təməl Bəy adlı bir azərbaycanlının qaçırdığını bildirir: "Necə qaçırdığını, bir neçə növbətçini vurduğunu uzun-uzadı anlatdı. "Qaçırmaq nə münasibətlə oldu, sənə bu vəzifəni kim verdi?" deyə soruşdum. Dedi ki, Nuru Paşa Qafqaz komandanı olaraq məmləkətimizi qurtardı. Batumda həbsdə yatmasına razı ola bilməzdik. Bir neçə yoldaş qərar verdik, mən də cəsarətlə yapdım".

İngiltərə arxivlərində yer alan 9 sentyabr 1920-ci il tarixli kəşfiyyat raportunda isə Nuru Paşanın həbsdən qaçış planını hazırlayanların adları dəqiq göstərilir. Raportda qeyd olunur ki, qaçış planını Əhməd bəy Abaşidze adlı gürcü müsəlman (böyük ehtimalla acar – C.C.) hazırlamış, Bakı milyonçularından Musa bəy Aşurbəyov və Trabzonun sabiq deputatı Nail Bəy planın həyata keçirilməsi üçün xeyli pul xərcləmişdilər.

Nuru Paşa yenidən Azərbaycanda

Nağı bəy Şeyxzamanlının xatirələrindən anlaşılır ki, Nuru Paşa Batumdan Bakıya qaçırılmışdı. Bu hadisədən 20 gün sonra ingilis generalı Milne rəsmi Londona harada olması bilinməyən Nuru Paşanın başına 1 milyon rubl pul qoyulması haqqında raport verir. Oktyabrın 21-də isə paşanın Azərbaycanda olması haqqında etibarlılığı şübhə doğurmayan qaynaqdan məlumat alındığını bildirir və diplomatik yollarla Azərbaycan hökumətinə Nuru Paşanın təslim olunması üçün təzyiq göstərilməsini istəyir.

İngiltərə Xarici İşlər Nazirliyinin rəsmisi Edmons isə yazır ki, Nuru Paşa Mondros müqaviləsinin 11-ci maddəsinin əleyhinə çıxaraq Azərbaycandan çəkilməyə dirəndiyi üçün yaxalanmışdı: "O, özünü Azərbaycanda evindəki kimi hiss edir, tanınır və sevilir. Daha öncə Azərbaycan türkləri uğrunda savaşmışdır. Azərbaycan millətçilərinin gözündə Ənvər Paşanın qardaşı gerçək bir qəhrəmandır. Ona görə də Nuru Paşanın ingilislərə təslim edilməsi şansı yoxdur".

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 1965-ci ildə nəşr etdiyi "Türk İstiqlal Hərbi Şərq Cəbhəsi (1919-1921)" adlı əsərdə isə qeyd olunur ki, Nuru Paşa Bakıda çox qalmamış, buradan Qarabağa yollanaraq erməni üsyançılarına qarşı döyüşmüş, daha sonra isə 1920-ci ilin mayında bolşeviklərə qarşı Gəncə üsyanında fəal iştirak etmişdi. Üsyanın qan içində boğulmasından sonra Nuru Paşa iki-üç min nəfərlik ordusu ilə Araz çayı üzərindəki Xudafərin körpüsündən əvvəlcə İrana, İrandan Naxçıvana, oradan isə Ərzuruma keçmişdi.

Son söz yerinə

Bakının xilaskarı olan Nuru Paşanın həbsdən qaçış hekayəti uydurma deyil, real tarixi hadisədir. Və bu hadisə Cümhuriyyət tariximizin ən şanlı səhifələrindən birini təşkil edir. Osmanlı dövlətinin Birinci Dünya müharibəsindən məğlub vəziyyətdə çıxmasına və əlverişsiz beynəlxalq şəraitə baxmayaraq, Cümhuriyyətimizin sona qədər Qafqaz İslam Ordusuna və onun komandanı Nuru Paşaya sahib çıxması, özünün ağır maddi durumda olmasına rəğmən, paşanın həbsdən qaçırılması və Batumdan Bakıya gətirilməsi üçün o dövrdə kifayət qədər ciddi məbləğ sayılan 200 min manat vəsait ayırması həm də dürüstlük və əhdə vəfa nümunəsi sayılmalıdır. Mübaliğəsiz demək olar ki, Cümhuriyyət qurucularımız bizə təkcə demokratik dəyərlər deyil, həm də mənəvi dəyərlər sistemi miras qoymuşlar. Ruhları şad, məkanları cənnət olsun!



P.S. Yazı hazırlanarkən Qafqaz Araşdırmalar İnstitutunun "Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu" (Bakı-2013) və Atilla Oralın "Nuri Killigil" (İstanbul-2016) əsərlərindən istifadə olunmuşdur.

Lent.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.