Cəmi altı gün ərzində Azərbaycana rəhbərlik etmiş ilk qadın
30-05-2017, 15:00
Azərbaycanda həmişə hesab ediblər ki,müxtəlif illərdə - sovet vaxtı, ondan əvvəl və sonra da ölkəyə kişilər rəhbərlik ediblər.
Lakin məlum olub ki, ölkəmizin tarixində qadın rəhbər də olub.
1920-ci ildə MK Stasovanı Bakıya göndərir.Yelena Dmitriyeva Stasova (partiya ləqəbləri – “Absolyut”, “Quşa”, “Varvara İvanovna”, “Delta” 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda anadan olub.
O, rus ictimai xadimi, vəkil Dmitri Stasovun ailəsində dünyaya göz açıb. Ailədə altı uşaqdan beşincisi olub.
13 yaşınadək evdə təhsil alıb. 1887-ci ildə özəl qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və 1890-cu ildə bu məktəbi qızıl medalla bitirib.
Rus dili və tarixindən dərs keçmək hüququ alan Stasova əvvəllər anasının çalışdığı bazar günü məktəbində dərs deməyə başlayıb.
20 yaşında Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olan Stasova onunla birlikdə fəhlələrə dərs keçir və sosial-demokratik təbliğat aparırlar. Krupskaya onu qeyri-qanuni fəaliyyət göstərən Qırmızı Xaçda siyasi fəaliyyətə cəlb edir. 1898-ci ildən Stasova “Fəhlə sinfinin azadlığı üçün mübarizə ittifaqının” fəal üzvünə çevrilir. 1901-ci ildən o, “İskra”nın agenti kimi fəaliyyət göstərir.
1905-ci ilədək o, Sankt-Peterburq, Oryol, Moskva, Minsk, Vilnüsdə gizli partiya fəaliyyəti ilə məşğu olur və elə 1904-cü ildə Vilnüsdə ilk dəfə həbs edilir.
1905-1906-cı illərdə Stasova İsveçrədə mühacirətdə yaşayır və burada “Proletatirat” qəzetini dərc edir. 1906-cı ildə Finlandiyada silah, pul və partiya işçilərinin sərhəddən keçirilməsi ilə məşğul olur və elə həmin ildə ikinci dəfə saxlanılır.
1907-ci ildə xəstəliyi ilə əlaqədar Qafqaza gəlir. 1907-1912-ci illərdə Tiflisdə partiya-təbliğat işində çalışır. 1912-ci ilin iyulunda Tiflisdən Peterburqa gəlir və burada valideynlərinin mənzilində həbs edilir.
1913-1916-cı illərdə Yenisey quberniyasında sürgündə olur.
1916-cı ildə Petroqrada (Sankt-Peterburqun o zamankı adı) gələn Stasova burada partiya fəaliyyətinə başlayır və yenidən həbs edilir. Fevral inqilabından sonra o, azadlığa buraxılır.
1919-cu ilin martında Stasova Moskvaya köçür.
1920-ci ildə Mərkəzi Komitə (MK) Stasovanı Bakıya göndərir və o, burada Şərq xalqlarının 1-ci qurultayına hazırlıqda iştirak edir, bolşeviklər partiyasının Qafqaz bürosunda çalışır.
9 sentyabr 1920-ci ildən 15 sentyabr 1920-ci ilədək Stasova Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri vəzifəsini tutaraq, qısa bir vaxt – cəmi altı gün ərzində Azərbaycana rəhbərlik etmiş ilk qadın olur.
Stasova 31 dekabr 1966-cı ildə Moskvada dünyasını dəyişib. Ölümündən sonra meyiti yandırılıb, külü isə Moskvada Qırmızı meydanda Kreml divarında yerləşdirilib.
Baba Allahnezerov
teref.az