İran daha bir təhlükə qarşısında –Ölkə paytaxtının su ehtiyatı sürətlə azalır

31-05-2017, 08:54           

Su mütəxəssisləri İran paytaxtının su ehtiyatlarının təhlükəli səviyyədə azaldığı barədə xəbərdarlıq edirlər.

«Tehran əyalətində yeraltı su ehtiyatlarının səviyyəsi ildə 1.30 metr azalır. Yeraltı ehtiyatların həddindən çox istifadə olunması nəticəsində biz torpağın ildə 16 santimetr çökməsinin şahidi oluruq», – deyə Tehran regional su departamentinin direktoru Məhəmməd Rza Bəxtyari «Fars» xəbər agentliyinə bildirib.

Mütəxəssis həmçinin qeyd edib ki, Tehran əyalətindəki Varamin düzündə mövcud olan təqribən 3200 quyudan yalnız 1760-ı qanunidir.

«Ümumilikdə, 370 milyon kubmetr su çıxarılır. Bunun 30 milyon kubmetri qeyri-qanunidir. Bu il 180 quyunu bağlamışıq və bununla 10 milyon kubmetr suya qənaət etmişik», – deyə Bəxtiyari qeyd edib.



15 İLƏ YARIM METRLİK ENMƏ



Yeraltı sular Varamin düzənliyində əsas su mənbələrindən biridir. Ancaq düzgün idarə olunmadığına və həddindən çox çıxarıldığına görə, bu su ehtiyatlarına ciddi ziyan dəyir.

2015-ci ildə su eksperti Məhəmmad Rza Fatimi də Tehran əyalətinin su ehtiyatlarında təhlükəli azalma xəbərdarlığını etmişdi. O demişdi ki, «2014-cü ildə su ehtiyatlarından həddindən artıq istifadə yeraltı su ehtiyatlarının səviyyəsinin 1.5 metr azalmasına yol açıb»

Aparılan bir neçə dəyərləndirməyə görə, son 15 il ərzində İranın su hövzələrində suyun səviyyəsi yarım metr enib.

2008-ci ildə «National Geographic»in saytında dərc edilmiş hesablamalar göstərir ki, 1971-2001-ci illər arasında İranda yeraltı su yataqlarının səviyyəsi 15 metrə qədər düşüb.



«SU GƏRGİNLİYİ» MƏRHƏLƏSİ



İran dünyanın quraq regionlarından birində yerləşir və onun bir çox bölgələri səhralarla örtülüb. Bundan başqa, quraqlıq, yağıntıların ciddi azalması, su ehtiyatlarının həddindən artıq istismarı və suyun düzgün idarə olunmaması son illər ölkənin həyati əhəmiyyətli iri və xırda göllərinin, çaylarının qurumasına gətirib çıxarıb.

Ancaq 2015-ci ildə Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Masumeh Ebtekar bəyan edib ki, İran yeraltı suların çıxarılması sahəsində bütün dünyada ən yaxşı göstəricilərə malikdir.

Bundan iki il öncə isə energetika naziri Hamid Çitçian İranın hər gün sürətlə su böhranına yaxınlaşdığı xəbərdarlığını edib. O deyib ki, hazırda ölkə artıq «su gərginliyi» mərhələsindədir və İranın akviferləri (müxtəlif su keçiriciliyinə malik çökmə süxur qatları) 20 metrə qədər enib.



PLANETİN SU EHTİYATLARININ 1 FAİZİNDƏN AZI



ABŞ-da aparılmış elmi araşdırmalar göstərir ki, yeraltı su ehtiyatları dünyada içməli suyun 20-30 faizini təşkil edir. Bu isə planetin ümumi su ehtiyatlarının 1 faizdən azı deməkdir.

Bundan başqa, zəlzələ mühəndisliyi üzrə professor Mehdi Zare ISNA agentliyinə müsahibəsində bildirib ki, torpaq çökmələri regionun infrastrukturuna, o cümlədən dəmiryolu, ev və binalara ciddi ziyan vura bilər. O, əlavə edib ki, bu, ciddi zəlzələ riskini artırır.

İranın su ehtiyatlarının idarə olunması idarəsinin rəhbəri ötən ilin oktyabrında ölkənin 330 ovalığının su böhranı ilə üzləşəcəyini bildirib.

İranın üzləşə biləcəyi su böhranı onun iqtisadiyyatının, özəlliklə də kənd təsərrüfatı sahəsinin ciddi geriləməsinə yol aça bilər. Ölkəni izləyən bu kabusu aradan qaldırmaqdan ötrü daha yaxşı planlaşdırma, idarəetmə və nəzarətlə yanaşı, həm də bir çox ərazilərdə suyun nəqli infrastrukturunun yenidən qurulmasına və yaxşı vəziyyətdə saxlanmasına ehtiyac var.

Azadliq.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.