Azərbaycanlı “qanuni oğru”ların yeni savaşı: “Lotu Quli”nin qohumuna güllə atan kimdir
31-05-2017, 10:11
Odessada atılan güllələrin Bakıda əks-sədası; "Rafiq Masallınski" yoxsa Albert
Mayın 28-də Odessada iki azərbaycanlının - Gürcüstan vətəndaşı İlham Hacıyev və Oktay Arxalının həyatına sui-qəsd edildiyi barədə məlumat yayılıb. Rusiyanın primecrime.ru saytının məlumatında bildirilib ki, onlar “qanuni oğru” Nadir Səlifovun ( “Lotu Quli”) yaxın adamlardır. Sayt yazır ki, məlumata görə, İlham Hacıyev və Oktay Arxalıya BMW 5 avtomobilində hücum edilib. Killerlərin hücumu mayın 28-də gecə, Qaqarin küçəsində baş verib. Onların hər ikisi yüngül yaralanıb.
Yaralılar Odessada tibb müəssisəsinə müraciət etsələr də, orada qalıb müalicə olunmaqdan imtina ediblər.
Digər məlumata görə, xəsarət alanlardan biri-İlham Hacıyev digər azərbaycanlı “qanunu oğru” Albert Rıjiyə 2014-cü ilin mart ayında Sankt-Peterburqda edilən sui-qəsdin təşkilatçısıdır.
Məlumat üçün deyək ki, “Albert Rıjıy” kimi tanınan Əli Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. “Ded Xasan” klanında yer alan “Albert Rıjıy” Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin edilib.
“Ded Xasan”ın qətlindən sonra da (“Ded Xasan” 2013-cü il yanvar ayının 16-da öldürülüb) klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də “Albert Arxangelsk” kimi də tanınır.
Rafiq Masallınski
O, ötən ilin yayında Türkiyədə qətlə yetirilən “qanuni oğru” “Rövşən Lənkəranski” ilə də düşmən münasibətdə idi. Onun “Lotu Quli” ilə münasibətlərinin hansı səbəbdən pis olduğu bilinmir, çünki onların hər ikisi “Ded Xasan” klanı ilə yaxın əlaqələrə malik olublar.
2014-cü ildə isə “Albert Rıjıy”a sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi “Lotu Quli”nin adı hallanırdı.
Rusiya mətbuatı o zaman yazırdı ki, iş üzrə həbs edilən iki nəfər killer deyib ki, azərbaycanlı “vor zakon”un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra sifarişçi - Gürcüstanda anadan olmuş İlham Hacıyev də həbs edilib. İddia olunurdu ki, “Hamlet” “Lotu Quli”nin qohumudur.
Amma bu məsələdə həm “Lotu Quli”nin, həm də qohumunun adının hallanması uzun müzakirələrə səbəb olub və kimin haqlı, kimin haqsız olduğu mediaya məlum deyil. Çünki Rusiya mediasında belə iddialar da vardı ki, sui-qəsd məsələsini “Albert Rıjıy” özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.
“Quli”nin adamlarına sui-qəsddə kriminal aləmdə Rafiq Eyvazov (“Masallınski”) kimi məşhur olan başqa bir avtoritetin adı hallanır. Xatırladılır ki, “Lotu Quli”nin adamları İstanbulda Rafik Eyvazovu döyərək qulağını kəsmişdilər.
“Albert Rıjıy”
Yada salaq ki, aprelin sonunda Sankt-Peterburqda Cabir Həsənov adlı kriminal avtoritet qətlə yetirilmişdi. Rus mediası iddia edir ki, Cabir Həsənov cəzasını “Lotu Quli”nin saxlandığı 8 saylı həbsxanada çəkib və onunla yaxın münasibəti olub.
Maraqlıdır ki, Rusiya mətbuatı Cabir Həsənovun qətlini də "Rafiq Masallinskı"nin intiqamı kimi izah edirdi. Məlumata görə, "Rafiq Masallınski" bu qətldən sonra yaxın ətrafına "sırada daha 6 nəfər qaldı" deyib. Bu isə onun qulağının kəsilməsində iştirak edənlərin sonadək cəzalandırılacağı kimi yozulub.
Ancaq məlumatlı mənbənin virtualaz.org-a verdiyi məlumata görə, Odessadakı silahlı hücumu “Rövşən Lənkəranski”nin yaxın qohumu Zaur (“Zayka”) Məmmədov təşkil edib. Bildirilir ki, “Rövşən Lənkəranski”nin ölümündən sonra o, Rusiya paytaxtında bir sıra bazarlarda öz təsir dairəsini genişləndirib.
musavat.com