PUTİN NƏ ÜÇÜN DURMADAN QIZIL YIĞIR? – “Heç bir valyuta ABŞ dollarını əvəz edə bilməz”
25-11-2017, 08:34
Bu ilin əvvəlində dollar indeksi durmadan düşdüyü üçün bəzi ölkələrdə “dollarsızlaşdırma” prosesinə başlanılıb və elə buna görə də, Putin Rusiyanın qızıl-valyuta ehtiyatına xüsusi əhəmiyyət verir. Son dövrlər Rusiyanın qızıl-valyuta ehtiyatı xeyli artıb.
Putin hakimiyyəti düşünür ki, Rusiya 2018-ci ilin birinci rübündə bu xüsusda Çini ötüb keçəcək və qızıl ehtiyatına görə dünyada beşinci yeri tutacaq. Bu sahə üzrə mütəxəssislər qeyd edirlər ki, Rusiya hələ on il bundan öncə özünün qızıl ehtiyatına xüsusi diqqət yetirməyə başlayıb və onların qızıl toplamaq maraqları bu il görünməmiş səviyyədə yüksəlib. On il ərzində Rusiya Bankının qızıl ehtiyatı 1250 ton artıb və ümumi ehtiyat 1700 tona çatıb. Hal-hazırda qızıl ehtiyatına görə Rusiya dünyada altıncı yerdə qərarlaşıb. Rusiyanın qızıl ehtiyatının həcmi ölkənin qızıl-valyuta ehtiyatının 17%-ni təşkil edir.
- Nəyə görə Putin qızıla bu cür maraq göstərir?
Birincisi – İllərdir sürən neft dollarlarının hegemoniyasına əsasən, əgər Amerikan iqtisadi sistemində hər hansı pozulma baş verərsə, onda ABŞ-ın dövlət borcu problemi bütün ölkələrə təsir göstərəcək. Rusiya lideri hesab edir ki, ABŞ, sadəcə olaraq qaniçən parazitdir və Amerikan iqtisadiyyatı artıq dünyanı irəliyə itələyən hərəkətverici güc deyil. Putinin fikrinə görə, Rusiya özünün qızıl ehtiyatının genişləndirilməsi istiqamətindəki səylərini artırmalıdır. Çünki əgər ABŞ-da borc böhranı baş verərsə, onda kredit reytinqi düşəcək və Amerikan dollarını dəstəkləyənlər böyük problemlərlə üz-üzə qalacaqlar. Oktyabr ayında Çin Rusiya ilə ödəmələrin rubl və yuanla aparılmasının iki tərəfli sistemini işə salıb. Burada məqsəd Rusiya və Çin arasındakı əməliyyatlarda valyuta riskini azaltmaq və səmərəli valyuta əməliyyatalarını stimullaşdırmaqdır. Eyni zamanda da Rusiyanın qızıl ehtiyatı toplaması böhrandan qaçmağın üsullarından biridir.
İkincisi – “dollarsızlaşdırma” yolu ilə getmək üçün daha bir stimul Qərb sanksiyalarının təsiridir. 2014-cü ildə Ukrayna böhranı başladıqdan sonra, Avropa Birliyi və ABŞ Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq etdilər. Bu ilin iyulunda ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə əlaqədar yeni qanun layihəsini rəsmi surətdə imzaladı. Beləliklə, hər hansı hökumətdən asılı olmayan qızıl, Qərb ölkələrinin iqtisadi zərbələrinə qarşı Rusiya üçün ən yaxşı müdafiə ola bilər.
Həmçinin, görülən əks-tədbirlərdəki məqsəd dollar sistemindən uzaqlaşmaqdır. Bir müddət əvvəl Rusiya hökuməti İndoneziya ilə bu istiqamətdə müqavilə imzaladığını bəyan edib. Həmin razılaşmaya əsasən, Rusiyadan alınacaq strateji məhsulların və avadanlıqların əvəzinə İndoneziya Rusiyaya kofe, yağ, çay və digər məhsullar göndərəcək. Göründüyü kimi, Rusiya barter sistemi tətbiq edir. Prinsip etibarıyla bu cür gediş Qərb sanksiyalarına qarşı əks-tədbirdən daha ziyadə Amerikan iqtisadi hökmranlığını zəiflətmək məqsədi güdür.
Rusiya prezidenti göstəriş verib ki, 2018-ci ilədək ABŞ dolları ilə ödəmələrə qadağa qoyulsun. Əgər Rusiya ixrac sferasında barter yolunu seçirsə, onda ehtiyat yığmaq baxımından seçimin qızıl üzərinə düşməsi təəccüblü deyil.
Nüfuzlu ekspertlər hesab edirlər ki, əgər Qərb ölkələri (49,9%), MDB ölkələri (13,6%) və Çin Rusiya ilə ikitərəfli sövdələşmələr zamanı Amerikan dollarından istifadə olunmamasında razılığa gələrək, milli valyuta ilə ödəmələr apararlasa, onda bu addım “dollarsızlaşma”nın həyata keçirilməsinin əla başlanğıcı olardı. Həm də ki, bu ildən ABŞ dollar indeksi sürətlə düşdüyünə görə, digər qeyri-dollar valyutaları mütləq bahalaşacaqlar.
Dollar indeksi 103-dən 93-ə düşüb. Bu qızıl ehtiyatının artırılması qərarlılığını bir daha gücləndirib. Xüsusən ona görə ki, Rusiya neft ixrac edərək ödəmələri dollarla alıb və onun əlindəki Amerikan valyutasının ehtiyatı böyük olub.
Ancaq dolların devalvasiyası davam edir, ona görə də, ölkənin valyuta ehtiyatı əhəmiyyətli dərəcədə azalır. Rusiya baş naziri Dmitri Medvedyev bu yaxınlarda deyib: ”Bir valyuta bütün dünyaya nəzarət edə bilməz. Rusiya buna qarşı çıxır”.
Hal-hazırda əksər investorlar qızıldan ödəmə vasitəsi kimi istifadə etməkdən imtina edirlər, amma Putin böyük sürətlə qızıl ehtiyatı toplamqdadır. Bir tərəfdən bu akt Qərb ölkələrinin sanksiyarına qarşı fəaliyyətdir, digər tərəfdən isə, bu Rusiyanın ABŞ-ın mümkün borc böhranına hazır olmasının təminatıdır. Çünki ABŞ-da baş verəcək böhran Rusiya maraqlarına təsir edir.
Bəzi ölkələr artıq “dollarsızlaşdırma” yolu ilə getdiyi üçün, belə bir fikir var ki, dollar həqiqətən də ciddi problemlərlə qarşılaşacaq.
- Doğurdanmı qızıl dollara qarşı ciddi təhlükədir?
Birincisi – əgər Rusiya ödəmələrdə barter sistemindən, yuan və ya qızıldan istifadə edərsə, onda dollardan yaxa qurtara bilər. Amma məsələ ondadır ki, yuxarıda göstərilən vasitələr çətin ki, dollara təhlükə yaratsın. Hələ üstəlik onu demək lazımdır ki, qızılın qiyməti də dollarla ölçülür. Bu gün heç bir valyuta ABŞ dollarını əvəz edə bilməz. Hətta avro və yuan da bunu edə bilməz. Qızıl isə, heç edə bilməz.
İkincisi – Neft əməliyatlarından başqa, tədarük olunan digər malların da qarşılığı dollarla ödənilir. Bu ona görə baş verir ki, Amerikanın qüdrətli hərbi gücü ilə yanaşı, onun dünyada böyük siyasi və iqtisadi təsir imkanları var. Rusiya iqtisadiyyatı əsasən bir sahə üzrə inkişaf edib, rubl isə məsələn, yuan kimi dünyada hər hansı reputasiya qazanmayıb. Deməli, Rusiya Amerika və Qərb sanksiyalarına qarşı mübarizəyə cəhd göstərə bilər. Ancaq ölkələrin dollardan imtina edərək, Rusiyanın arxasınca gedəcəyini təsəvvür etmək kifayət qədər çətindir.
Üçüncüsü – Beynəlxalq sövdələşmələrin aparıldığı bütün spot və fyuçers bazarları ABŞ-da yerləşir, Amerikan dolları isə orada nominal valyuta rolunu oynayır. Əgər, hətta Rusiya özünün spot və fyuçers birjasını inkişaf etdirərsə və ödəmələri rubl, yuan və ya avro ilə apararsa, onda çox az investor bu cür əməliyyatlarda iştiraka razılaşar.
Yeni qiymətəmələgətirmə sisteminin yaradılması olduqca çətin və mürəkkəb bir işdir. Belə ki, bütün dünya ölkələrini dollarla hesablaşmaqdan imtinaya məcbur etmək və bunun əvəzində qızıl istifadə olunması mümkün deyil. Bu cür ideya reallıqdan hədsiz uzaqdır.
Bəs onda görəsən Putin nəyə görə qızıl ehtiyatından belə bərk yapışır?
Birincisi – O, ABŞ-dakı mümkün borc böhranından narahatdır.
İkincisi - qızıl ehtiyatı Qərb sanksiyalarına cavabdır.
Üçüncüsü - toplanılan qızıl ehtiyatı dolların devalvasiyasına reaksiyadır.
Amma bütün ölkələrin Amerikan dollarından imtina etməsinə Putinin bəslədiyi ümid, indiki zamanda həyata keçməsi mümkün olmayan arzudur. Çünki hal-hazırda heç bir valyuta dolları əvəz edə bilməz.
(“Sohu.com” – Çin)
azpolitika.info