Elçibəyin andiçmə mərasiminin ssenarisini kim yazıb?
26-01-2018, 09:44

Ali Sovetin keçmiş məmurundan, prezidentin köməkçisindən və sabiq dövlət katibindən açıqlamalar
Bu günlərdə moderator.az-a müsahibə verən Azərbaycan SSR Ali Sovetinin sabiq sədri mərhum Elmira Qafarovanın müşaviri kimi çalışmış Cahangir Nəcəfov Əbülfəz Elçibəyin prezident olaraq andiçmə mərasiminin ssenari müəllifi olduğunu bildirib.
Ali Sovet sədrinin müşaviri vəzifəsinin kifayət qədər məsuliyyətli bir iş olduğunu bildirən C.Nəcəfov İsa Qəmbər və Pənah Hüseynin də onu yaxşı tanıdığını vurğulayıb: “Haqqımda daha çox şey bilmək istəyən qoy sabiq spiker İsa Qəmbərdən soruşsun. Kim Azərbaycana-xəzinəsi boş ölkəyə 3 milyon dollar gətirdib? Qoy keçmiş baş nazir Pənah Hüseynovla o dövrkü prezident seçkiləri ərəfəsində mənim rolum haqda söhbət etsin. Rəhmətlik Elçibəyin inauqurasiyasının ssenarisini də mən hazırlayıb yazmışam...”

Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov “Yeni Müsavat” açıqlamasında o dövrdə Milli Məclisdə Cahangir Nəcəfov adlı adamın işlədiyini eşitdiyini dedi. Amma bildiyinə görə həmin şəxs o qədər böyük səlahiyyətə malik adam olmayıb: "Əbülfəz Elçibəyin andiçmə mərasiminin təşkili işləri barədə isə mən dəqiq bir söz deyə bilmərəm. Çünki mən rəhmətlik Əbülfəz Elçibəyin andiçməsindən 1 ay sonra prezidentin köməkçisi işləməyə başlamışam".

Elçibəy iqtidarı zamanında dövlət katibi və baş nazir vəzifələrində çalışmış Pənah Hüseyn isə bildirdi ki, Cahangir Nəcəfovu Ali Sovetin kifayət qədər fəal işçilərindən biri kimi tanıyıb: “Cahangir Nəcəfov bir sıra məsələlərdə fəallıq göstərib. Məsələn, 20 Yanvar faciəsinin təhqiqi işində, Ali Sovetin 20 Yanvar hadisəsindən sonrakı gündə sessiyasının keçirilməsi işində fəaliyyəti var idi. Təbii ki, o, texniki xarakterli işlərin təşkilində iştirak edirdi. Yəni hansısa siyasi təşəbbüskarlıq göstərmirdi, Ali Sovetin məmuru idi. Şəxsən mənim xatirimdə Cahangir Nəcəfovun rolu müsbət qalıb.

O ki qaldı Əbülfəz bəyin andiçmə mərasiminə, mən andiçmə mərasimində iştirak etməmişəm. Çünki həmin gün mən və baş nazirin müavini Vahid Əhmədov döyüş bölgəsində-Ağdam istiqamətində Naxçıvanikdə olmuşuq. Ümumiyyətlə, mənim andiçmə mərasiminin hazırlanmasında iştirakım olmayıb. İkincisi, Əbülfəz Elçibəyin təmtəraqlı inauqurasiya mərasimi keçirilməyib. Çox sadə, xüsusi bir ssenari olmayan, təmtəraqdan uzaq andiçmə keçirilib. Andiçmə mərasiminin keçirilməsi ölkə qanunvericiliyində nəzərdə tutulur. Qanunun həmin tələbi sadə şəkildə yerinə yetirilmişdi. Xüsusi bir ssenari yazılmamışdı. Əbülfəz bəy təmtəraqlı inauqurasiyanın əleyhinə olduğunu öncədən bildirmişdi. Odur ki, çox sadə bir tədbir keçirilmişdi. Andiçmə zamanı Elçibəyə rəğbəti olan bəzi şəxslərin özfəaliyyəti olmuşdu.
Ola bilsin ki, Əbülfəz Elçibəyin Ali Sovetdə andiçmə mərasiminin texniki, təşkilati işində Cahangir Nəcəfov Ali Sovetin işçisi olaraq iştirak edib".