Türkiyə Suriyada ABŞ-la toqquşa bilərmi? -Toğrul İsmayıldan maraqlı şərh

29-01-2018, 10:52           
Türkiyə Suriyada ABŞ-la toqquşa bilərmi? -Toğrul İsmayıldan maraqlı şərh
Politoloq: “Əməliyyatlar Türkiyənin strateji siyasətinə uyğun şəkildə davam edir...”

Türkiyənin Suriyadakı əməliyyatları davam edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyadakı Kürd anklavında əməliyyatları genişləndirmək niyyətini təkrar edərək, Türkiyədə əməliyyatlar həyata keçirən kürd terror qrupları ilə əlaqəli olan döyüşçüləri hədəfə almağa davam edəcəyini bilidirib.

Ankarada çıxış edən Ərdoğan bildirib ki, Türkiyə qüvvələri Afrindən şərqə doğru, Türkiyənin Suriya ilə sərhədindən daha irəli istiqamət götürəcək. Türkiyə prezidenti Afrindən sonra əməliyyatların yeni hədəfi Mənbic şəhəri olduğunu və daha sonra “heç bir terrorçu qalmayana qədər” şərqə, İraq sərhədinə qədər irəliləcəyini deyib. Xarici iєlər Naziri Mevlut Çavuşoğlu isə bildirib ki, Birləşmiş Ştatlar Suriyanın şimalında yerləşən Mənbic regionundan dərhal çıxmalıdır. Bildirilir ki, açıqlanan bütün bu qərarlar Türkiyə ilə Kürdlərin tərəfdaşlıq etdiyi ABŞ arasında qarşıdurmaya səbəb ola bilər.

Bundan əlavə, jurnalistlərə açıqlamasında Çavuşoğlu deyib edib ki, Türkiyə Birləşmiş ştatlardan konkret addımlar və Suriyandakı kürd militantları qrupu, YPG-yə dəstəyə son qoymağı gözləyir. Ankara daha öncə ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri H.R. MakMasterin Vaşinqonun YPG-ni silahla təmin etməcəyini dediyini bildirmişdi.

Bütün bunlar Suriyada Türkiyə ilə ABŞ arasında toqquşmaya səbəb ola bilərmi? Qardaş ülkədə yaşayan və çalışan politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a bildirdi ki, hazırkı vəziyyətdə Amerika ilə toqquşmanı ehtimal etmir: “Belə halı gözləmək olmaz. Çünki əvvəla, Türkiyə və Amerika hər ikisi NATO ölkəsidir. Dolayısı ilə iki NATO ölkəsinin indiyə qədər toqquşduğunu söyləmək olmaz. İkincisi, Amerika Afrin məsələsində orada qoşunlarının olmadığını söyləyir. Bu, o deməkdir ki, dolayı yolla oranın Amerikanın marağında olmadığını ifadə edir. Buna da baxmaq lazımdır ki, Amerikanın PYD-yə dəstək məsələsində səhvləri var. Bu məsələ Amerikanın öz daxilində də mübahisəyə səbəb olub. ABŞ Suriyada PYD-ni öz müttəfiqi olaraq bilsə də xüsusilə ”Zeytun budağı" əməliyyatından sonra avtoritetin düşdüyünü görür. Bütün bu faktorlarla yanaşı, Türkiyə də diplomatik baxımdan əvvəlcədən hazırlıq görüb. Diplomatik fəaliyyət, hərbi əməliyyatlardan daha öncə başlayıb. Bütün bunların fonunda Türkiyənin Afrində apardığı “Zeytun budağı” əməliyyatının ilk məqamlarda uğurlu olduğunu görürük. Yəni hələ ki, proseslər həm hərbi, həm də diplomatik baxımdan Türkiyənin strateji siyasətinə uyğun şəkildə davam edir. Ona görə də diqqət edirsinizsə, Türkiyənin əməliyyatlarına qarşı olan dövlətlərin hamısının açıqlamaları təzadlıdır. Rusiyada bu təzad bir qədər azdır. Ancaq istər İran, istərsə də Amerika həm Türkiyəni dəstəkləyən, həm də tamamilə ikibaşlı açıqlamalar verirlər. Bu da onu göstərir ki, tərəflər özləri də Türkiyənin əlinin güclü olduğunu bilirlər. Ancaq vəziyyətdən kənarda qalmamağa çalışırlar".

Çavuşoğlunun yuxarıdakı fikirlərinə də şərh verən politoloq söylədi ki, ABŞ-ın vədləri hələ daha öncələrə bağlanır: “Obama dönəmində vəd etmişdilər ki, kürd qrupları əməliyyatdan sonra geri çəkilib, Fırat çayının şərq bölgəsinə yerləşəcəklər. Lakin görünən odur ki, bu, baş vermir. Əksinə, ABŞ Türkiyənin həssaslığını görüb verdiyi vədləri yerinə yetirməyib, orada əlavə qruplaşmalar yaradıb. Təbii ki, bu da Türkiyəni narahat edir. Ona görə də Türkiyə mütəmadi olaraq bu məsələni gündəmə gətirib, fikirlər söyləyir. Çavuşoğlunun bu açıqlaması da yeni deyil. Daha öncə də məsələ ilə bağlı çox ciddi açıqlamalar verilib ki, Amerika vədini yerinə yetirsin və silahlı terrorist qruplar da Mənbicdən çəkilsinlər. Bu cür diplomatik açıqlamanı bir də belə şərh etmək olar ki, Türkiyənin Afrindən sonrakı əməliyyatının Mənbicdə olma ehtimalı yüksəkdir. Buna da belə açıqlamalarla diplomatik zəmin hazırlanır. İndiki halda ABŞ-ın öz vədini yerinə yetirməsi lazımdır. Əks halda orada əməliyyatların olması ehtimalı olduqca yüksəkdir”.

İsmayıl Türkiyənin regionda planlarını nə dərəcə həyata keçirə biləcəyi barəsində isə aşağıdakıları dedi: “Onu söyləyə bilərəm ki, Afrin bölgə olaraq Əlbaba görə daha çətin, relyefi nahamar olan yerdir. Orada hava şərtləri də ağırdır. Ancaq ən azından bunu deyə bilərik ki, Türkiyə maksimum dərəcədə qısa bir zamanda Afrin məsələsini həll etməyə çalışacaq. Açıqlamalar da diqqət edirsinizsə, elə bu yöndədir. Yəni ”Afrində aparılan əməliyyatlar Suriyanın ərazi bütövlüyünü pozmadan terroristlərə qarşıdır" ifadəsi, sadəcə olaraq Amerika, Rusiya və dünya üçün deyil. Eyni zamanda bu mesaj Suriya xalqına da yönəlikdir ki, Türkiyə işğalçı kimi deyil, konkret olaraq terroristlərlə mübarizə üçün bu bölgədədir. Ümid edək ki, əməliyyat uğurlu olacaq. Mən buna inanıram. Çünki daha öncəki “Fırat qalxanı” əməliyyatı zamanı da çox pessimist yanaşanlar var idi. Lakin Türkiyə bu əməliyyatın öhdəsindən gəldi. İndi Afrin məsələsi əməliyyatının Menbicə və ya başqa yerə yönələcəyini zaman göstərəcək. İndidən bəzi şeyləri söyləmək olduqca çətindir. Çünkü bölgədə böyük dövlətlərin marağı var. Bu maraqlar isə hez zaman üst-üstə düşmədi və düşmür. Bu səbəbdən də Suriya məsələsinin həlli də gecikir, çətinləşir".

Əli RAİS,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.