AzadlıqRadiosunda qalmaqal: Xədicə İsmayılova Hafiz Babalını niyə sıxışdırıb? - Təfsilat

29-01-2018, 11:31           
AzadlıqRadiosunda qalmaqal: Xədicə İsmayılova Hafiz Babalını niyə sıxışdırıb? - Təfsilat
AzadlıqRadiosunda araşdırmaçı-jurnalist Hafiz Babalının istefasına səbəb həmkarı Xədicə İsmayılova olub

FİA.Az-ın verdiyi məlumata görə, H.Babalı feysbukda yaydığı bəyanatda belə söyləyib:

"AzadlıqRadiosu ilə əməkdaşlığa xitam verirəm. RFE/RL-lə əməkdaşlığım 2015-ci ilin iyunundan 2017-ci ilin oktyabr ayınadək davam etdi. Etiraf edim ki, jurnalist fəaliyyətimin ən uğurlu dövrü kimi xatirimdə qalacaq.

Radionun saytının “Araşdırma” bölməsinə nəzər yetirmək kifayətdir: orada yerləşdirilən jurnalist təhqiqatlarının 95 faizinin müəllifi mənəm.

İqtisadiyyatda baş verənləri də dəyərli ekspertlərin sayəsində oxuculara doğru-düzgün çatdırmağa çalışırdım. Həmişə diqtə ilə yox, öz bildiyim kimi yazmışam.

Amma ötən ilin avqustunda ölkəni müvəqqəti tərk edəndən sonra radionun Praqadakı Azərbaycan bürosunun rəhbərliyinin mənə xəyanətini də unutmayacağam.

2017-ci ilin martında Azadliq radiosunda dərc olunmuş “Azərbaycan oliqarxlarının gizli şirkətləri” araşdırmamdan sonra hakimiyyət onun nəzarətində olmayan və bu məqaləni dərc etmiş demək olar ki bütün internet saytlarını blokladı.

İyun ayında hakim ailənin biznesi ilə bağlı daha bir araşdırma məqaləm dərc olundu. Bundan sonra mənə qarşı “yumşaq təzyiq” siyasəti yürüdülməyə başladı.

Avqustda müxbiri olduğum “Turan” İnformasiya Agentliyinə qarşı cinayət işi açılandan sonra onun həmin günlərdə həbs olunmuş direktoru Mehman Əliyevə kriminal maddələr üzrə ittiham irəli sürüldükdə Gürcüstana gedəsi oldum.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti agentlikdə istintaqa dəvət etdiyi 3 şəxsdən (digərləri direktor və baş mühasib) biri mən idim – səbəb bu idi. Oturub qanunsuz həbsimi gözləyə bilməzdim, əlimdə maraqlı araşdırma mövzuları vardı".

FİA.Az xəbər verir ki, H.Babalı sıxışdırılmasının detallarını açıqlayıb.

"Sentyabrda radioda araşdırmalarımın redaktoru olan Xədicə İsmayılova ilə sosial şəbəkədə baş vermiş “söz güləşdirməsindən” sonra radionun rəhbərliyinin mənə qarşı koalisiya yaratdığını sezməmək mümkün deyildi.

Əvvəlcə məni frilans müqaviləsinin şərtlərini pozmaqda suçladılar. Şərtə görə, frilanser yalnız Azərbaycan sərhədləri daxilində yaşamalıdır.

Az sonra Xədicə İsmayılovaya təkcə araşdırmalarımı deyil, yazdığım iqtisadi xəbərləri də redaktə etməyi tapşırdılar.

Məndən acığını çıxmaq, onu suçladığıma görə qisas almaqdan ötrü X. İsmayılovanın əlinə girəvə düşmüşdü: yazılarımda hər xırda məqama görə əsassız olaraq məni incitməyə çalışırdı.

Bir neçə yazımı zay çıxartdı. Rəhbərlik isə açıq şəkildə intriqana tərəf tuturdu. Daha 1-2 gün keçdi və tələb qoyuldu ki, məqalələrimin mövzuları Xədicə İsmayılova ilə razılaşdırılmalıdır. Məni alçaltmaq istəyirdilər...

Oktyabrın ortalarında artıq sular durulmuşdu: büronun rəhbəri mənə “yazmağı dayandır” dedi.

Guya X. İsmayılova radionu tərk edəndən sonra mənə redaktor tapılmırmış. Sonra isə məsələ bir qədər də sadələşdi: şərt sadə idi:
“Nə zaman Azərbaycana qayıdarsan, onda əməkdaşlığı davam etdirərik”.

Budur, xeyli vaxtdır Vətəndəyəm. Bunu əməkdaşlarının sosial şəbəkələrdə fəaliyyətinə qədər izləyən Azadlıq radiosunun rəhbərliyi də bilməmiş deyil. Amma, deyəsən, frilanser müqaviləsi-filan yada düşmür.

Çünki, mənim Azərbaycana qayıdacağımı ağıllarına da gətirmirdilər, O da mümkündür ki, "bəzilərinin" hikkəsi mənim radioda fəaliyyətimin bərpası məsələsində sipər olub. Sözüm dostlarımadır: Qələmim əlimdə, casarətim özümlədir. Yola davam",-deyə jurnalist qeyd edib.

Həmkarlarından dəstək alan H.Babalının bəyanatına X.İsmayılova və büro rəhbərliyi reaksiya verməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.