Qarabağ uğrunda təbliğat savaşı güclənir - əleyhimizə yeni məkrli gedişlər

19-02-2018, 12:43           
Qarabağ uğrunda təbliğat savaşı güclənir - əleyhimizə yeni məkrli gedişlər
İşğalçı Ermənistan hər fürsətdə Azərbaycan əleyhinə təbliğat müharibəsini davam etdirir. Əsas hədəf məlum - torpaqlarımızın işğalına, Dağlıq Qarabağdakı dağıdıcı separatçılığa daha çox dəstək əldə eləmək, bəraət qazandırmaq. Keçən ay bu məqsədlə Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasının tribunasından istifadə edib Qarabağ gerçəkliklərini yenə təhrif eləməyə çalışdı. Ötən həftə isə o, Münhen Təhlükəsizlik Konfransında iştirak və çıxış edərək, işğalçı siyasətə haqq qazandırmağa səy edib, üstəlik, qardaş Türkiyə əleyhinə fikirlər səsləndirib.

Məsələ də ondadır ki, Qarabağ uğrunda mübarizə təkcə hərb meydanında getmir. İrəvanın, erməni lobbisinin Dağlıq Qarabağı de-yure Azərbaycandan qopartmaq, işğalı rəsmiləşdirmək yönündə mübarizəsi həm də informasiya meydanında, təbliğat savaşı şəklində gedir. Bu xüsusda diqqət çəkən və Azərbaycanın çevik kontur-addımlar atmalı olduğu məsələlərdən biri də Rusiyada, onun aparıcı KİV-lərində kök salmış, cürbəcür qəlibdən olan erməni “ekspertlər”dir.

*****

Onlardan biri də Rusiyada yaşayan şərqşünas, antitürkçü Semyon Baqdasarovdur. Baqdasarov-Baqdasaryan Türkiyənin uğurla davam edən Afrin əməliyyatı və Dağlıq Qarabağ kontekstində görün nə deyib?

“Yeni Müsavat”ın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, erməni öncə deyib ki, “Ermənistan Suriyanın şimalında və Türkiyənin cənub-şərqində kürdlərin başına gələnlərə laqeyd ola bilməz və olmamalıdır”. Onun fikrincə, Ermənistan kürd terrorçularına heç olmasa, humanitar kömək göstərməlidir.

“Oturub durmaq olmaz. Ümumi düşmənlə (Türkiyə ilə - red.) mübarizə üçün səyləri səfərbər eləmək lazımdır. Cənub-şərqi Türkiyə Ermənistanla bilavasitə sərhəddir. Deyilənlər Suriya konfliktinə də aiddir - hansı məsələdə ki, İrəvan anlaşılmaz səbəblərdən susur və hərəkətsizdir. Halbuki, bu ərəb ölkəsinin ərazisində böyük erməni icması var və onların nümayəndələri islamçılara və türklərə qarşı döyüşürlər”, - deyə başabəla ekspert bildirib və üstəlik, həyasızcasına Türkiyəni “xristian kilsələrini bombardman eləməkdə” suçlayıb.

Ermənistanın özündə də yezdi-kürdlərin olmasına diqqət çəkən Baqdasarov daha sonra deyib: “Sual ortaya çıxır - Afrində bu həmvətənləri kim müdafiə eləməlidir? Niyə Ermənistan rəhbərliyi kənarda qalıb? Heç olmasa humanitar yardım edəsəydilər”.

Onun qənaətincə, kürdlərlə əməkdaşlıq Ermənistan üçün hərbi nöqteyi-nəzərincə də əlverişli ola bilər: “Məsələn, suriyalı kürdlərin (oxu: terrorçuların-red.) təcrübəsindən Azərbaycana qarşı istifadə eləmək olar. Kürd liderləri Stepanakertə (Xankəndinə-red.) dəvət edin. Qoy sizə göstərsinlər ki, canlı qüvvə və texnikada dəfələrlə üstün olan düşmənlə necə mübarizə aparmaq olar. Qoy göstərsinlər ki, düşmənin arxasına keçməyi təmin edən döyüş tunellərini necə tətbiq eləmək olar”.

*****

Beləcə, erməni üzdəniraq şərqşünas faktiki şəkildə Rusiya ərazisindən nəinki terrorçu təşkilatlara dəstək ifadə edir, üstəlik, terrorçuların təcrübəsindən istifadəyə çağırır və onları Rusiyanın strateji tərəfdaş ölkələr saydığı Azərbaycan və Türkiyə ilə mübarizə üçün bölgəyə dəvət edir.

Əlbəttə, terrorçu PKK-çılara da İŞİD kimi Rusiyada eyni sərt yanaşma olsaydı, erməni avantürist Baqdasarov belə arxayın danışa, onlara dəstək ifadə edə, ümumiyyətlə, sərsəmləyə bilməzdi. Rusiya bir çox hallarda separatçıların sponsoru olduğu üçün də (Qarabağ, Abxaziya, Dnestryanı bölgə, Krım, Donbas) erməni separatçı ünsürlər və onların havadarları özlərini Rusiyada belə rahat hiss edir, terrorçulara dəstək çağırışlarına görə cəzalanmırlar, qardaş Türkiyəni olmayan cinayətlərdə (xristian kilsələrin bombardmanı) ittiham edirlər.

Hələ indi Rusiya-Türkiyə münasibətləri normaldır. Gör, gərgin olsaydı, hansı hoqqalardan çıxardılar. Zatən, bunu biz bir dəfə artıq görmüşük - iki il yarım öncə Rusiyaya məxsus “Su 24" təyyarəsi Suriya hava məkanında vurulub salınandan sonra Rusiyada, onun aparıcı KİV-lərində erməni ”ekspert" sürüsünün hansı hoqqalardan çıxdığını müşahidə elədik - təbii ki, Rusiyadakı, Kremldəki, XİN-dəki havadarları (Sergey Lavrov və başqaları) birbaşa və dolayı himayəsi sayəsində.

Azərbaycan dövlətinin, onun Rusiyadakı diplomatik korpusu və diaspor qurumlarının, təbliğat maşınımızın əsas hədəflərindən biri də məhz hımin ölkədəki “ekspert” sürüsünü neytrallaşdırmaq olmalıdır. Nəzərə alsaq ki, dünya getdikcə münaqişəli situasiyaların müharibə ilə deyil, daha çox dinc vasitələrlə nizamlanmasına köklənir, o zaman düşmənin əlindın ideoloji rıçaqları almağın önəmi artmış sayıla bilər.

*****

Bütövlükdə düşmənə qarşı təbliğat savaşında mümkün vasitələrin hamısından istifadə eləməliyik. Söhbət həm də bizə dost və tərəfdaş ölkələrin, o sırada habelə dünya yəhudi lobbisinin imkanlarından faydalanmaqdan gedir. Ələlxüsus İsrail dövləti ilə strateji tərəfdaşlıq əlaqələrimiz bu yöndə Azərbaycana yaxşı şanslar açır. Bu da növbəti isti fakt: məlum olub ki, bu arada Ermənistan-İsrail parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin Təl-Əvivə səfəri uğursuz başa çatıb.

Ermənistan mediasının məlumatına görə, dostluq qrupunun həmsədri, hakim Respublika Partiyasından deputat Qaqik Minasyan İsrailin onları anlayışla qarşılamamasından şikayətlənib (Publika.az). Belə ki, qrupun mətbuat konfransı zamanı İsrailin müdafiə naziri, Azərbaycanın lobbistlərinən olan Aviqdor Liberman erməni deputatların Qarabağ haqda sualını cavablandırarkən, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib. “İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni hərbi birləşmələrinin Dağlıq Qarabağı işğal etməsinə qarşıdır” - deyən Liberman erməni deputatlara sərt reaksiya verib.

Bundan az öncə isə İsrail parlamentinin (Knesset) qondarma “erməni soyqırımı”nı tanımaması da Ermənistan nümayəndə heyətinin arzusunu gözündə qoymuş, erməniləri pərt eləmişdi. Ancaq çətin ki, bu uğursuzluq mənfur qonşularımıza dərs olsun. Fakt budur ki, onlar Azərbaycana qarşı təbliğat müharibəsini xeyli gücləndiriblər və bizə dost-tərəfdaş ölkələrə belə girişməkdən çəkinmirlər, bundan sonra da yüzdə yüz çəkinməyəcəklər.

Onu da unutmaq lazım deyil ki, İsrail düşmənin bizə qarşı antitəbliat siyahısında birinci sıradadır. İki mühüm səbəbdən - güclü yəhudi lobbisi amilinə və təbii ki, bir də İsrail-Azərbaycan hərbi-texniki əlaqələrinin yüksək səviyyədə olmasına görə... \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.