Siyasətdə rus və amerikan agenti ittihamları

6-04-2018, 09:46           
Siyasətdə rus və amerikan agenti ittihamları
Ölkəmizdə rəqib olan opponentlər ən çox bir-birilərini Rusiyaya işləməkdə suçlayırlar, Türkiyədə isə Amerikanın adı çəkilir...

İki qardaş ölkə olan Azərbaycan və Türkiyə siyasətində bəzi oxşarlıqlar var. Onlardan biri də daxili siyasətdə daha çox agent ittihamlarına yer verilməsidir. Məsələn, ölkəmizdə rəqib olan opponentlər ən çox bir-birilərini Rusiyaya işləməkdə suçlayırlar, Türkiyədə isə Amerikanın adı daha çox çəkilir.

Son olaraq, Azərbaycanda bu məsələ prezidentliyə namizədlərin son debatında yaşandı. ADP sədri Sərdar Cəlaloğlu ilə BAXCP sədri, deputat Qüdrət Həsənquliyev oxşar agent ittihamlarını bir-birinin ünvanlarına səsləndirdirlər ki, hələ də qarşıdurma davam edir. Türkiyədə isə Amerikanın agenti olmaq ittihamları 2016-cı ilin iyulunda baş verən FETÖ qiyamından sonra daha da artıb. Nə üçün siyasi qarşıdurmalarda Azərbaycan tərəfindən Rusiyanın, Türkiyə tərəfindən isə Amerikanın adına daha çox yer ayrılması ilə bağlı mövqelər hər zaman müxtəlifdir.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa məsələyə bu cür şərh verdi: “Azərbaycanda tək Rusiyanın deyil, İranın, eləcə də, Türkiyənin də adı çəkilir. Bu siyasi müstəvinin bir qədər predimentdən kənar düşməsi ilə bağlıdır. Azərbaycan ruspərəst yaşamış ölkədir. Ona görə Rusiya faktoru İran və digər dövlətlərdən daha çox qabarıq ki, bu dövlətin tabeliyində olmuşuq, real işğal təhlükəsi ilə daim üzləşmişik. Dağlıq Qarabağın işğalı Rusiya tərəfindən ermənilərə verilən dəstək nəticəsində reallaşdığı üçün qorxu sindromu daim var. Amma bunu birmənalı şəkildə qiymətləndirmək doğru deyil. Biz də Rusiyada müəyyən tədbirlərə qatılırıq. Bunu ölkəmizin maraqlarını güdərək edirik. Kimsə Rusiya ilə bağlı açıqlama verirsə, bu o demək deyil ki, həmin şəxslər ruspərəstdirlər. Rusiya tərəfindən gözlənilən təhlükələrdən qorunmaq üçün indiyə qədər çoxsaylı təkliflər vermişik. Bu təklifləri boğmaq doğru olmazdı. Lakin unutmaq olmaz ki, Azərbaycanda Rusiyayönlü trollar da kifayət qədər var. Amma elə realist siyasətçilərimiz də var ki, daim həqiqətləri deyirlər, tək Rusiyanı deyil, ermənipərəst mövqe yürütdüyünə görə İranı da tənqid edirlər. İstənilən halda İranla dövlətlərarası qonşuluq münasibətlərinin mən də əleyhinəyəm. Rusiya ilə daha ehtiyatlı, balanslı siyasət yürütməyin tərəfdarıyam. Bu cür mübahisələr insanların real proqramlar üzərində doğru qərarlar vermək təşəbbüslərinə müəyyən dərəcədə şübhə gətirməyə başlayır. Lakin hamını Rusiya, İran yaxud Türkiyə yönlü adlandırmaq doğru deyil. Azərbaycanın maraqlarına doğru təkliflər səslənirsə və bu təkliflər də strateji məsələlərə görə önə çəkilirsə, bunu bəsitləşdirib hansısa ölkənin maraqlarına xidmət etmək kimi təqdim etməməliyik. Təbii ki, digər ölkələrin maraqlarına xidmət edən insanlar ifşa olunmalıdır. Bizdə Amerika və digər Avropa ölkələrində təhsil alanlara şübhə ilə yanaşma halları var. Ola bilər ki, həmin insanlarda təhsil aldıqları ölkələrin həyat tərzi özünü daha qabarıq büruzə verir. Lakin hər şeyə şübhə ilə yanaşmaq çox təhlükəlidir. Bu ölkənin gələcəyi ilə bağlı müəyyən problemlərin həllinə də mane olur”.


Deputat Türkiyədəki Amerika agenti olmaq ittihamlarına da münasibət sərgilədi: “Son vaxtlar Türkiyə hakimiyyəti çevriliş şoku yaşadı. Eyni zamanda Suriya və İraqda aparılan əməliyyatlarda Amerika ilə mövqelər tərs düşdü. Vaxtilə Türkiyədə amerikanpərəst olmaq fəxr sayılırdı. Ordu NATO sisteminin içərisində idi, gedib Amerikada təhsil alırdılar. Hətta Amerikada təhsil almayanda çox vaxt general rütbəsi vermirdilər. Bu, daha çox kommunizm əleyhinə münasibət kimi qəbul edilirdi. İndi isə Türkiyə hakimiyyəti Rusiya ilə yaxınlaşır. Bunu 30-40 il öncə etsəydilər, solçular və millətçilər arasında küçə davaları baş verərdi. Ölkənin maraqları onu tələb edir ki, Türkiyə bu gün Rusiya ilə yaxın olsun. Türkiyədə son çevriliş cəhdindən sonra Amerikanın Türkiyəni daxildən qarışdırmaq istəyi kimi bir təsəvvür formalaşıb. Bu çəkilən seriallarda da özünü göstərir. Amerikaya yönəlik münasibətin gələcəkdə Türkiyə üzərində oyunların oynanılmasına xidmət etməsi kimi təqdimatı var. Amerikanın qiyamda iştirak edən şəxsləri təhvil verməməsi, eləcə də, qiyamla bağlı tutduğu mövqe Amerika məsələsini Türkiyədə hələ də aktual saxlayır. Bu ittihamlar daha çox bu məsələlərdən qaynaqlanır. Yəqin bir müddət sonra bu ittihamlar Türkiyədə azalan istiqamətdə gedəcək”.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev indiyə qədər heç kimi bu şəkildə ittiham etmədiyini bildirdi: “Danışanda ünvanlı danışmışam. Demişəm ki, Milli Şuranı Rusiya yaradıb, bunu Müsavat Partiyası da sonradan etiraf edib. Konkret faktlar olmadan kiminsə haqqında belə ifadələr işlətməmişəm. Kimlər bu ittihamları səsləndiriblərsə, səbəblərini onlardan soruşmaq lazımdır. Əsaslı şeylər varsa, mütləq o şəxslər ifşa olunmalıdır. Siyasətçi olaraq siyasi fəaliyyətlə məşğul olan istənilən şəxsin hansısa ölkənin maraqlarına xidmət etdiyini bilib, bunu gizlətmək doğru olmazdı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.