Hakimiyyət üzərində terrorçu imici yaradıla bilər: Rəhim Namazov müəmması

6-04-2018, 20:40           
Hakimiyyət üzərində terrorçu imici yaradıla bilər: Rəhim Namazov müəmması
Mətbuatda kriminal avtoritet kimi təqdim olunan Rəhim Namazovun sağalması və artıq danışmağa başlaması yeni qalmaqallı kompromatların mətbuata sızdırılmasına və hakimiyyətə qarşı növbəti beynəlxalq ittiham və basqılara münbit zəmin hazırlayır. Namazovun Fransa KİV-lərinə müsahibəsində həyatının təhlükədə olduğu üçün danışmaqdan qorxduğunu, kriminalla heç bir əlaqəsinin olmadığı bildirməsi də polisə ifadələrinin siyasi içərik daşıyacağından xəbər verir. Zira bu adam həqiqətən Lotu Qulini söyməsinin güdazına gedibsə, məntiqlə, başına bu qədər ağır faciə gəldikdən sonra da susmamalı və yaxud susqunluğunu qorxmasıyla əsaslandırmamalı idi. Hər halda üzləşdiyi faciədən əvvəlki cəsarətlə sonrakı “ağciyərlik” bir araya sığmır.

Nəzərə alsaq ki, hazırda Fransa polisinin nəzarəti altında olan Rəhim Namazovun qarşısında bir də özünün kriminal aləmə aidiyyətini təkzib etmək və beləcə, məsuliyyətdən yayınmaq kimi mühüm “vəzifə” dayanır, onun arzulanan tərzdə “bülbül kimi ötəcəyi” də istisna edilməməlidir.

Rəhim Namazov sui-qəsdinin siyasiləşdirilməsi üçün maraqlı dairələrin əlində başqa əsaslar da var. Həmin əsaslardan biri kriminal avtoritet kimi təqdim edilən bu şəxsin youtubedə yayılan səsyazılarıdır. Səsyazılarından bəzilərində Lotu Quli ağır şəkildə təhqir olunduğu halda, digərlərində bu fakt təkzib edilir və kimlərinsə onun adından danışdığı bildirilir. Yaşadığı ailə dramından sonra belə Rəhim Namazovun danışmaqdan çəkinməsini etiraf etməsi də irəli sürdüyü bu iddianı təsdiqləyəcək mahiyyətdədir.



Sui-qədsin siyasiləşdirilməsinin digər əsası Rəhim Namazovun jurnalistlik fəaliyyəti ilə əlaqədardır. Azərbaycan media qurumları hadisədən dərhal sonra bu məlumatı təkzib edən bəyanatlar yaysalar da, ortadakı bəzi dəlillər əks arqumenti gücləndirir. Əvvəla, ona görə ki, kimliyi mübahisə doğuran bu adamın vaxtilə "Əlillər" və "Hakimiyyət" qəzetlərinin müxbiri kimi çalışdığı barədə sənədlər var. Həmin sənədlərin sui-qəsddən sonra etibarsız sayılması inandırıcı görünmür və şübhələri haqlı və ya haqsız Azərbaycan hakimiyyətinə yönəldir. Odur ki, müvafiq dairələr bəyanatlar verməyə tələsməməli, hər şeyi yüz ölçüb bir biçməyə çalışmalıdır.

Digər tərəfdən, Rəhim Namazovun bu zamana qədər bəzi mətbu orqanlarda dərc olunan yazıları var. Tanınmış hüquqşünas İlqar Altayın qələmə aldığı bir yazısında bu fakt etiraf olunur, Rəhim Namazovun ciddi qalmaqal yaradan məqalələrin müəllifi olduğu bildirilir və ortaya konkret fakt qoyulur:

“Azərbaycan tərəfi R. Namazovun kriminal aləmlə əlaqəli olduğunu və onun kriminal avtoritetlərlə mübahisəsi olduğunu bildirir. Qətlin də məhz kriminal qrupların qisasının nəticəsi kimi iddia edir.

Ancaq mən dəqiq xatırlayıram ki, bir neçə il öncə Rahim Namazov adlı jurnalist kimi iddia edən şəxs Naxçıvan ordusundakı həlak olan əsgərlərin və yanılmıramsa, hərbi hospitalda əməliyyat olunan əsgərlərin də böyrəklərinin çıxarılıb, satılması barədə xəbərlər və faktlar paylaşmışdı. Hətta bu məsələdə mütəşəkkil qrupun qanunsuz əməlləri barədə acıqlama vermişdi.

O vaxt bu məsələ mənim xüsusilə diqqətimi ona görə çəkdi ki, həmin dövrdə mən "Qara plantasiya" adlı qanunsuz insan orqanı alveri əməllərini araşdırırdım. Bununla bağlı cinayət işi başlanan Kiyevə də səfərim oldu, hansı ki, bir ucu Bakı klinikalarına gəlib çıxmışdı”.

Onun 2010-cu ildə Fransadan siyasi sığınacaq almasının da başlıca səbəblərindən biri, yəqin ki, bu cür yazılar olub. Həmin şəxsin jurnalistikaya aid olmadığını əsaslandıranlar bu faktı necə inkar edəcəklər?

Biz, əlbəttə, istisna etmirik ki, Rəhim Namazov özünə jurnalist süsü vermək üçün bu cür yazılar qələmə almış ola bilər. Amma bütün bu həqiqətlər Rəhim Namazovun bundan sonra xarici qüvvələrin əlində Azərbaycana qarşı təzyiq vasitəsi olacağı ehtimalını aradan qaldırmır.

Narahatlıq yaradan digər məqam Rəhim Namazovun sui-qəsdə məruz qaldığı ərəfədə Azərbaycan hakimiyyətinin təcrübəsizliyindən qaynaqlanan bəzi addımların atılmasıdır. Məlum olduğu kimi, haqqında bəhs etdiyimiz bu şəxs ötən ayın 30-da sui-qəsdə məruz qalıb. Üzərindən bir gün keçdikdən sonra isə, yəni martın 31-də Azərbaycan Milli Məclisinin deputatı Adil Əliyev Almaniyanın Köln şəhərində erməni soyqırımıyla əlaqədar qalmaqallı tədbir keçirib. Qalmaqalın səbəbi təkcə Avropadakı “söyüşkən müxalifət”lə tədbir iştirakçılarının qarşı-qarşıya gəlməsi, aralarında mübahisələrin yaşanması və bəzi şəxslərin fiziki təzyiqə məruz qalması da deyil. Deputatın həmin səfər zamanı adları kriminal hadisələrdə hallanan qruplarla foto-şəkillər çəkdirib facebook səhifəsində paylaşması və bu fotoların Türkiyənin yeraltı dünyasının liderlərindən olan Sedat Pekerə aid şüarla bəzədilməsidir.

Sözsüz ki, bu fikirləri deyərkən biz heç də Adil Əliyevin qəsdən kriminal mesajlar vermək istədiyini irəli sürmürük. Əksinə, deputatın özü də bilmədən təxribata çəkildiyinə, uzaqbaşı prezident seçkilərində İlham Əliyevə dəstək vermək istəyərkən, arzulanmayan situasiyayla qarşılaşdığına inanırıq. Belə olmasaydı, deputat paylaşdığı foto-şəkilləri dərhal silməzdi.

Bununla belə, hansısa maraqlı dairələrin Azərbaycan hakimiyyətini çətin vəziyyətdə qoymaq istədiyi, onun üzərində terrorçu imici yaratmağa çalışdığı ortadadır. Özü də bu maraqlı dairə heç də Azərbaycandan kənarda deyil. Əks halda “terrorçu hakimiyyət” qənaətini formalaşdırmaq əməliyyatında millət vəkilinin xeyirxah təşəbbüsündən faydalanılmazdı.

Bundan əvvəl isə prezidentliyə namizəd, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin debatlarda səsləndirdiyi bir fikir də Azərbaycan hakimiyyətinə terrorçu damğası vurmağa çalışan qüvvələrin əlində başlıca dəlilə çevrilə bilər. Söhbət prezidentliyə namizədin “söyüşkən müxalifətə” qarşı ASALA təşkillatının terror hazırladığı barədə bəyanatından gedir. Təsadüfi deyil ki, Azərbaycanın Jırnovskinin bu fikirləri bir çoxları tərəfindən həmin qüvvələrə verilmiş mesaj kimi qiymətləndirilmiş və əslində bu aktın bizimkilər tərəfindən hazırlandığı, iz azdırmaq üçün erməni təşkilatının adının hallandırdığı təxmin edilmişdi. Bu fikri irəli sürənlərin arqumenti də kifayət qədər əsaslı idi: ASALA öz planları barədə Hafiz Hacıyevi məlumatlandıra bilməz, odur ki, bu “xəbərdarlığ”ın arxasında özümüzünkülərin dayanması daha inandırıcıdır.

Azərbaycan hakimiyyətinin bu zamana qədərki siyasi xarakterindəki bəzi nöqsanlar, nə yazıq ki, bu cür şübhələrin yaranmasında müstəsna rol oynayır. Bir çox deputat və “müxalif liderin” hakimiyyətin “pultu” ilə hərəkət edilməsi, çıxışların hazır reseptlər şəkilində onlara verilməsi inkaredilməz həqiqətlər olduğundan, Hafiz Hacıyev kimi şəxslərin bu cür ciddi məsələlərdə bəzən “özfəaliyyətə” yol verəcək qədər azadtəbiətliliyi də beynəlxalq ictimaiyyətə inandırıcı görünməyə bilər. Başbilənlərimiz Hafiz Hacıyevin qeyri-ciddi adam olmasını da irəli sürmək iqtidarında deyillər. Əks halda adama deyərlər ki, elədirsə, qeyri-ciddi adamın prezident seçkilərində (həm də namizəd kimi) nə işi var? Deməli, istəsək də, istəməsək də, Hafiz Hacıyev hazırda Azərbaycanı idarə edə biləcək ciddi şəxslərdən biri kimi görünür. Allah eləməsin, həqiqətən də, onun “xəbərdarlıq” etdiyi həmin şəxslərdən birinin başına bir iş gəlsə, Azərbaycanın beynəlxalq qınaqlarla üzləşməsi qaçınılmaz olacaq. Necə ki, Rusiya İngiltərədə sui-qəsdə məruz qalan rus casusun (açığı, bu işdə Moskvanın barmağı olması şəxsən bu yazı müəllifinə inandırıcı gəlmir) ağır bədəllərini ödəyir. Maraqlıdır ki, həmin rus casus da eynilə Rəhim Namazov kimi sağ qalmış, qızı isə ölümə təslim olmuşdu. Hədəflərin bənzər taleləri də ssenarinin eyni müəlliflər tərəfindən yazılması ehtimalını gücləndirir. Mümkündür ki, Rəhim Namazovun çoxsaylı güllə yaraları almasına baxmayaraq, ölməməsi də (deməli, atışlar ölümcül nöqtələrə olmayıb) onun “bülbül kimi ötməsini” təmin etməyə hesablansın.

Yenidən yarıjurnalist, yarıkriminal şəxs Rəhim Namazovun sui-qəsd məsələsinə qayıtsaq, onun həqiqətən kifayət qədər məlumatlı biri olması da istisna edilməməlidir. O da mümkündür ki, Azərbaycandan bəzi dairələr bu adama kompromat materiallar ötürsün və həmin materialların tam yayılacağı əsnada həmin şəxsin sıradan çıxarılmasına cəhd göstərilsin. Bəlkə də məqsəd qətlə yetirilməsi planlaşdırılan bu adamın ölümündən sonra evində araşdırma aparılaraq, bəzi kompromat materialların Fransa polisi tərəfindən ələ keçirilməsini təmin etmək və diqqəti Azərbaycandakı bəzi hakimiyyət üzvlərinə cəlb etmək olub. Rəhim Namazovun hücumdan təsadüfən sağ çıxması bu mərkli planın baş tutmasını əngəlləyə, əsl cinayətkarların kimliyini ortaya qoya bilər.

Bəs, həmin məkrli qüvvələrə Azərbaycan hakimiyyətinin cavabı necə olacaq? İnşallah, bu və digər sualların əsaslandırılmış cavabı yaxın günlərdə bilinəcək. Hələlik isə görünən budur ki, kimlərsə Azərbaycan hakimiyyəti üzərində “terrorçu” imici yaratmağa çalışır.

Heydər Oğuz

“Hürriyyət”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.