Bir dəlinin “atdığı daşa” görə yüz ağıllının göstərdiyi səy - PROBLEM

27-07-2018, 13:05           
Bir dəlinin “atdığı daşa” görə yüz ağıllının göstərdiyi səy - PROBLEM
"Bir iraqlı turist ilə 2 ay əvvəl təsadüfən tanış oldum. Bizim küçələrdə onu bomja bənzətdikləri üçün kimdən söz soruşmaq istəyirdisə, hamı ondan qaçırdı. Yaxınlaşdım, söhbətləşdik. Adam universitet rektoru idi və kifayət qədər də unikal, savadlı insandır”.

Son vaxtlar gündəmdə olan, sosial şəbəkədə müzakirə edilən mövzulardan biri də turistlərə olan münasibətdir. Əlbəttə, heç bir məsələyə birmənalı yanaşma olmadığı kimi, turistlər mövzusunda da yanaşmalar fərqlidir. Yadımdadır, turistlərin ölkəmizə yeni axın etdiyi vaxtlarda, yəni bir neçə il əvvəl bunu müsbət qarşılayıb, ölkəmizin tanınması, iqtisadi inkişaf baxımından yüksək qiymətləndirmişdik. Bəs nə dəyişdi? Necə oldu ki, fırıldaqçılıq edib onlardan artıq pul alan, turistlərə qarşı dələduzluq edən, onları ələ salan insanların fikirlərini sosial şəbəkələrdə paylaşıb, belə əməlləri təqdir dənə cəmiyyətə çevrildik? Budur bizim qonaqpərvərliyimiz, ölkəyə gələnə verdiyimiz dəyər? Bu gün bir turistə qarşı edilən yanlış bir hərəkət, bütöv bir ölkə, xalq haqqında mənfi münasibət formalaşdırır. Çünki onlar bunu fərdin yox, ümumi olaraq ölkənin mədəniyyət səviyyəsi kimi qiymətləndirirlər.

Ölkəyə turistin gəlməsi, bu və ya digər şəkildə maliyyə xərcləməsi həmin ölkəyə yatırılan investisiya hesab olunur və dünyanın hər yerində təqdir olunur, yüksək qiymətləndirilir. Bəzi həmvətənlilərimizin turistlərə olan münasibəti heç də ürəkaçan deyil. Turistin hansı ölkədən gəlməsinin nə önəmi var? Qonaq qonaqdır, hər bir halda, bizim üçün prioritet məsələ onun ölkədən müsbət təəssüratla getməsidir. Yazının əvvəlində qeyd etdiyim fikirlər bir başqa vətəndaşımızın sosial şəbəkədə paylaşdığı statusdur. Məncə, həmin cümlələr bu mövzunun əyani göstəricisidir. Məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri, turizm üzrə ekspert Müzəffər Ağakərimov bildirdi ki, bir turistə qarşı edilən hərəkət, bir fərdin yox, ümumi olaraq bütün azərbaycanlıların hərəkəti kimi qəbul edir: "Bizim çox qonaqpərvər, ürəyiyumşaq, insanlara əl tutan, dədə-babadan qalan adət-ənənələrə hörmət edən xalqımız var. Amma təəssüf ki, meşə çaqqalsız olmur. Hər bir sahədə olduğu kimi, bu sahədə də hamı yüz faiz ideal ola bilməz. Bəzi taksi sürücüləri, barmenlər, ofisiantlar, turistlərə xidmət edən başqa adamlar bəd xasiyyətlərini, acgözlüklərini, nəfislərini idarə edə bilmirlər. Anlamırlar ki, biz hamımız bu millətin, xalqın, Azərbaycanın simasıyıq. Turist, ona qarşı olan hərəkəti fərdin yox, ümumi olaraq bütün azərbaycanlıların hərəkəti kimi qəbul edir. Ölkəsinə qayıdanda da bizim haqqımızda yaxşı düşüncədə olmur. Belə halların qarşısını almaq üçün turizm şirkətləri, agentlikləri, assosiasiyaları, həmçinin ekskursiya bələdçiləri və digər turizm qurumları, mütəmadi olaraq maarifləndirici iş aparmalıdırlar. Bu, çox mühüm amildir. Turistlərlə işləyən kadrlar bu kimi nüanslara xüsusi fikir verməlidirlər. Bu sahəyə investisiya qoyan sahibkarlar da xidmətin keyfiyyətli olması üçün çalışmalıdırlar. Keyfiyyət olmasa, qazanc əldə etmək müşkül məsələdir”.

Həmsöhbətimiz deyir ki, turizm sahəsi ölkəmiz üçün çox önəmlidir və bu sahəni genişləndirmək üçün inkişafa hesablanmış addımlar atılmalıdır: "Ataların bu barədə çox yaxşı bir misalı var: "Bir dəli quyuya daş atdı, yüz ağıllı çıxarda bilmədi”. Yüz nəfərin içindən biri çıxır, bir hərəkəti ilə bizim torpağı, xalqı, mədəniyyətimizi, tariximizi, necə xalq olduğumuzu yanlış tanıdır. Turistlər yeni iş yerləri, otellər, turizm şirkətləri deməkdir. Amma yenə də təbii ki, bir yerdə dayanmaq olmaz. Hər bir sahədə olduğu kimi, bu sahədə də inkişaf etmək üçün müəyyən addımlar atmalıyıq. İşimizi hər gün yeniləməli, innovasiyalarla, maarifləndirici işlərlə inkişaf etdirməliyik”.

"Luna Travel” şirkətinin direktoru Rəhman Quliyev son zamanlar sosial şəbəkədə turistlərlə bağlı yayılan xəbərlərdən narahatlığını və bu sahəyə ciddi nəzarət edilməli olduğunu bildirdi: "Bir neçə il bundan əvvəl qonşu Türkiyədə turistlərə qarşı qeyri-etik bir davranış olmuşdu. Məsələ böyüdü və Rusiya, Avropa kanallarında bu hadisə məsxərəyə qoyuldu. Son dönəmlər baş verənlər mənə həmin olayı xatırlatdı. "Ağacın kölgəsini 5 manata satmaq”, "turisti qəzetlə yelləmək” kimi hərəkətlər bizim xalqımıza yaraşmayan addımdır. Bu gün turizm sahəsi iqtisadiyyatımızın inkişafına təkan verən ən mühüm sahələrdən biridir. Düşünürəm ki, bu sahəyə olan diqqət və nəzarəti artırmaq lazımdır. İlk olaraq "qaynar xətt” yaradılmalı və ölkəyə gələn turistlər bununla bağlı məlumatlandırılmalıdır ki, hər hansı bir şikayəti, narazılığı olan turist ora müraciət etsin. Şikayət araşdırılsın, əgər turist haqlı olarsa, bu zaman ona qarşı yanlış hərəkət edən şəxs cəzalandırılsın. Bəlkə onda bu sahəyə nəzarət etmək mümkün oldu. Onu da qeyd edim ki, əksər turistlər ölkəmizə gələndə bütün xidmətlərin haqqını ümumi tur-paket şəklində ödəyir. Amma çox təəssüf ki, bizim xidmət sektorunda sui-istifadə halları çox olur. Turistlərdən əlavə vəsait tələb olunur. Bax, mənim dediyim "qaynat xətt” bu hallar üçün vacibdir. Ölkəmizə gələn hər bir turistin hüquqları qanunla qorunur. Elmin, tərəqqinin inkişaf etdiyi bugünkü gündə desələr ki, Azərbaycanda xarici turistləri bu cür qarşılayırlar, cibinə girirlər, ağlasığmaz fırıldaqlardan istifadə edirlər, bu, dünyada bizim imicimizi sıfıra endirər. İnanın ki, belə hadisələr, belə hərəkətlər başqa dövlətlərin bizə qarşı siyasi ideologiyasını, siyasi baxışlarını dəyişər”.

R. Quliyev deyir ki, hər bir turist bizim üçün əzizdir: "Kim ki, ölkəyə gələn turistlərdən şikayətlənirsə, çox səhv edir. Mən son zamanlar xüsusilə də, ərəblərdən gələn şikayətlərin şahidi olmuşam. Amma bu, düzgün deyil. Ərəb gəlib gəzir, yeyib-içir və pul xərcləyib gedir. Ölkəmizə maliyyə axını olur. Qubanın ən ucqar nöqtəsində belə camaat kolun dibində bir çayxana qurub pul qazanır. Nəyin hesabına? Əlbəttə, turistin hesabına. Bu gün Azərbaycana böyük turist axını var. Biz çəkinmədən etiraf etməliyik ki, turistlərin gəlməsi, ölkəmizdə pul xərcləməsi Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşması üçün olduqca müsbət haldır”.
\\kaspi.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.