ABŞ bu qədər ölkəyə sanksiyanı necə idarə edəcək? - Analiz

28-07-2018, 09:32           
ABŞ bu qədər ölkəyə sanksiyanı necə idarə edəcək? - Analiz
ABŞ-ın iqtisadi gücü və dünya iqtisadiyyatında tutduğu yer danılmazdır. Son dövrlərdə dünyanın aparıcı dövlətlərinə sanksiyalar tətbiq edən ABŞ həm də bu sanksiyaları idarə etmək gücündədir.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, dünya iqtisadiyyatının 3/1-ni ABŞ təşkil edir:

“Dünyanın ən böyük iqtisadi gücü, istehsalı, ixracatı, ümumdaxili məhsulun həcmi ən yüksək olan dövləti ABŞ-dır. Bundan başqa, ABŞ texniki göstəricilərdə də çox irəlidədir. Dünyada banklar SWİFT sistemi ilə çalışır. SWİFT-in keçdiyi siqnalların mərkəzi ABŞ-dır. ABŞ hətta birbaşa deyil, elə bu sistem vasitəsi ilə dünyanın pul köçürmələrinə nəzarət etməyə qadirdir. ABŞ-ın xüsusi xidmət orqanları da güclüdür. Onlar da dünya ölkələrində kifayət qədər iş apara bilir. ABŞ-ın ölkələrə tətbiq etdiyi sanksiyalara nəzarət etməsi mümkündür. Amma bunun nə dərəcədə nəticə verəcəyi sual altındadır”.

Ekspert vurğulayıb ki, Tramp prezident seçildikdən sonra ABŞ siyasətinin bu qədər aqressivləşməsi artıq dünya ticarəti və iqtisadiyyatına da müəyyən təhdidlər yaradır:

“Çünki ABŞ tərəfindən ticarət savaşlarının olması, gömrük və vergi rüsumlarının artırılması əks addımlara səbəb olur. Elə Çin də ABŞ-a qarşı addımlar atacağını artıq bəyan edir. AB ilə də vəziyyət gərginləşir. AB-nin yüksək rütbəli məmurları, o cümlədən Yunker 2 gün Vaşinqtonda oldu. O, ABŞ-la danışıqlar aparırdı ki, ABŞ və AB müəyyən anlaşmaya nail ola bilsin. Amma görünən odur ki, Trampın aqressiv siyasəti daxili auditoriyanı hələ ki, qane edir. Daxili auditoriyanı qane etdiyinə görə, Tramp siyasətini daha da sərtləşdirmək fikrindədir. ABŞ-ın bu addımları ona qarşı müxtəlif cəbhələrin yaranmasına da səbəb ola bilər. Artıq Rusiya-Çin belə bir cəbhənin yaranmasında öncüllük edirlər. Yeri gəlmişkən, elə dünən Cənubi Afrikada BRİKS ölkələrinin rəhbərlərinin görüşü oldu. BRİKS-ə beş böyük iqtisadiyyata malik olan ölkə daxildir. Bu görüş əslində açıq şəkildə olmasa da, ABŞ-ın atdığı addımlara qarşı müəyyən işbirliyinin yaranmasının ilkin işarəsidir. Görüşdə də bu hiss olunurdu. Birgə addımların atılacağı da görüşün son deklerasiyasında bəyan olundu”.

Ekspert qeyd edib ki, AB və ABŞ arasında mövcud işbirliyinin pozulacağını da proqnozlaşdırmaq olar:

“AB ABŞ-la maraqlarının kəsişmədiyini gördükcə və ABŞ-la aralarında ciddi şəkildə fikir ayrılığı yarandıqca daha böyük və güclü bir mərkəzə çevrilmək üçün addımlar atmağa çalışır. Hətta AB həm hərbi, həm də iqtisadi sahədə daha sıx birləşmək və ABŞ-ın atdığı addımlara əks addımlar atmaq niyyətindədir. Bu da ənənəvi Avropa və ABŞ işbirliyinin pozulmasına səbəb ola bilər. Hətta bu, gələcəkdə Avropa Birliyi ölkələrinin Rusiyaya, İrana münasibətdə ABŞ-la eyni addımları atmamasına gətirib çıxarar. Bunun ilkin işartıları da artıq var. Məsələn, ABŞ İranla nüvə razılaşmasından çıxsa da, AB ölkələri israrla bundan çıxmayacaqlarını, sona qədər sadiq qalacaqlarını bəyan edirlər. Bu da artıq ABŞ siyasətinə mənfi mənada ciddi təsir göstərir. Trampın apardığı “etatizm” siyasəti - yəni dövlət maraqları adı altında digər ölkələrin istehsalçılarına tətbiq edilən əlavə gömrük və vergi rüsumlarının yükü axırda ABŞ vətəndaşlarına ziyan vuracaq. Hələlik ABŞ-da bir eyforiya havası var və daxili istehsalçıları qorumaq adı altında bu iş görülür. Amma ABŞ-da olanlar da, dünya iqtisadiyyatını öyrənənlər də bilir ki, ABŞ-da satışda olan məhsulların böyük bir qismi başqa ölkələrin istehsalıdır. ABŞ istehsalçıları isə bunu anında əvəz etməyə qadir deyillər. Təkcə Çin hər il ABŞ bazarlarında təxminən 510 milyard dollarlıq məhsul satır. Bu məhsulu əvəz edə biləcək daxili istehsalçılar isə yoxdur”.

İqtisadçı vurğulayıb ki, Çin mallarına əlavə gömrük və vergi rüsumlarının tətbiq olunması nəticə etibarı ilə həmin məhsulların ABŞ bazarlarında bahalaşmasına səbəb olacaq:

“Son nəticə olaraq, ABŞ vətəndaşı Trampın bu siyasətinin bədəlini öz cibindən ödəyəcək. Çünki qısa bir zamanda istehsalı tamamilə əvəz etmək, hətta beş ilə də xaricdən gətirilən məhsulların ABŞ-da istehsalını təşkil etmək mümkün deyil və bu, heç iqtisadi cəhətdən səmərəli də olmaz. Ona görə də Trampın və ABŞ Adminstrasiyasının atdığı bu başadüşülməz, anlaşılmaz və aqressiv addımlar ümumi dünya ticarəti və iqtisadiyyatı üçün ciddi təhlükələr yaradır. Bu, dünya iqtisadiyyatının daralmasına, zəifləməsinə və gələcəkdə ABŞ-ın qlobal miqyasda təklənməsinə səbəb ola bilər. Doğrudur, Böyük Britaniya ABŞ-la birgə addımlar atacağını dəfələrlə bəyan edib. Amma Britaniyadan başqa digər Avropa dövlətləri ilə ABŞ-ın maraqları toqquşacacaq. Bu da gələcəkdə Avropanı daha müstəqil addımlar atmağa sövq edəcək. Yəni Trampın bu siyasəti ABŞ-ın qlobal oyunçu olmasına baxmayaraq, digər dünya dövlətləri ilə əlaqələrinin gərginləşməsinə gətirib çıxaracaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.