ABŞ-ın sanksiyaları Ərdoğan iqtidarını necə gücləndirir - şərh
9-08-2018, 09:41
Əhəd Məmmədli: “Sanksiyalara səbəb Türkiyənin müstəqil siyasətidir”; Nəzakət Məmmədova: “Türkiyəyə tətbiq olunan sanksiya o qədər də ağır deyil”
Son zamanlar Türkiyə-ABŞ gərginliyinin yenidən artması bir çox məsələləri gündəm edib. Ağ Evin qardaş ölkənin daxili işlər və ədliyyə nazirlərinə sanksiya tətbiq etməsindən sonra Türkiyənin 2016-cı ildən etibarən başlayaraq Rusiya ilə yaranan yaxınlığının daha da möhkəmlənəcəyi deyilir. Eyni zamanda təzyiqlər qarşısında qardaş ölkənin getdikcə güclənəcəyi yönündə səslənən fikirlər durmadan artır.
Qərb tərəfindən hər iki ölkəyə qarşı tətbiq edilən sanksiyaların onları bir-birinə bundan sonra daha da yaxın edəcəyi bildirilir. Bu sanksiyaların Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan hakimiyyətini getdikcə gücləndirdiyi qeyd olunur. Rusiya daxilindən belə fikirlər daha çox səslənir ki, bunun da təsadüf olmadığı vurğulanır. Şimal qonşumuzda Türkiyə ilə mövcud əlaqələrin davamlı olmasını istəyən ekspertlərin, hökumətə yaxın qüvvələrin ABŞ təzyiqlərinin Ərdoğan iqtidarını gücləndirdiyi və Rusiya ilə münasibətləri möhkəmləndirdiyi yönündə fikirlər ortaya atdıqları bildirilir.
Son olaraq, rusiyalı siyasi ekspert Vladimir Fitinin söylədiyi fikirlər diqqət çəkib. O deyib ki, ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar simvolikdir: “Vaşinqton Ankaranın siyasi dayanıqlığını yoxlayır. ABŞ sanksiyalarla Türkiyənin addımlarının qarşısını ala bilməz. Vaşinqtonun bu münasibəti Türkiyə-Rusiya əlaqələrini daha da möhkəmləndirəcək. Əsas ixtilaf Suriya və kürdlər üzərindədir”.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bütün təzyiqlərə baxmayaraq, Türkiyə dövlətçiliyinin gücləndiyini söylədi: “Hər zaman demişəm ki, Türkiyə, Rusiya, İran kimi dövlətçiliyi əsrlərə söykənən ölkələri sanksiyalarla yıxmaq mümkün deyil. ABŞ indiyə qədər sanksiyalarla heç kimi yıxmayıb. Balaca Şimali Koreya ilə belə bacara bilmədi. Türkiyə lirəsinə qarşı sabotaj xalqı AK Parti iqtidarı ətrafında daha da sıx birləşdirir. Çünki böyük dövlətlərin vətəndaşları çətin dönəmdə həmişə öz dövlətlərinin yanında olurlar. Türkiyəyə qarşı bu sanksiyalar müstəqil siyasət yürütdüyünə görədir. İstər Rusiya, istər İrana yönəlik Türkiyənin apardığı müstəqil siyasət Amerikanı çox narahat edir. Fikrimcə, sanksiyalar Türkiyəyə qarşı son həmlədir. Amerikanın bütün həmlələri puça çıxdığı üçün sanksiyalara əl atmağa məcbur qaldılar. Bu sanksiyaların başında böyüyən Türkiyənin müstəqil siyasəti durur. Rusiya, İran, həbsdən ev dustaqlığına buraxılan keşiş məsələləri bəhanədir. Tək Amerika deyil, digər iri gücləri ən çox qorxudan müsəlman coğrafiyasında yenidən böyüyən müstəqil Türkiyədir”.
Beynəlxalq əlaqələr üzrə mütəxəssis Nəzakət Məmmədova rəsmi Ankaraya qarşı olan sanksiyaların o qədər də ağır olmadığını düşünür: “Sanksiyalar bir ölkəni iqtisadi cəhətdən zəiflətsə də, müəyyən vaxt sonra siyasi birliyi daha da möhkəmləndirir. Lakin uzun müddət davam etdikdə bir mərhələdən sonra sosial vəziyyətin pisləşməsi daxildə gərginliyə səbəb ola bilər. Təbii ki, bu zaman ölkənin xüsusiyyətləri, iqtidarın təbliğat strategiyasını nə dərəcədə düzgün qurması da mühüm rol oynayan amillərdir. Türkiyəyə tətbiq olunan sanksiya o qədər də ağır deyil və fikrimcə, daha çox xəbərdarlıq səciyyəlidir. Lakin Türkiyə, İran, Rusiya kimi ölkələrdə xalqların xüsusiyyəti belədir ki, xarici təzyiq olduqca onlar öz hakimiyyətlərinin ətrafında daha sıx birləşirlər. Bir avropalı, yaxud amerikalı komfortlu həyat tərzi pozulan kimi küçəyə çıxıb hökumətdən nəsə tələb edə bilər. Lakin Şərqin xüsusiyyətləri başqadır. Burada insanlar məhrumiyyətlərə daha dayanıqlıdır. Sanksiyalar, təzyiqlər Türkiyə və Rusiyanı daha sıx birləşdirir. Ümumi düşmən olduqda onlar təklikdə bacarmayacaqlarını bildikləri ücün eyni mövqedən çıxış edirlər. Onların bu həmrəyliyi bir çox hallarda öz səmərəsini verir və ABŞ-ı geri çəkilməyə məcbur edə bilir. Yəqin ki, bundan sonra daha da yaxınlaşacaqlar. Putin avrasiyaçıdır. Ərdoğan da qərbyönümlü deyil. Odur ki, bu iki liderin siyasəti Türkiyə və Rusiyanı yaxın və orta perspektivdə eyni mövqedən çıxış edən siyasət yeritməyə vadar edəcəkdir. Rusiya və İrandan fərqli olaraq Türkiyəyə qarşı daha yüngül, xəbərdarlıq səciyyəli sanksiya tətbiq edilib və həyati əhəmiyyətli sahələri əhatə etmir. Çünki Vaşinqton öz dəyərli müttəfiqini itirmək istəmir. Türkiyə istənilən an şərtləri yerinə yetirsə, Vaşinqtonun yanına geri dönə bilər. Rusiya və İranın isə belə bir şansları yoxdur”.