Aİİ-nin kafedra müdiri Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

8-11-2018, 18:07           
Aİİ-nin kafedra müdiri Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
Teref.az - Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova 2-4 noyabr 2018-ci il tarixdə Türkiyə Respublikasının İsparta şəhərində “Orta Anadolu və Aralıq dənizi bəyliklərinin tarixi, kültürü və mədəniyyəti: Həmidoğulları bəyliyi” adlı beynəxalq simpoziumda iştirak edib.

Türk Tarix Qurumu, Süleyman Dəmirəl Universiteti və Nəcməddin Ərbakan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziuma 6 ölkədən 60-a yaxın məruzəçi qatılıb. Simpoziumda türk-islam tarixinin mühüm dövrlərindən olan Həmidoğulları bəyliyinin siyasi və mədəni tarixinə dair müxtəlif mövzularda məruzələr dinlənilib.

Dosent E.Əzizova “XIV əsr müsəlman səyyah və coğrafiyaçılarının əsərlərində Anadolu bəyliklərində sosial və iqtisadi həyat Həmidoğulları bəyliyi nümunəsində” adlı məruzə ilə çıxış edib. O, öz məruzəsində orta əsrin ən böyük müsəlman səyyahı sayılan Faslı ibn Battutanın “Tühfətün-Nüzzar fi qəraibil-əmsar və əcaibil-əsfar” adlı səyahətnaməsi, Məmlük tarixçisi və coğrafiyaçı ibn Fəzlullah əl-Ömərinin “Məsalikül-əbsar fi məmalikil-əmsar”, Şihabüddin Əhməd ibn Əli əl-Qəlqəşəndinin “Sübhül-Əşa fi sinaətil-inşa”, Eyyubi dövlət xadimi, tarixçi və coğrafiyaçı Əbül-Fidanın “Təqvimül-büldan” əsərləri kimi mənbələrə istinad edərək Anadolu bəylikləri, xüsusilə Həmidoğulları bəyliyində iqtisadi və ictimai həyat, siyasi idarəetmə, sosial qruplar arasındakı münasibətlər, türk qadınının cəmiyyətdəki rolu, adət-ənənələr haqqında geniş məlumat verib.

Məlumat üçün bildirək ki, E.Əzizova respublikada və xaricdə 20-yə yaxın elmi konfransda məruzələrlə çıxış edib. 2011 və 2018-ci illərdə İstanbulda İSAM nəşriyyatında “Hz. Peyğəmbər dönəmində çalışma həyatı və məsləklər” adlı əsəri nəşr olunub. 2009-cu ildə doktorantura üzrə elmi işi İstanbulda ən yaxşı “Hədis və siyər doktorantura dissertasiyası” mükafatına layiq görülüb. Respublika və xaricdə nəşr olunmuş 6 kitabın həmmüəllifi, 30-a yaxın məqalənin müəllifidir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.