Nəsimi rayonunda video-konfrans keçirilib
26-06-2020, 14:21
Teref.az - Nəsimi rayonunda 26 iyun Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü ilə əlaqədar video-konfrans keçirilmişdir.
Nəsimi rayonunda 26 iyun Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası üzvlərinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun Milli informasiya sektorunun, rayon Polis İdarəsinin YYÇ-larla profilaktik iş bölməsinin, rayon Gənclər və İdman İdarəsinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi əməkdaşlarının və rayonun tam orta məktəb şagirdlərinin iştirakı ilə video-konfrans keçirilmişdir.
Video-konfransı giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasnın sədri Gülarə Verdiyeva açaraq bildirdi ki, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın dövlət siyasətinin başlıca vəzifələrindən biridir.
Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur.
Narkomaniyanın sərhəd tanımayan beynəlxalq problem olduğunu qeyd edən natiq bildirdi ki, insanların sağlamlığına ciddi təsir edən narkotik vasitələrin satışı, transferi ağır fəsadlara yol açır. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.
Tədbirdə Nəsimi rayon Polis İdarəsinin YYÇ-larla profilaktik iş bölməsinin əməkdaşı polis kapitanı Yeganə Zeynalova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Pərvin Quliyeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun Milli informasiya sektorunun müdiri Raqif Allaverdiyev çıxış edərək narkomaniyaya qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadlarından danışmış, məktəbliləri maraqlandıran sualları cavablandırmışlar.