QMİ nin səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədl bəyanat verdi.. MƏTN
15-07-2020, 20:58
Bismillahir Rəhmanir Rəhim
“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin Siz bunu dərk etmirsiniz” (Bəqərə, 154).
Son günlərdə cəbhə xəttində baş verən hadisələr, ordumuzun düşmənə endirdiyi zərbələr, insanların ruh yüksəkliyi hər birimizdə qürur doğurur. Əsgərlərimizin döyüş ruhunun yüksək olması, ordumuzun düşmənə nizamla və dəqiqliklə layiqli cavab verməsi bir daha dünyaya Azərbaycan dövlətinin gücünü, xalqımızın vəhdətini nümayiş etdirir. Bu döyüşlərdə şəhid olanlar arasında əsgərlərlə yanaşı yüksək rütbəli zabitlərimizin də olması, əsgərlərin, zabitlərin, generalların bir səngərdən düşmənlə döyüşmələri və ordumuzda güclü ruhun olduğuna daha bir sübutdur. Bu ordumuzun döyüş əzmini yüksəldir, xalqımızda qürur hissi doğurur.
Tarixdə məhşur olan Azərbaycan sərkərdələrinin siyahısı yeni tariximizdə şəhid olan qəhrəmanlarımızla təzələnir. Bu Azərbaycan xalqının nə qədər böyük, qeyrətli və inanclı bir xalq olmasını bəyan edir.
Milli və mənəvi birlik göstərən xalqımız üçrəngli bayraq altında birləşərək hər zaman vətənin müdafiəsində dayanmaq üçün öz fikrini sivil şəkildə nümayiş etdirməsi həqiqətəndə ordumuza ruh yüksəkliyi verməsi deməkdir.
Bir din xadimi olaraq hər zaman bəyan etmişəm və indi də bəyan edirəm ki, biz Ali Baş Komandanın əmri ilə cəm olmağa və vətənimizin bütövlüyü uğrunda döyüşlərə qoşulmağa və lazım gələrsə şəhid olmağa belə hazırıq.
Uca Allahdan şəhidlərimizə rəhmət, bütün şəhid ailələrinə, xalqımıza dərin hüznlə baş-sağlığı verirəm. Allahdan yaralı əsgərlərimizə şəfa, səngərdə olan əsgərlərimizə güc və qüvvət təmənna edirəm.
Allah xalqımıza səbr versin.
QMİ nin səlahiyyətli nümayəndəsi: Professor Dr.Hacı Surxay Məmmədli