Paytaxt məktəbliləri arasında “Müdrik siyasət - Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsi keçirilir
5-02-2021, 17:08
Teref.az- Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt rayonularının orta məktəb şagirdləri arasında “Müdrik siyasət - Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsi keçirilir. Əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbəsinin təbliği, eləcə də böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması istiqamətində görülən işlərin daha da genişləndirilməsi olan və 2 mərhələdən ibarət bu müsabiqə mövcud karantin rejimi tələblərinə uyğun olaraq video konfrans formatında təşkil edilib.
Artıq paytaxtın Binəqədi, Xəzər, Xətai, Sabunçu, Nəsimi və Nərimanov rayonlarında ilkin mərhələyə yekun vurulub. Bu mərhələdə 6 rayonun 188 məktəbindən 784 şagird iştirak edib, onlar 17 mövzu üzrə referatlarını təqdim ediblər. 6 rayon üzrə keçirilən müsabiqələrdə 69 şagird birinci mərhələnin qalibi adına layiq görülüblər. Müsabiqə komissiyası tərəfindən rayon qalibləri arasından xüsusi fərqlənən 16 nəfər yekun olaraq Bakı şəhər mərhələsinə iştirak üçün vəsiqə qazanıblar.
Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, məktəblərin direktorları və müəllimlərin iştirakı ilə keçirilən rayon mərhələlərinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Fevral ayının 15-dək digər 6 rayon üzrə də konfransların keçirilməsi nəzərdə tutulub. Bakı şəhəri üzrə keçiriləcək yekun konfransdan sonra isə müsabiqə komissiyasinin rəyi əsasında seçilən referatların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kitab şəklində çap edilməsi qərara alınib.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti