Milli həmrəylik dövlət siyasətinin strateji prioritetidir - MƏQALƏ

6-03-2021, 10:00           
Milli həmrəylik dövlət siyasətinin strateji prioritetidir - MƏQALƏ
Ölkəmizdəki siyasi qüvvələrlə dialoqun aparılması, onların təklif və iradlarının qəbul olunması, hakimiyyətlə siyasi partiya rəhbərləri arasında səmərəli müzakirələrin keçirilməsi, habelə ölkədə çoxpartiyalı sistemin təkmilləşdirilməsi məqsədi daşıyan bir sıra tədbirlərin görülməsi siyasi islahatların sürətlə davam etdirildiyini göstərir.

Prezident İlham Əliyev öz çıxışlarında siyasi qüvvələrin mütləq əksəriyyətinin dövlətçilik prinsiplərini hər şeydən üstün tutmalarını xüsusi vurğulamaqla bərabər, antimilli qüvvələrə və onlardan öz maraqları üçün istifadə edənlərə həmişə xatırladıb ki, Azərbaycanın islahatlar yolu ilə yeni inkişaf mərhələsinə qədəm qoyması, bu istiqamətdə inamla addımlaması xalqın, siyasi qüvvələrin mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi, alternativi və geriyə dönüşü olmayan bir yoldur. Həqiqətən də, Azərbaycanın dayanıqlı inkişafı, beynəlxalq nüfuzunun davamlı olaraq möhkəmlənməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirməsi ermənipərəst dairələr tərəfindən böyük narahatlıqla qarşılanır.

Hazırda respublikamızda müxtəlif siyasi partiya nümayəndələrinin qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmələri olduqca müsbət haldır. 44 günlük Vətən müharibəsində ölkədə mövcud olan milli həmrəylik sayəsində Azərbaycan Ordusunun tarixə düşən möhtəşəm qələbəsi qısa müddət ərzində baş tutdu. Azərbaycan xalqı Vətən müharibəsinin ilk günündən Ali Baş Komandanın yürütdüyü siyasətə öz dəstəyini ifadə etdi. 50-dən çox siyasi partiya da bu həmrəyliyə öz töhfəsini bəxş etdi.

Siyasi təşkilatların Ali Baş Komandanın yanında olduqlarını bəyan etmələri, onu dəstəkləmələri tarixi əhəmiyyət kəsb edən bir hadisə oldu. Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən belə mürəkkəb bir şəraitdə siyasi partiyaların atdıqları addımları həm siyasi yetkinliyin göstəricisi, həm də ölkəmizdə yaşanan siyasi birliyin təcəssümü kimi xarakterizə etmək olar. Başqa bir məqam, şübhəsiz ki, belə bir proseslərdə geniş dünyagörüşə, siyasi uzaqgörənliyə, diplomatik bacarığa malik olan İlham Əliyev faktoru mühüm rol oynadı. Bunu Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə siyasi partiyaların ünvanladıqları təbrik məktublarında da aydın görmək mümkündür.

Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir. Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın gələcəyə doğru inamla irəliləməsinin nəticəsidir ki, 6 siyasi partiya YAP-a qoşulmuşdur.Beləliklə, Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır.

Aysel Mənsimova – YAP üzvü
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.