Beynəlxalq əlaqələr ADAU-nun şöhrətini dünyaya çatdırır

11-12-2021, 19:41           
Beynəlxalq əlaqələr ADAU-nun şöhrətini dünyaya çatdırır
Təhsil müəssisəsinin uğuru həm də beynəlxalq əlaqələrin miqyasının genişlənməsi ilə ölçülür. Səmimi demək lazımdır ki, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) bu sahədə də ölkənin təhsil müəssisələri arasında öndədir və dünyanın bir çox aparıcı universitetləri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Demək olar ki, dünya universitetlərinin ADAU ilə əməkdaşlığa marağı ilbəil artır, bir-birindən gərəkli əməkdaşlıq müqavilələri imzalanır. Bütün bunlar isə o deməkdir ki, artıq ADAU ölkə hüdudlarından çox-çox uzaqlarda tanınır. Daha dəqiqi Azərbaycanda Aqrar təhsilin inkişaf mərhələləri xarici ölkələrdə diqqətlə izlənir, burada yaranan təhsil şəraiti, maddi-texniki baza, ən əsası dövlətin bu sahəyə xüsusi diqqəti onlarda böyük maraq yaradır. Bu səbəbdən də Aqrar universitetə xarici ölkələrdən bu təhsil məbədini daha yaxından tanımaq üçün ardıcıl səfərlər edilir. Fəxrlə demək olar ki, ADAU bu gün dünyanın 100-dən artıq aparıcı təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Bunlardan 5 ilə (Nova Gorica, Ege Universiteti, ODU (Oklahoma), Eskişehir Teknik Universiteti, Ankara Universiteti) ilə ikili diplom müqviləsi uğurla həyata keçirilir.
Bu günlərdə isə Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universitetinin bir qrup professor-müəllim və tələbə heyəti Rusiya Milli Elmlər Akademiyasının həqiqi üzvü, baytarlıq elmləri doktoru, akademik Anatoliy Stekolnikovun rəhbərliyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinə səfər edib. Səfərin məqsədi qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin, tədris proqramlarının hazırlanması, tələbə-müəllim mübadiləsi, kadr hazırlığı və digər məsələlər olub. Hər iki universitetin birgə əməkdaşlıq yolunda önəmli rol oynayacaq bu səfər iştirakçılarını qəbul edən rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlara ADAU-nun Tələbə Evləri, yeni tədris korpusu, laboratoriyaları, Tədris-təcrübə təsərrüfatı, Heyvandarlıq kompleksi, Baytarlıq klinikası, Açıq və Qapalı balıqyetişdirmə laboratoriyası, Quşçuluq tədris mərkəzi, Süni mayalanma tədris mərkəzi, Biotexnologiya mərkəzi, stimullaşdırma proqramları barədə məlumat verərib. Bildirib ki, ADAU-da keyfiyyətli təhsil almaq üçün bütün imkanlar yaradılıb.
Anatoliy Stekolnikov isə Aqrar Universitetdə olmaqdan məmnunluğunu ifadə edib, qarşılıqlı əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olacağını bildirib.
Bir neçə gündür qonaqlar ali təhsil müəssisəsinin maddi-texniki bazası ilə yaxından tanış olur, tələbələr üçün seminarlar təşkil edirlər. Ən önəmlisi odur ki, universitetin dinamik inkişafı onları çox heyrətləndirir. Səfərin yekununda isə Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında olan qarşılıqlı əməkdaşlıq memorandumu yenilənəcək. Bundan sonra qarşılıqlı əməkdaşlıq daha da inkişaf etdiriləcək, birgə tədqiqat layihələri ararılacaq, tədris proqramlarının hazırlanması, tələbə-müəllim mübadiləsi, kadr hazırlığı və digər məsələlər daha operativ şəkildə həyata keçiriləcək.
Rusiya Milli Elmlər Akademiyasının həqiqi üzvü, baytarlıq elmləri doktoru, akademik Anatoliy Stekolnikovun Baytarlıq təbabəti fakültəsinin tələbələri üçün söylədiyi mühazirə olduqca maraqla dinlənilib.
“Ev heyvanlarının klinik biokimyası” mövzusunda olan mühazirə qaşılıqlı diskusiya şəraitində keçib. Xüsusu vurğulanıb ki, biokimyanın geniş və hərtərərfli inkişafı insanların və heyvanların sağlamlığının qorunması, kənd təssərrüfatı bitkilərinin və heyvandarlığın məhsuldarlığının artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması, rasional yemləmə, xəstəliklərlə mübarizə və digər məsələlərin həllində böyük əhəmiyyətə malikdir.
ADAU-da səfərdə olan rusiyalı müəllim və tələbələr Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini də yad edib. Onlar Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi terror yerində olub, həlak olan şəhər sakinlərinin xatirəsini anıblar. Qonaqlara deyilib
ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilən görüşün yekunu olaraq razılaşdırılan humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Ağır arteleriya atəşləri zamanı Azərbaycanın ikinci böyük və tarixi şəhəri, yarım milyon əhalisi olan, münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qonaqlar erməni terroru nəticəsində yerləbir olan yaşayış binasının ətrafına həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.
Azərbaycan Dövlət Aqrar Universitetində beynəlxalq əlaqələrin inkişafı prioritet məsələlərdəndir. Eyni zamanda dövlət başçısının təhsil müəssisəsinin kollektivinə tapşırığıdır. Artıq digər sahələrlə yanaşı burada xarici əlaqələrin qurulması və genişləndirilməsi sahəsində də ciddi nailiyyətlərə imza atılıb. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da ali təhsil müəssisələri arasında qurulan beynəlxalq əlaqələrin əhəmiyyətini yüksək qiymətləndirir. Çünki tədris və birgə tədqiqat əlaqələrinin inkişaf etdirilməsi Aqrar təhsilin inkişafı ilə yanaşı bazarrəqabətli kadr hazırlığına da böyük təkan verir. Bu gün ADAU-da bu istiqamətdə fəal iş aparılır.



Qalib Rəhimli.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.