Dünya gücləri regionda yeni reallığı qəbul edib - Israfil Kərimov yazıır

17-12-2021, 15:37           
Dünya gücləri regionda yeni reallığı qəbul edib
2021-ci ilin dekabr ayının 13-15-də dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri bir çox məqamlarla tarixə yazıldı. Prezidentimizin Brüssel səfəri Avropa İttifaqının və NATO-nun Azərbaycana dəstəyini aydın şəkildə göstərdi. Ölkə Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşləri zamanı müzakirə olunan məsələlər, eyni zamanda, Şarl Mişelin üçtərəfli görüşün nəticəsi ilə bağlı bəyanatında əksini tapan müddəalar ümumilikdə ölkəmizin mövqeyini əks etdirir.

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın mənzil-qərargahında Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirmişdir ki, ilk növbədə biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini alqışlayır və qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün nəticəsinə dair bəyanatında münasibətlərin gələcək inkişafına xidmət edəcək məqamları qeyd edib. Avropa İttifaqı tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub. Bəyanatda, həmçinin Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da qurumun dəstəyi öz əksini tapıb. Birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə etməklə yanaşı, bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib.

Dünya və Avropanın aparıcı dövlətrləri artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, ölkələrin səyləri müsbət nəticə verə bilər. Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüşün keçirilməsi də bir çox məqamlara aydınlıq gətirir. Azərbaycanın döyüş və informasiya cəbhələrində üstünlüyü, qətiyyətli mövqeyi diplomatik uğurlarının davamlı olacağına əsas yaradır. Bu günün reallıqları bir məqamı da açıqlayır ki, Azərbaycanın qüdrəti, gücü, beynəlxalq hüquqa əsaslanan mövqeyi tarixi Zəfərimizdə öz aydın ifadəsini tapıb.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.