Avropa İttifaqı-Azərbaycan əlaqələri genişlənir
17-12-2021, 15:38
Azərbaycan müstəqilliyini bərpa edəndən Avropa ilə əlaqələri genişləndirməyə üstünlük verib və bu əlaqələr uğurla inkişaf edir. Aİ ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi səmərəli əməkdaşlığın hüquqi təminatçısıdır. Bu gün Azərbaycanla Aİ-nin 9 üzv dövləti, yəni, quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalanıb ki, bu da mühüm əhəmiyyət kəsb edir. Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu İttifaqa üzv dövlətlərin payına düşür. Aİ ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq uğurla inkişaf edir. Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazı Aİ-nin üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan qazının ixrac coğrafiyası genişləndirilə bilər. Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasi kursunda üstünlük verdiyi məsələlərdəndir. İttifaq və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir.
Dekabrın 15-də ölkəmizin başçısı cənab İlham Əliyevin iştirak etdiyi Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının VI Sammiti Azərbaycanın və Prezident İlham Əliyevin növbəti diplomatik- siyasi qələbəsi kimi tarixə düşdü. Hər zaman olduğu kimi Prezident İlham Əliyev Brüssel səfərində də Azərbaycanın haqlı mövqeyini ortaya qoydu, ölkəmizin regionda sülhün təmin olunmasında maraqlı və Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi.
VI Sammit və Brüsseldə keçirilən digər görüşlər bir sıra məsələlərin müzakirəsi baxımından səmərəli və məhsuldar oldu. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə çıxarılaraq müzakirə olundu. Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycana yardım göstərməyə hazır olduğunu ifadə etdi. Eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında müvəqqəti işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olundu. Bundan başqa kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi də gündəliyə gətirilərək geniş müzakirə olundu və Ermənistan Zəngəzur dəhlizi üzrə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Məhz, Brüssel görüşündə Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunaraq qeyd etdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizi ilə eyni olmalıdır. Bununla da ölkə başçısı bir daha öz prinsipiallığını nümayiş etdirmiş oldu.
Əminliklə qeyd etmək olar ki, Brüssel görüşündə müzakirə olunan məsələlərdə, əldə olunan nəticələrdə və qəbul edilmiş bəyanatda Azərbaycan xalqının iradəsi və maraqları əks olunub.
Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor