Ölkədə sosial islahatlar uğurla davam edir

22-12-2021, 21:31           
Ölkədə sosial islahatlar uğurla davam edir
Azərbaycan dünyaya yeni iqtisadi və sosial inkişaf modelini təqdim edir. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması da təkmil islahatlara, uğurlu sosial siyasətə əsaslanır. İqtisadi tərəqqi hər bir dövlətin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Ötən il COVİD-19-la mübarizə tədbirləri ilə yanaşı 44 günlük Vətən müharibəsini yaşadıq. Bütün bunlara baxmayaraq heç bir sosial layihə təxirə salınmadı, iqtisadi islahatlar daha da dərinləşdirildi.
Dövlət siyasətinin təməlində vətəndaş amilinin dayandığı atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır.
Dövlət başçısı İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli «Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» və Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə» sərəncamları da deyilənlərin təsdiqidir. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2022-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq orta hesabla 20 faiz artırılacaq. Həmçinin cədvəldə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də artırılacaq. Əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq.
Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.
Göründüyü kimi, ölkənin iqtisadi imkanları güclü sosial siyasətlə müşayiət olunur. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində əmək haqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılacağını bildirmişdir. Son 18 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək bu vədin də reallıqda öz əksini tapdığını böyük inamla qeyd edə bilərik.

Tufan Məmmədov – iqtisadçı ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.