Prezident sərəncamları insanların sosial həyatının yüksəldilməsinə yönəldilib

22-12-2021, 21:33           
Prezident  sərəncamları insanların sosial həyatının  yüksəldilməsinə yönəldilib
Azərbaycanın dinamik inkişafı, iqtisadi sabitləşmə öz yerini sosial sahədə ciddi dəyişikliklərə verir. Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. İqtisadi sahədə əldə olunan gəlirər ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilir, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.
Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı fərman və sərəncamlar dövlətin sosial sahədə apardığı islahatların davamıdır. "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib. Prezidentin digər Sərəncamı ilə 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlara əsasən, ölkədə müavinətlərin artırılması ilə yanaşı, bəzi təqaüdlər də artırılıb. Artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. Dövlət başçısının digər yeni Sərəncamı doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin 20% artırılmasını nəzərdə tutur.
Xatırladaq ki, dövlət başçısının yeni Fərman və Sərəncamları əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək, müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir.
Göründüyü kimi, vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması istiqamətində aparılan işlər Azərbaycan dövlətinin prioritetlərindəndir. Ölkə başçısının siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır.


Adil Hüseynov – ADİU-nin dosenti, İqtisad elmləri doktoru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.