Davamlı inkişafa və siyasi sabitliyə səs vermiş Azərbaycan xalqı

1-04-2022, 21:13           
Davamlı inkişafa və siyasi sabitliyə səs vermiş Azərbaycan xalqı
Müasir Azərbaycan öz müstəqilliyinin 30 ili ərzində mürəkkəb və eyni zamanda şərəfli bir yol keçmişdir. XX əsrin 90-cı illərinin əvvəllərində SSRİ kimi nəhəng bir dövlətin süqutu digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaos, iqtisadi iflic və sosial kollaps vəziyyətinin yaranması ilə nəticələndi. Üstəlik həmin vaxt Azərbaycanın hərbi təcavüzə məruz qalması - erməni millətçilərinin soyqırımı və işğal siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin işğalı, bir milyon azərbaycanlının öz yer-yurdundan didərgin düşməsi vəziyyətin son dərəcə ağırlaşmasına səbəb olmuşdu. Bütün bu çətinliklərə baxmayaraq, 90-cı illərin ortalarından etibarən ölkəmiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başladı.
Ümummilli liderin ən layiqli varisi, davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Prezident İlham Əliyev 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışında söyləyib: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Məhz 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı şanlı qələbəsinin bünövrəsi Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti əsasında formalaşıb. Bu siyasətin davamçısı olan Prezident, Ali Baş Komandan İlham Əliyev öz qətiyyətli addımları ilə Azərbaycan xalqını Qarabağa qovuşduraraq ata vəsiyyətini də yerinə yetirib.
Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən 19 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilib, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutub.
Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri İlham Əliyevin imzaladığı çoxsaylı Fərman və Sərəncamlarda, Dövlət Proqramlarında öz əksini tapıb. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikri səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir.
Həmçinin, Prezident İlham Əliyevin xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verir.

Aynur Xəlilova - publisist












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.