Azərbaycan xalqı davamlı inkişafa və siyasi sabitliyə səs verib
4-04-2022, 15:43
11 aprel 2018-ci il tarixində ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 %-nin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da xalqımız növbəti dəfə Heydər Əliyevin siyasi kursunu dəstək nümayiş etdirdi.
İlk dəfə 2003-cü ildə Prezident seçildikdən sonra keçən 15 ilə yaxın müddətdə çətin, asan olmasından asılı olmayaraq bütün məsuliyyəti çiyinlərində daşıyaraq güclü Azərbaycan naminə nəzərdə tutulan vəzifələri yam şəkildə yerinə yetirən Prezident İlham Əliyev 11 aprel 2018-ci ildə keçirilən seçkilərdəki qələbəsini milyonların ona etimadı kimi yüksək dəyərləndirdi. “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, dünyada sabitlik adası kim tanınan Azərbaycanın vətəndaşları sülh, əmin-amanlıq şəraitində yaşayır, bütün demokratik azadlıqlar təmin olunur.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda bütün sahələrdə möhtəşən uğurlar qazanılıb. Müstəqil daxili və xarici siyasətə malik olduğunu, təhlükələrdən və risklərdən xalq-iqtidar birliyi ilə qorunduğunu, beynəlxalq təşkilatlarda layiqincə təmisl olunmaqla bildirən Azərbaycan geosiyasi əhəmiyyəti ilə fərqlənən, dünya siyasətinə təsir imkanları artan ölkə olduğunu sübut etdi. Etnik, dini, mədəni müxtəlifliyə ehtiram və hörmət Azərbaycan xalqının ən böyük sərvətlərindəndir. Xalqımızın kimlik pasportu sayılan terrora separatizmə, millətlər və dinlərarası münaqişələrə, ksenefobiyaya qarşı mübarizəsi ilə çoxlarına nümunə olan Azərbaycan tarixən birgəyaşayış qaydalarına hörmətlə yanaşmağı, qarşılıqlı əməkdaşlığı milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi qoruyub saxlamış, bəşəri ideyalara sadiqlik göstərmişdir.
2003-2018-ci illərdə ölkəmizdə çox böyük iqtisadi yüksəlişə nail olunub. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 26.6 dəfə artıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Həmin illərdə maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb, 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb.
44 günlük Vətən müharibəsi zamanı müdrik sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Milli Ordumuzun bir yumruq kimi birləşib göstərdiyi şücaət, qəhrəmanlıq nəticəsində 30 ilə yaxın işğal altında qalan ərazilərimiz azad edildi. Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən döyüş taktikası və texnikasının əsasında güclü və dayanıqlı iqtisadiyyatın nəticəsində əldə olunmuş yüksək texnoloji və intellektual hərbi potensiala malik vətənpərvər nizami milli ordunun yaradılması üçün xalqın sevgi, inam və birmənalı dəstəyini qazanmış lider amili çox vacib şərtlərdəndir. Ali Baş Komandan Prezident İlham Əliyev siyasi fəaliyyətində və karyerasında dürüst, xalqa açıq siyasət yürütdüyü üçün təkcə Azərbaycan xalqı arasında, cəmiyyətdə deyil beynəlxalq ictimai rəydə də nüfuz qazanmış, öz dəsti-xəttini yazmışdır.
42 yaşında, hələ sabitliyin, inkişafın aşağı səviyyədə, risk faizinin çox yüksək olduğu Azərbaycana rəhbərliyə seçilməsi ilə Prezident İlham Əliyev
bütün məsuliyyəti öz üzərinə götürdü ki, bu da təkcə talenin nəsibi deyil, həm də şəxsiyyətin xarakter göstəricisidir. İlham Əliyev rasional düşüncəli praqmatik baxışlı, optimist və realist siyasətçidir. Prinsipial, səbirli və qətiyyətlidir. Onun həyat yolu və tarixi missiyası daim Azərbaycan xalqı ilə sıx bağlı olub və hələ Azərbaycan tarixinə qızıl hərflərlə uğurlar, nailiyyətlər və zəfərlər yazdırmaq imkanını Uca Tanrı artıq müdrik dövlət xadimi İlham Əliyevə nəsib edib.
Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor