Şuşaya gedən yol 27 sentyabrda başlanıb
11-11-2022, 09:43
2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Ermənistanın məğlubiyyəti demək idi. Düşmənə vəziyyətdən yeganə çıxış yolu üçün kapitulyasiya aktına imza atmaq qalırdı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, rəşadətli Azərbaycan Ordusunun gücü ilə ölkəmiz bu tarixi Zəfərə nail oldu. 2020-ci il noyabrın 10-da Rusiyanın iştirakı ilə üçtərəfli Bəyanat imzalandı ki, bu da Azərbaycanın Qələbəsini rəsmiləşdirən sənəd oldu. Ermənistan üçün isə bu sənəd məğlubiyyətinin təsdiqləndiyi kapitulyasiya aktı oldu. 44 günlük müharibədə düşmənin zirehli texnikası məhv edildi, canlı qüvvəsi çox ciddi itkilər verdi. Üçtərəfli Bəyanata əsasən münaqişənin hərbi mərhələsi sona çatdı, Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi.
Ötən il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zəfər Gününü Şuşada qeyd etdilər.
Bu il noyabrın 8-də Zəfər Günü münasibəti ilə Şuşada təşkil olunan tədbirdə iştirak edən ölkə başçısı cənab İlham Əliyev öz çıxışında qeyd etdi ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazıb. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
44 günlük Vətən müharibəsində düşmən Azərbaycanın gücünü, bütün dünya isə birliyini, həmrəyliyini gördü. Böyük sərvətimiz, dəyərimiz olan həmrəyliyimiz möhtəşəm Zəfərimizin əsas amillərindən biridir. Ümumxalq birliyinin təntənəsi və Ordumuzun zəfər yürüşü nəticəsində imzalanan üçtərəfli Bəyanat status-kvonu dəyişdi. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail oldu. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu öz xeyrinə dəyişdi və itirilmiş ərazilərini geri qaytardı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı ordu quruculuğu və qətiyyətli siyasət nəticəsində dünyanın 50 ən güclü ordusundan birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində tarix yazdı. Ordumuzun döyüş taktikası, əsgər və zabitlərimizin göstərdikləri şücaət dünya hərb tarixində yeni səhifə açdı. Bu gün dünyanın hərbi mərkəz və məktəblərində Azərbaycanın Vətən müharibəsi, eyni zamanda, Şuşanın azad edilməsi uğrunda Ordumuzun həyata keçirdiyi döyüş əməliyyatları geniş təhlil edilir və öyrənilir.
Azərbaycan 44 günlük Vətən müharibəsi ilə düşməni məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməklə yanaşı, regionda və dünyada yeni reallıqlar yaratdı. Bu gün Azərbaycan dövləti artıq Böyük Qayıdış strategiyasının icrasına başlayıb. Belə ki, düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Həmçinin avtomobil və dəmir yolları çəkilir, tunellər, körpülər tikilir, eləcə də digər bütün infrastruktur yaradılır.
Münaqişə bitdikdən sonra Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması, mübahisəli məsələrin həll edilməsi məqsədi ilə keçirilən bütün görüşlər Prezident cənab İlham Əliyevin yüksək diplomatik məharəti və qətiyyətli siyasəti nəticəsində ölkəmizin xeyrinə yekunlaşır və görüşlərdən sonra qəbul edilmiş bəyanatlar da Azərbaycanın üstünlüyünü təsdiq edir.
Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi