Ölkəmizin xarici siyasətinin əsas prioriteti - İsrafil Kərimovun yazısı
14-11-2022, 12:26
Xəbər verildiyi kimi noyabrın 11-də Özbəkistanın qədim şəhəri olan
Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə
iştirak edib. Bu səfər ölkə başçısının son 7 ayda Özbəkistana üçüncü səfəri
idi. Səfərlər zamanı aparılan müzakirələr Azərbaycan-Özbəkistan
əlaqələrinin daha da yüksək səviyyəyə qalxdığını bir daha göstərir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə
möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən
biridir. Ölkəmiz hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfəsini
verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq olduğunu
dir daha nümayiş etdirib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı
geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji
resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Bundan
başqa Türk dünyası böyük bir ailədir. Türk dünyası bir-birimizin milli
maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik
göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika,
rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı,
təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də
əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Ötən il noyabrın 12-də isə İstanbulda keçirilən Türk Şurası Liderlərinin
VIII Zirvə toplantısında Türk Şurasının rəsmi adı dəyişdirilərək Türk
Dövlətləri Təşkilatı adlandırıldı. Türk Şurasının yaradılmasında məqsəd
türkdilli ölkələr arasında əməkdaşlığı dərinləşdirmək, regional sülh və
sabitliyə töhfə vermək olub. Razılaşmaya əsasən, ölkələr xarici siyasət
məsələlərində vahid mövqedən çıxış etməli, terrorizm və cinayətkarlığa
qarşı mübarizədə fəaliyyətləri əlaqələndirməli, ticarət və investisiyalar üçün
əlverişli mühit yaratmalı, hərtərəfli iqtisadi inkişafı təmin etməli, elm,
texnologiya, elmi-texniki sahədə əməkdaşlığı genişləndirməlidir.
Türk dövlətlərinin birliyindən danışarkən ilk olaraq Azərbayca-Türkiyə
dostluğu, qardaşlığıdır. Məsələn, 2020-ci ildə dünya İkinci Qarabağ
müharibəsi dövründə türk dünyasının, ən əsası Türkiyənin və Azərbaycanın
əzminin, prinsipiallığının və qüdrətinin şahidi oldu. 44 gün ərzində
Azərbaycan Türkiyənin mənəvi dəstəyi ilə Ermənistan üzərində tam hərbi
Qələbə qazandı. Bu gün Azərbaycanın işğaldan azad olunmuş
torpaqlarında geniş quruculuq-bərpa işləri aparılır. Bu işdə Azərbaycan
yenə də tək deyil. Qarabağın yenidən çiçəklənməsində qardaş Türkiyə
başda olmaqla digər türkdilli dövlətlər də öz dəstəyini əsirgəmirlər.
Azərbaycanın ərazi bütövlüyünü istər işğal dövründə, istərsə də İkinci
Qarabağ müharibəsindən sonra daim dəstəkləyən digər dövlətlər
Qazaxıstan və Özbəkistandır. Dost ölkə Qazaxıstan işğaldan azad olunan
torpaqlarımızın abadlaşdırılması işində yaxından iştirak edir.
Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edən Prezident
İlham Əliyev keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü
üçün “Böyük Qayıdış” proqramının icrasına başlandığını diqqətə çatdıraraq
qeyd etdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş
torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda
olub. Zəngəzur dəhlizinin regional əhəmiyyətindən danışan ölkə başçısı
İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün
yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal
şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət
həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri
faydalanacaqdır.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü