Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə Beynəlxalq Muğam Mərkəzində tədbir keçirib.
16-11-2022, 12:45
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər. Daha sonra Vətən müharibəsində şəhid olmuş soydaşlarımızın məzarları ziyarət edilib və məzarların önünə gül dəstələri qoyulub.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıb. Vurğulayıb ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır: “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. 30 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib”.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov YAP-ın 30 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək Azərbaycanın bugünkü uğurlarının fonunda dünənimizə nəzər salaraq cəmiyyətin aparıcı qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillərdən danışdı. Eldar Əzizov bildirdi ki, 1992-ci ildə dərin böhran içində olan Azərbaycan parçalanma, dağılma təhlükəsi ilə üzləşmişdi. Məhz bu zaman yeni yaranan partiyanın rəhbəri seçilən Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtdı, ölkəni anarxiyadan sabitliyə, iqtisadi böhrandan tərəqqiyə doğru apardı. Bu gün onun siyasi kursunu möhtərəm Prezidentimiz cənab İlham Əliyev layiqincə davam etdirir. Cənab Prezidentin rəhbərliyi ilə ölkədə bütün sahələrdə islahatlar aparılır, regionların inkişafı göz qabağındadır. Ən böyük nailiyyətimiz Vətən müharibəsindəki Qələbəmiz oldu. Son 200 il ərzində ilk dəfə öz əzəli düşmənimizə qalib gəlib torpaqlarımızı azad etdik. Bu gün azad edilən torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır. Bütün bunlar dahi insan İlham Əliyevin siyasətinin nəticəsidir.
Bu gün Yeni Azərbaycan Partiyası üzvlərinin sayı artır, partiyada gənclərin sayı çoxalır. Bu da əminliklə deməyə əsas verir ki, partiya bu günün, sabahın, gələcəyin partiyasıdır. Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri də Ulu Öndər Heydər Əliyev irsini dərindən öyrənmək, Prezident İlham Əliyevin siyasətini təbliğ etməkdir.
Toplantıda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Vuqar Zeynalov, Yeni Azərbaycan Partiyasının Veteranlar şurasının üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzov, Yeni Azərbaycan Partiyasının Veteranlar şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatı Nigar Arpadarai, şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova, Vətən müharibəsi qazisi Haşım Mədətov və başqaları bildiriblər ki, müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Tədbirdəki çıxışlar arası mədəniyyət xadimləri və Səbail rayonunun musiqi məktəblərinin şagirdlərinin ifaları səsləndirilib, sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Teref.az