Polis əməkdaşları Qubada ucqar kənd məktəbliləri ilə görüşüblər
25-11-2022, 12:15
“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən Quba RPŞ-nin Qonaqkənd Polis Bölməsinin rəisi, polis kapitanı Anar Xankişiyev narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. O, son aylarda Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb. Çıxışının sonunda isə A.Xankişiyev gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.
Həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru Orxan Şahmarov məktəblilərə erkən nikahın fəsadlarından bəhs edib. O, hər bir məktəblinin oxumaq, ali təhsil almaq və zamanı gələndə işləmək hüququnun olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.