Azərbaycan regionda sülhün təminatçısıdır

8-12-2023, 00:04           
Azərbaycan regionda sülhün təminatçısıdır
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Bu mötəbər tədbirdə 30 ölkəni təmsil edən 60 xarici ekspert iştirak edib.
Prezident İlham Əliyev Forumdakı geniş məzmunlu çıxışında bir sıra məsələlərə toxunub və aydınlıq gətirib. Bildirib ki, bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunması vacib məsələdir, bu selektiv olmamalıdır və onun həyata keçirilməsi hamı üçün məcburidir. Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirməsi üçün Azərbaycanın suveren hüququ idi.
Qarabağ ermənilərinin nümayəndələri ilə təmasların qurula biləcəyinə ümid etdiyini bildirən ölkə başçısı təəssüflə qeyd etdi ki, orada hakimiyyəti bir növ inhisarçılığa götürmüş insanlar buna imkan vermədilər. Sentyabr ayında isə Ermənistan baş nazirinin dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi münasibətilə təbriki və sonra separatçılara təbrik məktubunun göndərilməsi tamamilə qəbuledilməz bir hal idi. Ermənilərin bu və digər biri birinə zidd hərəkətləri isə sentyabrın 19-dakı lokal antiterror tədbirlərini qaçılmaz etdi.
Ölkə başçısı qeyd etdi ki, bizim Avropa İttifaqı ilə, Avropa Komissiyası ilə çox yaxşı münasibətlərimiz və sıx təmaslarımız var. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Bizim xarici ticarətimizin təqribən 50 faizi Avropa İttifaqına üzv olan dövlətlərlə aparılır. Azərbaycanın Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlığa dair bəyanatlar qəbul etdiyini xatırladan dövlətimizin başçısı deyib: “Bu da Avropa İttifaqının üçdəbiri deməkdir. Bu, onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Şəxsən mən və Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləmişik ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik”.
Azad edilən ərazilərdə aparılan quruculuq işləri və məcburu köckünlərin öz döğma yurdlarına qayıdışının təminatı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev həm də həmin ərazilərdə mövcud olan minalar məsələsinə də toxunaraq bildirib: “Biz istəyirik ki, proses mümkün qədər tez getsin. Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq”.
Vurğulanıb ki, keçmiş məcburu köçkünlər üçün işğaldan azad edilən ərazılərdə lazımi şərair yaradılır, onlar layiqli iş yerləri ilə təmin ediləcəklər. Çünki bu ərazilərə köçürülənlər üçün məşğulluq məsələləri çox vacib məsələdir. Qayıdış prossesi planlı şəkildə həyata keçirilir və doğma yurdlarına qayıdan insanların əksər hissəsi artıq burada iş yerləri ilə təmin ediliblər.
İkinci Qarabağ müharibəsindən sonrakı illər ərzində Qarabağ ermənilərini öz vətəndaşlarımız hesab etdiyimizi xatırladan dövlətimizin başçısı bildirib: “Bu, hər hansısa separatçı liderlər tərəfindən manipulyasiya predmetinə çevrildi. Biz isə onlara elə bir şərait yaratmağa hazır olduğumuzu bildirdik ki, onlar həmin o sahədə qalıb yaşaya bilərdilər və bu, - artıq söylədiyim kimi,- beynəlxalq hüquqa tam uyğun idi. Təbii ki, onlar bu qaydalara uyğun olaraq Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilərdilər. O ki qaldı, onların təhlükəsizliyinə, onların hüququna, bu məsələ də öz həllini tapmışdır. Təhlükəsizlik Azərbaycanın Konstitusiyasına və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq təmin edilməlidir”.
İşğal dövründə Minsk qrupunun həmsədrlərindən münaqişənin hərbi yolunun olmaması ilə bağlı vahid mövqe eşitdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz sübut etdik ki, hər üç ölkə yanılırdı. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq, onlar yanılırdılar. Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız buna müvəffəq olmayacaqsız. Lakin biz bunu sübut etdik ki, bu münaqişənin hərbi yolu var. Bu münaqişə 3 il bundan əvvəl həll edildi”.
Vurğulanıb ki, Qarabağda əsas maneə burada basdırılmış minalardır. Bunun üçün maliyyə ehtiyatları səfərbər edilib. “Qarabağın yenidən qurulması bizim sərmayə proqramımızın əsas hissəsini təşkil edəcək. Qarabağ bizim üçün ən yüksək prioritetdir. Çünki insanlar da öz yerlərinə qayıdacaqları vaxtı gözləyirlər”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
Ermənistanın bəzi Avropa paytaxtlarında xeyli “müşavirləri”nin olduğunu qeyd edən ölkə başçısı bildirib ki, “Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir”. Dövlətimizin başçısı qeyd edib: “İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə, müharibə olmasın, bununla bağlı qarantiya olsun”.


Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.